Azərbaycanda Sertifikasiya Şurasının səlahiyyətləri dəyişdirildi

19 Dekabr 2015 11:07 (UTC+04:00)

Azərbaycanda “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na dəyişikliklər edilib.

Teleqraf.com Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dəyişikliyə əsasən Sertifikasiya Şurasının səlahiyyətləri ilə bağlı maddə yeni redaksiyada verilib.

Dəyişikliyə əsasən, Sertifikasiya Şurası səhiyyə mütəxəssislərinin sertifikasiyasının aparılmasını təşkil edir, sertifikasiya imtahanlarının suallar toplusunu təsdiq edir, sertifikasiya işinə cəlb olunmuş mütəxəssislərin fəaliyyətinin əsaslarını və iş qaydasını müəyyən edir, sertifikasiya imtahanlarının yekunu üzrə səhiyyə mütəxəssislərinə şəhadətnamə verilməsi məsələsini həll edir, sertifikasiya imtahanının aparılması və nəticələri ilə bağlı ərizə və şikayətlərə baxır, Şuranın iclaslarında baxılan məsələlər üzrə qərarlar qəbul edir, bu qərarların icrasına nəzarət edir.

Dəyişiklikdən əvvəl isə Sertifikasiya Şurasının səlahiyyətlərinə səhiyyə mütəxəssislərinin sertifikasiyası üçün test və müsahibələrin qrafikini müəyyən etmək, test imtahanlarının suallar toplusunu təsdiq etmək, müsahibələrin keçirilməsi üzrə İxtisas komissiyalarını təşkil etmək, onların fəaliyyətinin əsaslarını və iş qaydasını müəyyən etmək, test və müsahibənin yekunları üzrə səhiyyə mütəxəssislərinə şəhadətnamə verilməsi məsələsini həll etmək, sertifikasiya prosesi, test və müsahibənin nəticələri ilə bağlı ərizə və şikayətlərə baxmaq, Şuranın iclaslarında baxılan məsələlər üzrə qərarlar qəbul etmək, bu qərarların icrasına nəzarət etmək daxil idi.