120 min badamdarlıya fasiləsiz içməli su veriləcək

29 Dekabr 2015 18:33 (UTC+04:00)

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrin içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması məqsədilə daha bir beynəlxalq layihənin icrasına başlayıb.

ASC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində, dekabrın 29-da layihə üzrə tikinti işlərinin təməlqoyma mərasimi keçirilib.

Mərasimdə çıxış edən “Azərsu” ASC-nin departament rəisi İlqar Tağıyev Prezident İlham Əliyevin ölkə əhalisinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasını daim diqqətdə saxladığını xatırladaraq qeyd edib ki, hazırda şəhər və rayon mərkəzində, həmçinin Bakıətrafı qəsəbələrdə içməli su və kanalizasiya layihələri icra olunur. Bakı şəhəri və ətraf qəsəbələrin sosial iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Badamdar qəsəbəsində də yeni layihənin icrasına başlanılıb.

Səudiyyə İnkişaf Fondunun layihə rəhbəri Məhəmməd Al Dallam qeyd edib ki, yaxın vaxtlarda Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə tikinti-quraşdırma işlərinə də başlanılacaq.

Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulması layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 120 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihəyə əsasən, qəsəbə ərazisində 57,5 km uzunluğunda içməli su, 61,6 km uzunluğunda kanalizasiya xətlərinin çəkilməsi, ev birləşmələrinin verilməsi, abonentlərin smart sayğaclarla təmin olunması, qəsəbə ərazisində 210 ədəd yanğın hidrantının quraşdırılması nəzərdə tutulub.

Gələcəkdə qəsəbədə yaranacaq tullantı suları Lökbatan qəsəbəsi yaxınlığında tikiləcək və sutkalıq məhsuldarlığı 300 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2017-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

SEVİL