“AXCP adından danışmaq daha çox bizim haqqımızdır”

6 Yanvar 2016 15:07 (UTC+04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Razi Nurullayev qanadı 2016-cı illə bağlı planlarını açıqlayıb, habelə görəcəkləri işlər haqqında məlumat verib. Bəlli olub ki, AXCP-nin narazı qanadı partiyanın hüquqi adını əldə etmək üçün 2016-cı ildə ciddi fəaliyyət həyata keçirəcək, məhkəmə instansiyalarına baş vuracaq.

Partiyanın sədri Razi Nurullayev bildirib ki, 2016-cı ildə rəhbərlik etdiyi təşkilatın fəaliyyəti bir neçə istiqamətdə olacaq: “Təbii ki, ölkədə baş verən sosial-iqtisadi, habelə siyasi məsələlərə diqqətimiz olacaq. Bu istiqamətdə çeşidli tədbirlər, dəyirmi masalar təşkil etmək niyyətimiz var. Artıq ilk dəyirmi masanın vaxtını da müəyyən etmişik. İlk tədbirimizi yanvarın 14-də təşkil edəcəyik. Burada əsasən sosial-iqtisadi məsələlərə diqqət ayıracağıq. Hər bir dəyirmi masada bu və ya digər məsələlərlə bağlı təkliflərimiz, habelə partiyamızın baxışları müəyyən ediləcək. Bu baxışlarımız həm ictimaiyyətə, həm də media qurumlarına təqdim ediləcək. Ayrıca olaraq təkliflərimiz hökumətə və parlamentə təqdim ediləcək. Birinci yanaşmamız budur. İkincisi, partiyamızın qarşısında duran əsas məsələlərdən biri qeydiyyat məsələsidir. Bizim bu istiqamətdə məhkəmə çəkişmələrimiz davam edəcək. Bu istiqamətdə sona qədər gedəcəyik. AXCP-nin hüquqi təmsilçiliyini əldə etmək niyyətindən geri durmaq fikrində deyilik. Hesab edirik ki, AXCP adından danışmaq daha çox bizim haqqımızdır. Artıq biz hüquqi varisliklə bağlı Bakı Apelyasiya Məhkəməsinə müvafiq müraciətimizi etmişik. Bizim mövqeyimiz bəllidir və bu prosesi sona qədər aparacağıq. İctimai rəydə iki AXCP var. Amma ən optimal variant Əli Kərimlinin partiyanı buraxması ola bilər. İkinci yol yuxarıda qeyd etdiyim kimi məhkəmə yoludur. İndiki mərhələdə biz məhkəmə çəkişməsini optimal variant hesab edirik. Çünki Əli Kərimli bizim üçün keçmiş partiya sədridir. İndi o, özünü qondarma da olsa, AXCP sədri kimi təqdim edir. Buna da, məhkəmə yolu ilə son vermək mümkündür. Əlbəttə, mən məhkəmənin hansı qərar verəcəyini indidən deyə bilmərəm. Sadəcə ümid edirik ki, məhkəmə düzgün qərar qəbul edəcək. Lakin biz heç bir zaman fəaliyyətimizi AXCP-nin qeydiyyatı üzərində qurmamışıq. Əgər qeydiyyat olmayacaqsa, bu, bizim üçün faciə də olmayacaq. Bu yola qədəm qoyanda bilirdik ki, biz çətin və keşməkeşli bir yola daxil oluruq. Qeydiyyat məsələsini daha çox media gündəmə gətirir. Biz də buna cavab veririk”.

Razi Nurullayev daha sonra qeyd edib ki, partiya ciddi hazırlıq işi aparır: “Bizim hədəfimiz həm də 2018-ci il seçkiləri ilə bağlıdır. Bu haqda öncədən məlumat vermişik. Hədəfimiz 2018-ci il seçkilərinə fərqli proqram və fərqli yanaşma ilə qatılmaqdır. Biz ciddi işlər görmək niyyətindəyik və ümid edirəm ki, ortaya ciddi nəticə qoyan siyasi partiya kimi yadda qalacağıq”.

R.Nurullayev xatırladıb ki, hazırda ictimai rəydə iki AXCP olduğuna və bu məsələ məhkəmə müstəvisində həll edildiyinə görə, hələlik bir çox siyasi partiyalarla ikitərəfli və çox tərəfli münasibətləri təxirə salıblar: “Lakin biz bütün siyasi qüvvələrlə əməkdaşlığa hazırıq. Heç kimə xüsusi sərhəd qoymuruq və belə bir niyyətimiz də yoxdur. Amma hələlik bizim tərəfimizdən digər partiyalara əməkdaşlıqla bağlı təklif göndərilmir. Lakin biz özümüz əməkdaşlığa hazırıq, əgər təklif olarsa, bunu dəyərləndirməyə hazırıq”.

Müsahibimiz əlavə edib ki, AXCP olaraq təşkilatlanma prosesini davam etdirirlər: “Əslində, siyasi partiyalarda təşkilatlanma prosesi heç zaman başa çatmır. Bu, daimi prosesdir. Təbii ki, təşkilatlanma məsələsində obyektiv və subyektiv çətinliklər də yaranır. Lakin biz bacardığımız qədər bu işi aparırıq. Hesab edirəm ki, bir çox siyasi partiyalardan daha güclü formada təşkilatlana bilmişik”.

Sonda Razi Nurullayev deyib ki, özünü AXCP kimi təqdim edən qarşı tərəflə heç bir təmasları yoxdur.

Cavidan