“Sən öl, bu bıçaqla qarnını deşərəm” - CİNAYƏT İŞİ

13 Yanvar 2016 13:00 (UTC+04:00)

Ölümlə hədələmə və digər cinayətlərdə ittiham olunan 1973-cü il təvəllüdlü Ucar rayon sakini Rəşad Seyfəddinlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Rəşad Seyfəddinli 2 yanvar 2015-ci il tarixdə, saat 14 radələrində Bakı-Qazax avtomobil yolunun 247-ci kilometrliyində, Ucar rayonunun Qarabörk kəndi ərazisində yerləşən avtovağzalın yaxınlığındakı avtomobil yuyucu və təmiri sexlərinin qarşısında idarə etdiyi “VAZ 21099" markalı avtomobili Cəbrayıl Abdullayevin sürdüyü ”VAZ 2106" markalı maşınla toqquşması üçün mübahisə edib.

Rəşad Seyfəddinli orada toplaşan insanların rahatlığını və ictimai qaydanı pozub. O, Cəbrayıl Abdullayevin ünvanına ucadan nalayiq söyüşlər söyüb, üstündə olan soyuq silah hesab edilməyən bıçağı çıxararaq deyib ki, qarnını cırıb bağırsaqlarını yerə tökərəm.

Daha sonra hadisə yerində olan Famil Hüseynovu öldürməklə hədələyib, avtomobilin salonundan götürdüyü odlu silah hesab edilməyən pnevmatik tüfəngi onlara tərəf tuşlayaraq Cəbrayıl Abdullayevə və Famil Hüseynova hədə-qorxu gəlməklə xuliqanlıq edib.

Rəşad Seyfəddinli Cinayət Məcəlləsinin 134-ci (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham olunub.

Ucar Rayon Məhkəməsinin hökmü ilə Rəşad Seyfəddinli 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbsə alınıb.

Hökmdən narazı qalan Rəşad Seyfəddinli apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib. Şikayəti araşdırılması üçün Şirvan Apelyasiya məhkəməsinə göndərilib.

“Maşın sürə bilmirsən”,-deyə irad tutub

Məhkəmədə ifadə verən Rəşad Seyfəddinli özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilib, ifadəsində göstərib ki, təxminən 2014-cü il dekabr ayının axırlarında Ucar şəhərində orta məktəb həyətinin yaxınlığındakı zibillikdən tapdığı tir tüfəngini götürüb və avtomobilin salonuna qoyub: “Az yaşılı oğluma sərçə və başqa çöl quşları ovlayaraq yedizdirmək məqsədi ilə Ucar rayonu Qarabörk kəndindəki ağaclığa gedərəkən, Bakı-Qazax avtomobil yolunun Ucar avtovağzalının yaxınlığında qarşı tərəfdən gələn ”VAZ-2106" markalı avtomobillə toqquşduq.

Avtomobilimi saxlayaraq aşağı düşdüm, sürücüyə günahın onda olduğunu bildirdim. Sonra cibimdən qatlanan cib bıçağı çıxararaq sürücünü qorxutmaq üçün “ay malış, maşın sürə bilmirsən də...” deyərək irad tutdum. Avtomobildən düşən şəxslərdən biri, sonradan adını bildiyim Famil Hüseynov avtomobili düzəltdirməsini tələb edərək, mənə sərt cavab verdi".

Təqsirəndirilən şəxsin sözlərinə görə, bıçaqla Famili də qorxutmaq istəyib: “Amma onlara xəsarət yetirməmişəm, özüm də xəsarət almamışam. Hadisə yerində olan tanımadığı adamlar bizi araladırdı. Orada olan şəxslər məni sakitləşdirərək öz avtomobilimin yanına apardılar. Avtomobilimin sürülə bilməyəcəyini fikirləşdim. Əsəbiləşərək avtomobilin salonunda olan tüfəngi götürdüm ki, başqa avtomobillə gedim. Lakin öz avtomobilim işə düşəndə tüfəngi qaytararaq, maşınıma qoydum.

Adını sonradan bildiyim sürücü Cəbrayılı tüfənglə qorxutmamışam. Hadisə yerində mənə irad tutan Famil adlı şəxsi bıçaqla öldürməklə hədələmədim, onları yalnız bıçaqla qorxutdum".

Rəşad Seyfəddinli apelyasiya şikayətinin təmin olunmasını, Ucar Rayon Məhkəməsinin hökmünü ləğv edərək, barəsində daha yüngül cəza təyin edilməsini istəyib.

“Əlindəki bıçaqla hədə-qorxu gəldi”

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Famil Hüseynov bildirib ki, tanışı Cəbrayıl Abdullayevin idarə etdiyi “VAZ-2106" markalı avtomobillə həmkəndliləri Sarvan Hüseynov, Əşrəf Abdullayev və Nüsrət Murtuzovla birlikdə Ucar rayonunun Qazıqumlaq kəndindən çıxıb, Bakı-Qazax avtomobil yolu ilə Ucar şəhəri istiqamətinə gediblər: ”Qarabörk kəndi ərazisində avtovağzalın yaxınlığında qarşı tərəfdən gələn “VAZ-21099" markalı avtomobil bizim hərəkət zolağına çıxdığı üçün toqquşdular. Hadisə yerinə xeyli adamlar toplaşdı.

“VAZ-21099" markalı avtomobilin sürücüsü, sonradan adını bildiyim Rəşad avtomobilindən düşən kimi Cəbrayıl Abdullayevi hamının gözü qarşısında uca səslə söyüb təhqir etdi. Bildirdi ki, ay malış, avtomobil idarə edə bilmirsən, sürmə. Cavab verdim ki, günah səndə ola-ola, niyə söyüş söyürsən? Qəzanı sən törətmisən avtomobili sən düzəldəcəksən.

Rəşad yenə nalayiq söyüşlərini davam etdirərək, cibindən çıxardığı qatlanan cib bıçağını açaraq üzərinə gəldi. Mənə “sənlik deyil, sən bizim işimizə qarışma” deyərək, əlindəki bıçaqla hədə-qorxu gəldi. Bildirdi ki, sən öl, bu bıçaqla qarnını deşib, bağırsaqlarını yerə tökərəm. Hadisə yerində olan tanımadığı adamlar bizi dalaşmağa qoymadılar. Onlar Rəşadı aralayaraq sakitləşdirdilər və avtomobilinin yanına apardılar.

Rəşad isə dartınaraq həmin adamların əlindən çıxmağa çalışdı. Yenidən mənim və Cəbrayılın üstünə gəlmək istədi. Sonra avtomobilinin salonundan nişangahlı tüfəng götürdü və bizə tərəf tuşladı. Mən və Cəbrayıl, həmçinin hadisə yerində olan şəxslər qorxaraq qaçdıq. Amma Rəşad atəş açmadı, avtomobilinə oturaraq getdi".

Famil Hüseynov ifadəsinin sonunda qeyd edib ki, Rəşad Seyfəddinliyə qarşı heç bir şikayəti yoxdur. O, təqsirləndirilən şəxsin apelyasiya şikayətinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını deyib.
Digər zərərçəkmiş Cəbrayıl Abdullayev bildirib ki, Rəşad Seyfəddinli tərəfindən onun avtomobili təmir etdirilməklə dəymiş maddi zərər ödənilib. Rəşada qarşı heç bir şikayətininin olmadığını qeyd edən Cəbrayıl Abdullayev apelyasiya şikayəti üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirib.
Təqsirləndirilən Rəşad Seyfəddinlinin vəkili Ruslan Mirzəyev deyib ki, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsaslar var. Onun sözlərinə görə, iş materiallarından göründüyu kimi hadisə zamanı heç bir şəxsin sağlamlığına zərər vurulmayıb: “Hər hansı şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı hansı halın olması isə məhkəmənin hökmündən aydın deyil.

İş materiallrında Rəşad Seyfəddinlini aralayaraq aparmış şəxs kimi göstərilən şahid İbrahim Əliyev məhkəmə prosesində deyib ki, ümumiyyətlə, o, zərərçəkmiş şəxsləri tanımır və hadisə yerində olmayıb. Bundan başqa, şahid Bəxtiyar Allahverdiyev məhkəmə prosesi zamanı göstərib ki, onların nəyi imza etməyindən xəbəri olmayıb, müstəntiq onlara boş kağıza imza etdirib".

Vəkil çıxışının sonunda birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, müdafiə etdiyi şəxsin barəsində daha yüngül cəzanın təyin edilməsini istəyib.

Dövlət ittihamçısı Elnur Hüseynov apelyasiya şikayəti üzrə dəlillərin əsassız olduğunu göstərib. O, apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edib.

Tərəfləri dinləyən hakimlər sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Hacı Zeynalov