“Tamaşaçı pərdə açılan kimi hadisə görməlidir” - BRİFİNQ

19 Dekabr 2015 13:46 (UTC+04:00)

“Brifinq”in qonağı xalq artisti İlham Namiq Kamaldır. Gənclərin potensialını yüksək qiymətləndirən “Şöhrət” ordenli aktyor onların maddi vəziyyəti ilə bağlı problemləri dilə gətirdi, üzərində işlədiyi yeni tamaşa barədə məlumat verdi. Gənc və yaşlı nəsil arasında yaşanan gərginliyə toxunan aktyor çıxış yolunu göstərdi. Teatr səhnəsini ağır orqanizmə bənzədən İlham Namiq Kamal sənətə gəlişini və uşaqlığını xatırladı.

Nərgiz Ehlamqızı: Hər gün sübh çağı bütün Feysbuk sosial şəbəkəsindəki dostlarınızı salamlayıb onları tez oyanmağa çağırırsınız. Bəs bu gün ənənənizə sadiq qalmısınız?
- Bu gün də Feysbuk dostlarımı salamlamışam. Uzun illərdir səhər tezdən təxminən 6:00-da oyanıram. Yarım saatımı Feysbuka həsr edirəm, səhər yeməyindən sonra evin hambalçılığını edirəm (gülür). Bazarlıqdan sonra Mədəniyyət və İncəsənət Universitetində dərsə və teatra məşqə gedirəm.

N.Ehlamqızı: Bir sözlə, günə Feysbukla başlayırsınız?
- Bəli, çünki istər-istəməz iki kəlmə xoş söz deyəndə düşünürəm. Düşünəndə də beyin bir az da sərrast və sürətli işləyir. Feysbukda dostlarım jurnalistlər, yazıçılar, şairlər, rəssamlar, teatr işçiləridir. “Volk odinoçka”, “Məndən yoxdur” adlı profillərdən də dostluqlar gəlir, amma belə “dostlar” bizlik deyil, onların öz aləmləri var (gülür).

Qurban Yaquboğlu: Bazarlığı özünüz etdiyinizi dediniz, ailədə mühafizəkarsınız?
- Atam da, babam da o işləri özü görüb. Mən alan əti ailə üzvlərim ala bilmir. Yadıma gəlir, rəhmətlik atam mən birinci sinifdə olanda ikinci növbədə oxusam da, tezdən oyadıb bazara aparırdı. “Beşmərtəbə”nin yuxarısında kömür meydanı vardı, mən də fikirləşirdim ki, atam deyibsə, getməliyəm, başqa əlacım yoxdur. Atam deyirdi ki, bax o alma necədir? Mən də qayıdırdım ki, pis deyil, o isə: “yox”, o biri almaya bax, gör nə deyir? Deyir “al məni”, üzümüzə işıldayır. Həmişə deyirdi ki, nə alırsan, al, yarım kiloqram olsa da, sağlam məhsul al. Babam atamı, atam məni, mən də öz oğullarımı öyrədirəm. Bu, artıq ənənəyə çevrilib.

“Həsən Məmmədovla Rəmiş qonşuluqda kirayənişin idi”

Q.Yaquboğlu: Necə oldu Bakıya gəldiniz?
- Nəslimiz Şamaxının Sarıtorpaq məhəlləsindəndir. Babam ikinci zəlzələdən sonra Bakıya gəlib ev tikib. İndiki Murtuza Muxtarov küçəsində “Axund” adlanan hamam vardı, o hamamdan aşağıda babam həyət tikmişdi. Hətta məşhur adamlar - Hacı Məmmədov, Sona Aslanova bizim kirayəşinlərimiz olub. Uzun illər kinostudiyanın direktoru olmuş Ziyafət Abbasovun atası ilə babam çox yaxın olub. O məhəllə ziyalı məhəlləsi idi. Qapı qonşumuz Cahangir Aslanov idi. İmran Qasımov, balaban ustası Bəhruz Zeynalov qonşularımız olub. Evimizin yuxarısında Həsən Məmmədov, Rəmiş kirayənişin idi. Gözümü açandan ziyalıları görmüşəm.

Q.Yaquboğlu: Atanız hansı peşənin sahibi idi?
- Atam mühəndis-energetik idi. Babam Ağa Cəfər kişi tacir idi, Türkiyə, Hindistan, Əfqanıstandan manufaktura gətirirdi. O vaxt manufaktura dükanları çox idi, gətirib dəzgahları o dükanlara təhvil verirdi. İlk manufaktura tacirlərindən biri olub, səhv etmirəmsə, tarix kitabında da adı var.

Q.Yaquboğlu: Siz niyə ticarəti seçmədiniz?
- Belə qismət imiş (gülür). Nəsildə mənim filoloq olmağımı istəyirdilər. Filologiyaya qəbul imtahanı avqust ayında keçirilirdi, iyulda isə sənədlərimi verib İncəsənət İnstitutuna qəbul oldum. Məktəb illərində mədəniyyət evlərindəki dərnəklərə gedirdim. Necə ki indi idman bumu var, o vaxtlar da teatr bumu vardı. Əməkdar artist Məmmədağa Dadaşov bizi öyrədirdi. 2-3 sinif sonra xalq artisti Lütfi Məmmədbəyov bizə dərnəkdə dərs keçdi, bizləri öz balası kimi sevirdi, hətta bizi imtahan üçün hazırlaşdırmağa başladı.

Nərmin Muradova: Qardaşınız Cəfər Namiq Kamal dərnəyə Sizinlə eyni vaxtda gedirdi?
- Bəli, birgə gedirdik. İmtahanın necə olacağını bilmirdik, Lütfi müəllim bizi imtahan üçün hazırlaşdırdı. Bu cür xeyirxah insanların diqqəti üzərimizdə çox olub.

Q.Yaquboğlu: Amma nəslin tapşırığını yerinə yetirmədiniz, onlar filologiyanı istəyirdi, Siz aktyor oldunuz...
- İnstituta qəbul olunanda deyirdilər ki, sən nə edəcəksən? Amma sonra etimadı doğrultdum (gülür).

N.Muradova: Artıq 2015-ci ili arxada qoyuruq, bu ili necə keçirdiniz?
- Qarşıdan meymun ili gəlir, vallah, dəhşət olacaq. Dostlarla da əyləşəndə həmişə deyirəm ki, il qurtarır, gəlin, il necə varsa, çatışan və çatışmayan cəhətləri ilə xoş yola salaq, yaxşı niyyətlər edək. Çünki istəsək də, istəməsək də bu ili yaşamışıq. 2015-ci il qeyri-adi il olmasa da, yaxşı oldu. Düzdür, təltif, mükafatlar olmadı, amma ailəmdə yenilik oldu, nəvəm dünyaya göz açdı.

N.Muradova: Bəs yeni tamaşalarınız oldu?
- Oldu, indi də bir əsər üzərində iş gedir, qoyun ilində başlamışam, meymun ilində təhvil verməliyik. Sabit Rəhmanın “Əliqulu evlənir” adlı pyesi 40 il bundan əvvəl “Azdrama”da tamaşaya qoyulmuşdu. Musiqili Teatrın rəhbərliyi ilə söhbət elədik, o pyes əsasında libretto yazdım. Bizim teatrda mahnılar, rəqslər olmalıdır. Dostum Baba Vəziroğlunu dəvət etdik, o, mahnıların şeirlərini yazdı, yaradıcı dostum Oqtay Rəcəbov isə operettanın musiqisini yazdı. Böyük miqyaslı işdir, inşallah, qismət olsa, gələn il təqdim edəcəyik. Meymunun da qabiliyyəti, hörməti var da, bizə imkan yaradacaq ki, işimizi görək (gülür).

N.Muradova: Təltiflərdən danışdınız, səhv etmirəmsə, bütün mükafatlarla təltif olunmusunuz, xalq artisti adını, “Şöhrət” ordeni almısınız. Almadığınız hansısa mükafat qalıb?
- Səmimi deyirəm, mən öz işimlə məşğul olmuşam, heç bir qapı tanımamışam. Mütəmadi işləmişəm, teatrın rəhbərliyi də, Prezident də işimi qiymətləndirib vaxtında mükafatlarımı da, təqaüdümü də təqdim edib.

“Aktyorun qüruru olmalıdır”

N.Ehlamqızı: Gənc və orta yaşlı aktyorların maddi problemləri çoxdur və daim müzakirə olunur. Bunun həlli üçün, Sizcə, hansı addımlar atmaq lazımdır?
- Bu məsələ ilə əlaqədar 3 il bundan əvvəl möhtərəm Prezidentə məktub da ünvanlamışdım. Əlbəttə, incəsənətə qayğısına görə ona təşəkkür edirik. Amma həmçinin bu gün öz tələbələrimin normal yaşaması və ehtiyacının ödənilməsi barədə məktub yazmışdım. İstər qız, istərsə də oğlan universiteti bitirəndən sonra istedadlıdırsa, teatra gedir. Onu da qeyd edim ki, 2 nəfərdən artıq tələbə teatra üz tutmur, çünki teatr çox çətin orqanizmdir. Ona gərək dözə biləsən. Səhər məşqə gəlir, günorta rəqs məşqi olur, sonra orkestrlə oxumalıdır, axşam da tamaşada oynamalıdır. Bəs bu gənclər necə həyat qurub yaşasın? Qızdırsa, necə ailə həyatı qursun, oğlan necə evlənsin? Bu məsələlər məni çox narahat edir. Buna görə də Prezidentə gənc aktyorların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müraciət etdim. Cavab da gəldi ki, müəyyən islahatlar olanda bu məsələlər həll ediləcək. Məncə, ölkədə iqtisadi inkişaf varsa, bu iş də həllini tapmalıdır. Çünki ziyalı öz işi ilə məşğul olmalıdır. İstedadlı oğlanın teatrdan başqa yüngül serialda çəkilməsi, məclis aparması onu yorar. Aktyorun qüruru olmalıdır. Özündən asılı olmayaraq davranışından tutmuş geyiminədək nümunə göstərməlidir. Eyni zamanda xahiş etmişdim ki, bütün məktəblərdə dram dərnəkləri fəaliyyət göstərsin. Əvvəllər ən ucqar kəndlərdə də dərnəklər vardı. Dərnəklərdə uşağın istər-istəməz teatra qarşı öz münasibəti, sevgisi olur. Bizdə teatra sevgi o cür yaranmışdı. İndi idmana böyük münasibət var, uşaq futbol məktəbləri fəaliyyətə başlayıb. Məktəblərdə dram dərnəkləri yox dərəcəsindədir. Mədəniyyət Nazirliyinin müəyyən rayonlarla əlaqələri hesabına xalq teatrları fəaliyyətdədir. Amma bir güllə bahar ola bilməz. Məktəblərdə əməkdar artistlər dram dərnəyində çalışırdı. Uşaq deyirdi ki, mən filan aktyoru filmdə görmüşəm, bizimlə dərnəkdə bir səhnə hazırlayır, şeirin deyilmə qabiliyyətini bizə öyrədir. Düşünürəm ki, bu, incəsənətə böyük köməkdir.

“Ali məktəblərdə tərbiyə dərsi keçirilməlidir”

Q.Yaquboğlu: Jurnalistikada yaşlı nəslin nümayəndələri bu sahəyə təzə gələnlərdən razı deyil. Çoxu elementar şeyləri bilmir, səviyyə aşağıdır. Aktyorluq sənətində vəziyyət necədir?
- Bu gün məni düşündürən məsələlərdən biri davranışdır. Universitetə qəbul olan tələbəyə baxırsan, istedadlıdır, amma insan kimi mədəniyyəti yoxdur. Heç bir nəcib insan dəhlizdə qışqıra-qışqıra getməz. Ötən gün açıq dərs idi, tələbəyə sənətlə bağlı fikirlərimi deyirəm, insani baxımdan başa düşmür. Məcbur olub dedim ki, bizim vaxtımızda Deyl Karneginin 3-4 kitabı vardı, “insan özünü həyatda necə aparmalıdır”, “dost necə olmalıdır” kimi məsələlərə aydınlıq gətirilib. Kitablar rus dilində idi, tələbələr bir-birinə ötürüb oxuyurdu. Tövsiyə etdim ki, indi kitab köşkündə 4 kitabın hamısının Azərbaycan dilində tərcüməsi var. Qayıdırlar ki, onu biz haradan tapaq? Belə paradokslar var. Məncə, bütün ali məktəblərdə də gərək birinci tərbiyə dərsi keçilsin. İnsanı tərbiyəsi idarə edir.

N.Muradova: Serial rejissorları şikayətlənirlər ki, Mədəniyyət və İncəsənət Universitetində təhsil alan gənclərdə faktura yoxdur. İrad tuturlar ki, onları kim, necə və hansı prinsip əsasında seçib? Deyirlər ki, görünüş baxımından aktyor və aktrisa tapa bilmirik...
- O rejissorların özlərinin görünüş tərəfi var? Buna birtərəfli cavab verə bilmərik. Bilmirik o nə fikirlə deyir, səviyyəsi necədir? Azərbaycanda nə də olmasa, aktyor məktəbi çox yüksəkdir. Dünən də belə idi, bu gün də belədir, sabah da elə olacaq. Çünki potensial var. Bineyi, qədimdən istedadlar Şirvandan, Bakıdan gəlib. Abbas Mirzə Şamaxıdan idi, yerlipərəstlik etmirəm, Şamaxı balasıyam, amma Azərbaycan oğluyam. Xanəndələr Qarabağ bölgəsindən çıxır, mən Alim Qasımovu da ata bilmərəm axı, novatorluq da var. Azərbaycan torpağı müğənni də, aktyor da, mütəfəkkir də yetişdirib. İndiki gənclərimiz də çox istedadlıdır.

N.Muradova: Son illər teatr sahəsində çox islahatlar oldu, binalar təmir edildi, bunun keyfiyyətə təsir oldumu?
- Son illər bütün teatrlar məbəd səviyyəsindədir. Qonağın gəlsə, hansı teatra aparsan, maddi-texniki bazanın yüksək səviyyədə olduğunu göstərə bilərsən. İşıq effektləri çox gözəldir. Elə dövrlər vardı ki, şadlıq evlərində olan çıraqban lampalar heç bir teatrda yox idi. İndi səs aparatı yüksək səviyyədədir. Əlbəttə, bütün bunlar tamaşanın təqdimatına təsir edir. Teatrın astanasından içəri girəndə gördüyümüz gözəllik, səliqə insana ləzzət edir.

N.Muradova: İnsanlar təmirli teatrda keyfiyyətli, yaxşı tamaşaya baxmaq istəyir...
- Əlbəttə, tamaşaçı tələb etməlidir. Tamaşalar gəncləri maraqlandıran mövzularda olmalıdır ki, ona gəlib baxsınlar. Ola bilsin, əsər hansısa müəyyən vaxtda yazılsın, amma onu bugünə uzlaşdırmaq lazımdır.

Dilqəm Əhməd: Sabit Rəhmanın əsəri üzərində çalışdığınızı dediniz. Bu əsər bu günlə səsləşir? Niyə keçmiş əsərlərə üz tutulur?
- Çox aktualdır. Vəzifə hərisliyi, pul və məhəbbətdən bəhs edilir. Bugünkü vəziyyətdir, kim vəzifə üçün çarpışmır?

D.Əhməd: Gənc müəlliflərin yazdığı yeni əsərlər yoxdur?
- Yazsalar, çox maraqlı olar, amma yoxdur axı. Dramaturgiya sahəsi çətindir. Orada hadisə olmalıdır. Bizdə əsasən ritorikadır. Tamaşaçı pərdə açılan kimi hadisə görməlidir.

N.Muradova: Başqa teatrların tamaşalarına gedib baxırsınız? Qardaşınızın çalışdığı “Azdrama”dakı tamaşaları izləyirsiniz?
- Axırıncı dəfə “Sənətkar” tamaşasına baxdım, maraqlı idi. Hansı teatr olur-olsun, yaxşı tamaşa varsa, bizim məhsulumuzdur, öz tamaşamız sayırıq. Kukla Teatrında da elə tamaşa olur ki, ona ləzzətlə baxırıq. Bu yaxınlarda yeni variasiyada “Dəli yığıncağı”na baxdım. Başqa aspektdə təqdim olunurdu. Çox cəsarətli iş idi. Rejissor İradə Gözəlova ilə görüşəndə xırda nüansı qeyd elədim, təklifimlə razılaşdı, dedi, bu barədə düşünərəm. “Azdrama”da Mehdi Məmmədovun quruluşunda bu tamaşada ifa etmişəm. Hər bir rejissor əsərə öz fantaziyasını şamil edir. Şərt o deyil ki, rejissor əsəri yazılan kimi tamaşaçıya təqdim etsin. Təsəvvür edin ki, rejissor böyük rəssamdır, yanındakı aktyorlar da güllərdir - qızılgül, qərənfillər, o isə sanki fırçanı götürüb əzaların üstündə şəkil çəkir. Ona söz lazım deyil. Rejissorun məharəti ondadır ki, hərəkətdən nə demək istədiyini başa düşəsən. Fransız, italyan tamaşası ola bilər, dili bilməsən də, hərəkətlərdən tamaşanı başa düşürsən. Nə vaxta qədər ki, Azərbaycan teatrında aktyorlar asılqan kimi dayanıb bir-biri ilə danışacaq, o, sənət olmayacaq.

N.Muradova: Gənclərin teatrlarda özünütəsdiq məsələsində problemləri yaranır, yaşlı nəsillə tez-tez mübahisələr düşür. Nəticədə tamaşalar yarımçıq qalır, yenidən rejissorlar gəlir...
- Teatrda yaşlı və ya cavan ayrı-seçkiliyi olmamalıdır. Yaşından asılı olmayaraq hər bir insan zəmanəsinin müasir fərdi olarsa, burada heç bir problem yaranmaz. Kim ki arxaik danışır, onun özü arxaikdir. Ağasadıq Gəraybəyli 92 yaşında “Natəvan” tamaşası üçün səhnəyə çıxırdı, gələndə də, çıxanda da alqışla qarşılanırdı. Heç böyük də rolu yox idi, amma tamaşaçı onu səhnədə çox sevirdi, müasir insan idi.

“Yaradıcı insanla mübarizə aparmazlar”

N.Ehlamqızı: Rol bölgüsü problemi əksər teatrlarda aktyorlar arasında yaşanır. Son vaxtlar “Azdrama”da bu məsələ pik həddə çatdı, böyük qalmaqal oldu. Bu məsələ ilə bağlı mövqeyiniz necədir?
- Mən ümumiyyətlə, qalmaqalın əleyhinə olan insanam. Yaradıcı insanla mübarizə aparmazlar. Çünki o, yaradıcı insandır, nədənsə narazıdırsa, mən ona əlavə olaraq 2 dənə də baş rol verərəm, qoy onun yükünü çəksin görüm çəkə bilirmi? Amma xırda hisslərlə mübarizə aparmaq düzgün deyil.

“Elə insanlar var ki, afişanı şöhrət kimi qəbul edir”

N.Muradova: Siz “Azdrama”dan niyə getdiniz?
- 2005-ci ildə cənab nazir Əbülfəs Qarayev belə məsləhət gördü ki, Musiqili Teatra gedim. Çünki Hacıbaba Bağırov da xəstə idi, Allah ona rəhmət eləsin, çox gözəl insan idi. Mənim dostum, qardaşım Hüseynağa Atakişiyev gəlib 3 il “Azdrama”da işlədi, sonra işləməyə imkan vermədilər. Bizim titullu yazıçı, şairlər dedi ki, bizim əsər tamaşaya qoyulsun. Başa düşmürlər ki, dramaturgiya roman yazmaq deyil. Elə insanlar var ki, afişanı şöhrət kimi qəbul edirlər. Qardaş, bu, sənin xörəyin deyil axı, sən romanını yaz da. Maksim Qorkinin “Həyatın dibi” əsərindən tamaşa hazırlamışdı, o vaxt raykoma yazmışdılar ki, “pasyak”lardan tamaşa hazırlayıb. Heç dəxli var? Yaxşı əsəri tamaşaya qoyarlar da. O da axırda gedib öz teatrını açdı, mən də gedib 7-8 əsərində rol oynadım. 1990-cı ildə Musiqili Teatrda rus heyəti vardı, “İtalyansayağı boşanma” tamaşasını hazırladılar, dedim rus dilində yaxşı bilmirəm, mənim üçün çətin olacaq, Cənnət Səlimova dedi, oynaya bilərsən, gördüm, mətn ikinci dərəcəli imiş, sözü bildin, hisslərinlə oynayacaqsan. Tamaşa da orada xeyli getdi. Gərək rejissoru da bezdirməyəsən, öz üzərində elə ürəklə işləyəsən ki, sabah rejissor səni tamaşaya çağırsın da.

Ruslan Xəlil: Siyasi proseslərlə maraqlanırsınız? Bir neçə siyasi hakimiyyətlərin dövründə aktyor kimi çalışmısınız, siyasətin təsirini hiss eləmisiniz?
- Bizim sənətimiz tamaşaçılara nə aşılayır? Yaxşı və pisi, xeyir və şərin xüsusiyyətlərini göstəririk. Dövlət birdir və öz siyasəti var. Sənin sənətin nədir? Cilddən cildə girmək qabiliyyətidir. Cəmiyyətin çatışan və çatışmayan cəhətlərini göstərirsən. Bir gün padşah, sabah nökər, biri gün biznesmen rolunu oynayırsan. Hər bir insanın öz işi ilə məşğul olması dövlət siyasətidir də. Mən həmişə öz işimlə məşğul olmuşam.

R.Xəlil: Aktyorun siyasiləşməsi təhlükəlidir, yoxsa siyasətçinin aktyorlaşması?
- Aktyorun siyasəti o olmalıdır ki, o, öz obrazları ilə insanları heyrətləndirsin və müasir qalsın.

“Elə vəzifəli adamlar tanıyıram ki, səhərdən axşama kimi oynayır”

R.Xəlil: Siyasətçilərdə aktyorluq hiss edirsiniz? Cilddən-cildə girən siyasətçilər var?
- Biz iki saat yarım ərzində 1 obraz oynayırıq, orada tərləyirsən, ürəyin ağrıyır, təzyiqin də qalxır, amma elə vəzifəli adamlar tanıyıram ki, səhərdən axşama kimi oynayır. Hərdən fikirləşirəm bunlar yorulmur? Nazim Hikmətin bir sözü var, insan hamını aldada bilər, amma öz-özünü heç cür aldada bilməz. İnsan adyalı başına çəkəndə kim olduğunu bilir, nə olsun vəzifəlidir, xisləti özünə bəllidir.

D.Əhməd: Milli Məclisdə mədəniyyət komitəsi var.
- Bəli, indi o komitənin rəhbəri dostumuz Rafael Hüseynovdur. Onunla 1976-cı ildə birgə sürücülük kursunda oxumuşuq, özü də kürdəmirlidir (gülür).

D.Əhməd: Deputatlar mədəniyyətlə bağlı qanunların qəbulunda aktyorlarla məsləhətləşirlər?
- Bəli, olub, fikirlərimizi eşidiblər.

N.Ehlamqızı: Mədəniyyət sahəsində qanunlar təkmilləşir, yeni qanunlar qəbul olunur. Hazırda boşluğu harada görürsünüz?
- Bayaq vurğuladığım kimi gənclərin bilavasitə ehtiyaclarının ödənilməsi istiqamətində islahat olsa, yaxşı olar.

R.Xəlil: Bizim teatrlar ənənəvi teatrlardır. Avropadakı kimi bizdə zirzəmi teatrı yaratdılar, amma açıq-saçıq səhnələrlə gündəmə gəlmək istədilər.
- Hər şeydən əvvəl azərbaycanlı olduğumuzu unutmaq, əndazəni aşmaq olmaz. Elə rejissorlar var ki, gedib harada tamaşa gördü, onu sırf Azərbaycana uyğunlaşdırmaq istəyirlər. Heç kəs anasını, bacısını gətirib o tamaşaya baxmayacaq. Xalqın milli dəyərləri də nəzərə alınmalıdır.

N.Ehlamqızı: “Qatil” tamaşası ətrafında da çox səs-küy oldu...
- “Qatil”in birinci variantını görmüşəm, orada elə bir şey yoxdur. Dedilər, ikinci variantda da təqdim olunub, amma ona baxmamışam.

“Bizim camaat namünasib səhnələri qəbul edə bilmir”

N.Muradova: Sizin oynadığınız “www.fərzəli.com”da da açıq-saçıq səhnələrin olduğunu deyirlər.
- Orada əndazəni aşacaq səhnə yoxdur. Bizim camaat namünasib səhnələri qəbul edə bilmir. Heç aktyorların həyat yoldaşları da onu qəbul etməz axı.

Q.Yaquboğlu: “Aktyorun ailəsi” deyilən bir anlayış var. Uşaqkən mən də dərnəklərdə oynayırdım, televizorda baxırdım, aktyorlar gündə bir qadın tərəf müqabili ilə çıxış edirdi. Düşünürdüm, bəlkə, doğrudan da, ürəkdən sevirlər. Sizin ailənizin rollarınızla bağlı münasibəti necə olub?
- Həmişə evdə olmuşam, hərdən çaşıb işə getmişəm (gülür).

N.Muradova: Xanımınız qısqanmır, yoxsa qısqandıracaq hərəkət etmirsiniz?
- İnam olmalıdır. Əvvəldən yolu necə qoydun, o cür də davam edir. Hər şey ailədən gəlir, ənənə necə olursa, ardı o cür gedir.

N.Ehlamqızı: Azərbaycan tamaşaçısının böyük əksəriyyəti Cem Yılmazın monoloqlarını izləyir. Bizim yumor ustalarımız potensialını niyə göstərə bilmir?
- Bazarlıq edirsənsə, sənin yaxşı pulun olmalıdır. Pulunu verirlərsə, min dəfə ondan yaxşısını etmək olar. Qonorar verilsə, yaxşı iş ortaya qoymaq olar.

R.Xəlil: Xaricdə bir neçə aktyor könüllü olaraq istedadını göstərir ..
- Bəs onu kim maliyyələşdirir? Tutaq ki, aktyor könüllü oynayır, bəs rejissor, ssenaristin, işıqçının, musiqiçinin pulunu kim verəcək? Bu, kompleks halında olmalıdır. Küçədə dayanıb “istedadım var” deməli deyiləm ki?

R.Xəlil: Sponsor görməlidir ki, istedadınız var, ondan sonra pul qoymalıdır. Cem Yılmaz da bu cür başlayıb. İndi bütün şirkətlər ona pul ayırmağa hazırdır. Çünki bilirlər ki, bu şəxsdə istedad var, bizdəsə deyirlər, pul versinlər, sonra işləyək...
- Qızlarım Türkiyədə yaşayır, orada çox oluram, heç Cem Yılmazı orada məşhur biri kimi tanımırlar, adi bir aktyor kimi tanınır. Deyərdim ki, Azərbaycan aktyorları on min dəfə istedadlıdırlar, onlara qayğı və əsl mənada meydan vermək lazımdır.

N.Muradova: Yeni ildə Türkiyəyə gedəcəksiniz?
- Gedib-gəlirik, fağır adamıq da (gülür).

N.Muradova: Övladlarınızdan heç kəs sənətinizi davam etdirmədi?
- Ürəklərində hansı sənətdirsə, onu üstün tuturlar. Böyük oğlum 11-ci sinifdə oxuyur, onun meyli riyaziyyat, kimyayadır. Balaca oğlum 5-ci sinifdədir, qızlarım böyükdür, ikisi də ailə qurub Türkiyədə yaşayır.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD