Tanınmışlar ötən ili necə keçirdilər? – SORĞU

30 Dekabr 2015 12:25 (UTC+04:00)

Teleqraf.com sənətçilər arasında sorğu keçirib: “2015-ci il sizin üçün necə keçdi?”

Səslənən fikirləri təqdim edirik:

Faiq Ağayev: “2015-ci il çox davakar il oldu. Üzümüzə gah şillə, gah şapalaq dəydi. İlin sonu ağır keçdi. “Günəşli” yatağında baş verən hadisə hamımızı kədərləndirdi. Amma bununla yanaşı böyük uğurlarımız da oldu. Allah 2016-cı ildə bizə sevinmək üçün çoxlu səbəb salsın, inşallah”.

Yusif Ağayev: “Mənim üçün 2015-ci il ən yadda qalan illərdən biri oldu. Beş illik fasilədən sonra teleməkana qayıtdım. 17 ildir ki, radioda işləyirdim. Belə ki, bu il mənim üçün ən yaddaqalan, ən unudulmaz il oldu. Xoş xatirəli hadisələrdən biri 19 oktyabr tarixində ATV kanalında “Ondan sonra” verilişinin yayımlanması oldu. Özümü tərifləmək istəmirəm. Doğrudanda da verilişimiz reytinqlidir. Bu reytinq yalnız mənim sayəmdə deyil, çünki ətrafımda peşəkar insanlar işləyirlər. Onlarla bir yerdə çalışaraq səhər efirlərini əldə saxlamağa çalışırıq. Əlimizdən gələni edirik”.

Fatimə Fətəliyeva: “Bu il necə keçdi fərqinə varmadım. Çox maraqlı hadisələr baş verdi. “Ana vətən” klipini çəkdirdim, festivallarda iştirak etdim. Tələbələrim çoxaldı, bir çox konsertlərdə çıxış elədik. Bu gün Körpələr Evinə gedirik. Bundan gözəl nə ola bilər? Qarşıdan gələn il hamıya can sağlığı və ruzi-bərəkət arzulayıram. Onu da deyim ki, 2015-ci ildə itkilərimiz də oldu. Və bu hamımızı kədərləndirdi”.

Səlim Abbasov: “Ümumilikdə, yaxşı keçdi, gözəl hadisələrlə yadda qaldı. Bir sıra konsert və xarici ölkələrə səfərlərim oldu. Amma albom çıxarmaq istəyirdim, alınmadı. Bir-iki həyata keçirdiyim planlarım var idi ki, reallaşdıra bilmədim”.

Bilal Əliyev: “2015-ci il mənim üçün yaxşı hadisələrlə yadda qaldı.

Azərbaycanda parlament seçkiləri keçirildi. Layiqli millət vəkillərimiz seçildi. İnanırıq ki, onlar Azərbaycanı gözəl gələcəyə apara biləcəklər.

Onlar ulu öndərimiz Heydər Əliyevin yaratdığı dövlətin çiçəklənməsini istəyən insanlardır. Uğurlarımız çox oldu. 2016-cı ildə isə ağılla hərəkət etməliyik, bizi yoldan çıxaran insanlara aldanmaq olmaz. Ulu öndərimiz ən layiqli davamçısı cənab prezidentimiz İlham Əliyev ölkəmizi çox uğurla idarə edir. Ona görə də xalqımızı cənab prezidentin ətrafında birliyə çağırıram. Bir olmalıyıq ki, Azərbaycanımız daha da çiçəklənsin.
Yaradıcılığıma gəlincə ingilis dilində mahnı oxumaq üçün dil öyrənirəm. Dünyada ingilis dilində Azərbaycan mahnılarını təbliğ edəcəm. Bütün xalqımızı Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm”.

Aytən Səfərova: “2015-ci ildə iş yerimi dəyişdim, ANS-dən çıxıb, ATV-yə getdim. İkinci dəfə ana oldum. Amma bu il yaxşı hadisələrlə yanaşı pis hadisələr də baş verdi. Xəzərdə neftçilərimizin həlak olmasına və itkin düşməsinə çox pis oldum. Mənim qardaşım da neftçidir, dənizdə işləyir. Həmin vaxt ailəmizlə birlikdə böyük şok yaşadıq. İndiyə qədər də o hadisənin təsiri altındayıq. Arzu edirəm ki, balalarım sağlam böyüsün, yoldaşım, valdeynlərim yanımda olsun. Qalan hər şey düzələcək”.

Rəqsanə