Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdi

4 Yanvar 2016 08:04 (UTC+04:00)

Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin bəyanatına istinadən AFP məlumat yayıb.

"Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr İranla diplomatik münasibətlərin dayandırıldığını elan edib", - deyə ölkə XİN-in rəsmi "Twitter" səhifəsində qeyd olunub.

"Ər-Ərəbiyyə" telekanalının məlumatına görə, Səudiyyə Ərəbistanı İran diplomatlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verib.

İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.