“Texnikabank” zərərçəkmişlərin pullarını niyə qaytarmır?

13 Yanvar 2016 23:15 (UTC+04:00)

Millət vəkillərindən çağırış

Azərbaycanda işbaz bank sahiblərinin qurbanı olan minlərlə insan var. İnsanların banklara əmanət etdiyi pulu mənimsəyərək ata-anası, qohumlarının adına rəsmiləşdirən bank sahiblərinin cinayəti ifşa olunandan sonra da zərərçəkmiş əmanətçilər pullarını geri ala bilmir.

Təbii ki, müəllim, fəhlə, təqaüdçünün maaş hesabına milyonluq mülk sahibi olması mümkünsüzdür. İnsanları dolandıran bank sahibləri rəhbərlik etdiyi banka etibar etmiş insanlardan mənimsədiyi pullar hesabına aldığı mülkü, maliyyə vəsaitini qarantiyaya almaq üçün əvvəlcədən onları başqasının adına keçirir.

Nəticədə əməlləri ifşa olunandan sonra özü həbs edilsə də, mənimsədiyi pullar qohumuna, dolayısı ilə özünə qalır. Zərərçəkmiş insanlar isə 1 manat belə geri almaqda çətinlik çəkirlər. Bu cür bank sahiblərindən biri di “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovdur. O, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilsə də, məhkəmənin qərarının onun əmlakının müsadirə edilməsi ilə bağlı hissəsi hələ də icra olunmayıb. Belə ki, bu iş üzrə 81 nəfərin zərərçəkmiş şəxs kimi tanındığı bildirilir. Həmin şəxslərə dəymiş zərərin külli miqdarda - milyonlarla manat olduğu da bəllidir. Lakin bu günə qədər zərərçəkmişlərə dəymiş ziyan ödənilməyib.

Çünki Zal Yusifov mənimsədiyi pulları, həmin pullar hesabına aldığı əmlakı atasının adına rəsmiləşdirib. Zal Yusifovun atası Zakir Yusifov məhkəmələrə şikayət ərizələri ünvanlayıb. O, həmin ərizələrdə iddia edir ki, məhkəmənin qərarı ilə müsadirə olunması nəzərdə tutulan “Humay” şadlıq sarayı və digər mülklər oğlu Zal Yusifova yox, onun özünə məxsusdur. Zakir Yusifov bildirib ki, “Humay” şadlıq sarayının əmlak hüququna 1992-ci ildə, Rəsulzadə qəsəbəsindəki mülkə isə 2002-ci ildə sahib olub.

Hətta zərərçəkmişlərin bildirdiyinə görə, Zal Yusifov dələduzluq əməllərinin bir çoxunu “Humay” şadlıq sarayında törədib. O, zərərçəkmişlərə özünü bankir, biznesmen, şadlıq sarayının sahibi kimi təqdim edərək, onları özünə inandırıb. Buna görə də zərərçəkmişlər Zal Yusifovu şadlıq sarayının sahibi kimi tanıyaraq, əmanətlərini ona etibar ediblər.

Vəziyyətdən çıxış yolu kimi vətəndaşlara dəyən ziyan Zal Yusifova məxsus mülk və obyektlərin müsadirə olunaraq, hərracda satılması yolu ilə ödənilə bilər. Çünki onun təqaüdçü atasının pensiya hesabına milyonluq mülkə sahib olması absurddur. Fakt ortadadır ki, mülk və pul vəsaiti sabiq bank sahibinin özünündür, sadəcə atasının adına keçirib. Və fırıldaqçı bankirin əmlakı müsadirə olunmur. Bəs çıxış yolu nədir?

Fəzail Ağamalı: “Bankda onun milyonlarla pulu necə ola bilər?”

Əmanəti batan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində fikirlərini bölüşən Milli Məclisin deputatı Fəzail Ağamalı təsdiqləyir ki, geniş imkanları olan bank sahibləri və ayrı-ayrı məmurlar varidatlarını qohumlarının, yaxınlarının adlarına rəsmiləşdirirlər: “Bunu sonradan baş vermiş cinayət sübut olunanda həmin varidatı qoruyub saxlamaq məqsədilə edirlər. Bu, faktdır. Bəzən belə izah verilir ki, guya həmin şəxslərin varidatının əlindən alınması onların mülkiyyət hüququnu pozur. Düşünürəm ki, burada üzdə yanaşmada mübahisəli məqamları tapmaq olar. Lakin ciddi araşdırmalar nəticəsində bəlli olmalıdır ki, bankirin istənilən qohumunun adına olan mülk və vəsaitin mənbəyi haradandır? Onu özü qazana bilirmi? O, adi fəhlədirsə, müəllimdirsə, təqaüdçüdürsə, 10 milyonluq villanı necə qazanıb ona sahib ola bilir? Yaxud bu və ya digər bankda onun milyonlarla pulu necə ola bilər? Ona görə də bu məsələlər çox ciddi istintaq və hüquqi araşdırmalar tələb edir. Bu araşdırmalardan sonra məhkəmə qərarı ilə həmin varidat və mülklər satıla bilər. Bankirlərin məsuliyyətsizliyi və tamahı ucbatından yeyilən əmanətləri pul vəsaiti formasında, mülklər isə hərraca qoyularaq satılmaqla zərərçəkmişlərə qaytarmaq olar. Bunun üçün hüquq-mühafizə orqanları daha gərgin işləməlidir. Çünki onların üzərinə böyük iş düşür. Məsələni bu şəkildə həll etmək mümkündür”.

“Bankirlərin hədsiz dərəcədə tamahkarlıqlarının qarşısı alınmalıdır”

Deputat hesab edir ki, bankirlərin bank əməliyyatlarında heç bir standartlara uyğun olmayan pul qazanmaq hərisliyi, bankların yanaşmaları, xüsusi olaraq istehlak kreditlərinə yüksək faiz qoymaları Azərbaycan vətəndaşlarının bütün banklara olan inamını azaldıb: “Banklara inamın yenidən hansı formada bərpa olunacağını demək çox çətindir. Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında xalqımızın və dövlətimizin mənafeyi üçün çox ciddi və əhəmiyyətli fikirlər söylədi. Cənab Prezident bəyan etdi ki, bank sektorunda islahatlar aparılmalıdır. Bank sisteminin əhali ilə işləmək təcrübəsi dünya praktikasında var. Sadəcə olaraq dünya praktikasını Azərbaycana tətbiq etmək lazımdır. Ölkəmizdə bankirlərin hədsiz dərəcədə böyük pul ehtirasının, tamahkarlıqlarının qarşısı alınmalıdır. Belə olarsa, hər bir Azərbaycan vətəndaşı banklara daha çox inam bəsləyər, əlində olan vəsaiti yastığa, döşəyə tikməkdənsə, aparıb banka əmanət edər. Bank sistemində ciddi dəyişiklik edilməli və xalqın onlara inamı qaytarılmalıdır. Yaramazlıqlar, quldurluq, vətəndaşların əmanətlərinə xəyanət bütün bank sisteminin eybəcərliyini ortaya qoydu”.

“Zərərçəkmişlərin əmanətləri ödənilməlidir”

Deputat Musa Quliyev konkret “Texnikabank” ətrafında yaranan situasiyanı şərh edib. Onun fikrincə, zərərçəkmişlər məhkəməyə müraciət etməli və çıxarılan müvafiq qərarla əmanətlər ödənilməlidir: “Məhkəmə qərarı icra olunmursa, Mərkəzi Bank, Maliyyə Nazirliyinə müraciət edilməli, məhkəmə qərarını icra etməyən şəxsə qarşı tədbir görülməlidir. Zərərçəkmişlərin əmanətləri ödənilməlidir, ola bilsin süründürməçilik var, bundan ötrü zərərçəkmişlər yuxarı məhkəmə instansiyalarına və ya prokurorluq orqanlarına müraciət etməlidirlər”.

KƏMALƏ