Apteklər yeni tələblərlə işləyəcək

15 Dekabr 2015 17:18 (UTC+04:00)

Azərbaycanda yeni tələblərə əsasən, apteklər 4 qrup üzrə fəaliyyət göstərəcək.

Səhiyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin Analitik Ekspertiza Mərkəzinin yeni rəhbərliyinin göstərişi ilə “Etibarlı Aptek Təcrübəsi” (GPP) və “Etibarlı Distribüter Təcrübəsi” (GDP) tələblərinə istinadən yeni tələblərin hazırlanması üçün məsul şəxslər təyin edilib. Yeni tələblərin hazırlanması üçün “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu, Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tələbləri, GPP və GDP tələbləri və bir sıra digər ölkələrin bu sahədə olan təcrübələri istifadə edilib.

Aptek müəssisələrinin təsnifatında dəyişikliklər edilib. Mövcud tələblərdən fərqli olaraq, yeni tələblərdə 4 qrup aptek müəssisəsi göstəriləcək. Yeni tələblərə əsasən, yalnız 1-ci kateqoriyaya aid olan apteklər həkim resepti əsasında dərmanların hazırlanmasını həyata keçirə biləcək. Daha bir yenilik isə aptek müəssisələrində xəstəliklərin profilaktikasının təbliğatına və erkən simptomların aşkarlanmasına istiqamətlənmiş tədbirlərin keçirilməsi məqsədilə diaqnostik test üsullarından (qanda şəkərin miqdarı, bədən hərarətinin, arterial təzyiqin) istifadə edilməsidir. Hazırlanan yeni qaydalara əsasən, aptek müəssisələri özəl klinikanın və topdansatış əczaçılıq müəssisəsinin nəzdində təşkil olunduqda inzibati-məişət sahələrinin (anbar otağından başqa) ümumi olmasına yol verilir.

Topdansatış əczaçılıq müəssisələrinin yaradılması və fəaliyyətini tənzimləmək məqsədilə hazırlanan tələblərdə olan yeniliklər isə əcza-deponun korroziyaya və kimyəvi təsirlərə davamlı olan xüsusi örtüklü metal konstruksiyalı stellajlarla təchiz edilməsidir. Hazırlanan tələblərə əsasən, topdansatış əczaçılıq müəssisəsinin minimal sahəsi 250 kv.m olmalı, anbarda dərman preparatlarının saxlanma şəraitinə (temperatur, rütubət, işıqdan qorunma və s.) ciddi riayət edilməlidir.

Həm aptek, həm də topdansatış əczaçılıq müəssisələrində Azərbaycanın qanunvericiliyi ilə müəyyən edilmiş sanitar-epidemioloji və yanğın əleyhinə normalara, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməlidir.

Yeni tələblərin hazırlanması artıq bitmək üzrədir.