Pənah Hüseyn KXCP rəhbərliyinə gətirilir?

14 Yanvar 2016 11:31 (UTC+04:00)

Partiya sədri: "Bu, təxribatdır"

Müxalifət düşərgəsindəki fəaliyyətsizlik ortaya yeni ideyalar çıxarıb. İddialara görə, Xalq Partiyası ilə Klassik Xalq Cəbhəsi Partiyası birləşəcək, Pənah Hüseyn yeni partiyaya sədrlik edəcək.

Hələlik KXCP-də bununla bağlı hər hansı açıqlama verilməyib. Partiya funksionerləri bu təklifdən məlumatsızdırlar, hətta deyirlər ki, bu haqda ilk dəfə mətbuatdan oxuyublar və onların hansısa partiya ilə birləşməsi kimi təşəbbüsləri olmayıb.

O zaman belə ideyaların haradan və nəyə görə yarandığı sualı meydana çıxır.

İş ondadır ki, KXCP-nin son qurultayı zamanı yeni sədr seçilən Mirmahmud Mirəlioğlu bəyan edib ki, bundan sonra sədrliyə namizədliyini irəli sürməyəcək, çalışacaq ki, KXCP rəhbərliyinə yeni qüvvələr gəlsin. Bəlkə də, bu səbəbdən KXCP ilə AXP-nin birləşməsi, Pənah Hüseynin isə sədr postuna gətirilməsi planlaşdırılır.

Lakin hazırda KXCP daxilində narazı olan bir qrup var. Bu qrup uzun illər KXCP rəhbərliyində-Ali Məclisdə və İdarə Heyətində təmsil olunublar. Söhbət Fikrət Cəfərov, Fikrət Yusifov, İsmayıl Yusifov və başqalarından gedir. Bu şəxslər hətta Demokratik Birlik Fraksiyası yaradıblar. Onların nümayəndəsi Ədalət Yusifov bir müddət əvvəl bəyan etmişdi ki, KXCP-nin sonuncu qurultayında iştirak etməyiblər, lakin bundan sonra partiyada rəhbərliyi götürmək üçün fəaliyyətlərini aktivləşdirəcəklər. Bu isə o deməkdir ki, Pənah Hüseynin nə zamansa KXCP rəhbərliyinə gətirilməsi o qədər də real görünmür.

Xalq Partiyasının sədri Pənah Hüseyn bu iddialara münasibət bildirib. O, qeyd edib ki, həqiqətən də, ona bu məzmunda sual verilib. Lakin o, həmin informasiyanı cəfəngiyyat adlandırıb. Həmçinin, əlavə edib ki, belə bir məsələ müzakirəyə çıxarılsa, sədr vəzifəsində Mirmahmud Mirəlioğlunu görür: "Bildirmişəm ki, inteqrasiya hədəfi indiki mərhələdə ilkin müzakirələrdə yalnız strateji hədəflərdən biri kimi, ideya kimi qeyd olunub. İndiki məqamda sədr və digər detallar, ümumiyyətlə gündəmə gətirilməyib. Heç müqavilə belə, imzalanmayıb. Əgər həqiqətən, hansısa mənbə bu barədə KİV-ə informasiya ötürübsə, bu, adıçəkilən iki partiya arasındakı əməkdaşlıq danışıqlarını pozmaq məqsədi daşıyır, təxribatdır".

CAVİDAN