Akif İslamzadə: “20 il oxuyanlar var ki...”

24 Dekabr 2015 12:30 (UTC+04:00)

"Çox əfsus olsun ki, gənc ifaçıların əksəriyyətini tanımıram. Çünki televiziya kanallarını izləmirəm".

Bu sözləri Teleqraf.com-a Akif İslamzadə deyib. A.İslamzadə Türkiyəyə tanınmaq üçün gedən müğənnilərimiz haqqında da danışıb: "Bəzi sənətçilərin səsi, istedadı var, amma səs tempi yoxdur. Türkiyəyə gedib “Salam məleyki” eləyib qayıtmaqla deyil. Orada fəaliyyət göstərmək üçün dil, antropoloji baxımdan çətinlik yoxdur. Türkiyəyə təhsilli müğənnilər getməli və özlərini təsdiq etməlidir. Onu da deyim ki, Türkiyəyə gedən zaman türk musiqisini ifa edirlər. Siz elə bilirsiniz o müğənnilər türk mahnılarını ifa edirlər? Əslində, türk mahnısını oxumurlar, parodiya edirlər. Azərbaycan mahnılarını oxumaq, türk klassik musiqisini bilmək lazımdır. 20 il səhnədə oxuyanlar var, amma Türkiyədə özlərini təsdiq edə bilmirlər”.

A.İslamzadə onu da bildirib ki, Azərbaycan mahnılarını ifa etmək çox çətindir: “Bu gün tanıdığınız bəzi xalq artistlərinə xalq mahnısını oxutdurmaq lazımdır ki, sənətinin səviyyəsini biləsən. İnandırım ki, bəzilərinin ifası sizi çox güldürə bilər. Azərbaycanda bəyəndiyim istedadlı ifaçılar var, amma savadlı müğənnilər azdır”.

Rəqsanə