Adil Əliyevdən Araz Əlizadəyə cavab

16 Dekabr 2015 13:40 (UTC+04:00)

Milli Məclisin deputatı Adil Əliyev Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən danışıb. O, həmçinin Rusiya qırıcısının Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasında yaşanan proseslərə toxunub.

Deputat qeyd edib ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir: “Bu, sıradan bir söz deyil. Yaxın tariximiz iki qardaş dövlət arasındakı münasibətlərin möhkəm təməl əsasında qurulduğunu göstərir. Onlarla misal çəkmək olar, ancaq elə bircəciyi yetərlidir: Türkiyənin Azərbaycan torpaqlarını işğal edən dövlətlə diplomatik münasibətləri yoxdur, sərhədi bağlıdır, qardaş dövlət torpaqlarımızın geri qaytarılmasını və Azərbaycanın ərazi bütövlüyünü təmin edilməsi tələbini hər fürsətdə təkrarlayır. Buna baxmayaraq, sağda-solda bəziləri Türkiyə və türklüyü ”tənqid" adıyla aşağılamağa çalışır, bölgədə baş verən hadisələr fonunda “Türkiyə haqsızdır” kimi fikir ortaya atırlar. Bunu başqa ölkənin deputatlarından və ya ermənipərəst “siyasi” ekspertlərindən gözləmək olar, ancaq hansısa Azərbaycan vətəndaşının bu fikirlərə qoşulması və bir az daha “irəli getməsi” nankorluqdan başqa bir şey deyil. Təəssüf ki, adını millət vəkili qoyan bir kəs də Türkiyəni aşağılamaqdan sanki həzz alır. Ancaq həmin şəxs unutmasın ki, bir gün bölgədə vəziyyət gərginləşsə, Azərbaycana qarşı təxribatçı planlar ortaya atılsa, dövlətimizin və millətimizin köməyinə özünü birinci yetirən dövlət Türkiyə olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkənin baş naziri Əhməd Davudoğlu ilə son görüşündə dediyi Azərbaycan hər zaman Türkiyənin yanındadır, Türkiyəni dəstəkləyib və dəstəkləyəcək" açıqlamasını da nankorlar qulaqlarında sırğa etsinlər".

Qeyd edək ki, V çağırış Milli Məclisə seçkilərdə deputat seçilən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib: “Ağlı başında olan hər kəs bilir ki, Rus-Türk gərginliyində Türkiyə haqsızdır”.

Onun fikrincə, münasibətlərin korlanmasında rəsmi Ankara birbaşa təqsirkardır.

Bundan başqa A.Əlizadə türkləri və tarixçiləri tənqid edib: “Bizim türklərlə heç bir bağlılığımız yoxdur, azərbaycanlılar Hind-Avropa irqinə aiddir. Bir türk deyilik, azəriyik. 1990-cı illərdə bizim türk kökənli olmağımızı bisavad xalq cəbhəçiləri ortaya atıblar və bunu da gənclərin beyninə yeridiblər”.

Nərgiz