Tələbələrimiz Avropanın ən qədim universitetində oxuyacaqlar

17 Yanvar 2016 12:54 (UTC+04:00)

Azərbaycanlı tələbələrin Macarıstanın ən qədim ali təhsil müəssisəsi olan Peç Universitetində təhsil almaq imkanı yaranıb. Belə ki, Macarıstanda təhsillə məşğul olan “Study in Hungary” layihəsi Peç Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsi olaraq bu universitetə tələbə qəbulu prosesini aparır.


Teleqraf.com AZƏRTAC-a istinadən bildirir ki, Peç Universiteti Macarıstanın Peç şəhərində yerləşir və ölkənin ən qədim ali təhsil ocağıdır. Bu universitetin təxminən 26 min tələbəsi, 2 min professor və müəllim heyəti var. Universitetdə fəaliyyət göstərən 10 fakültədə geniş təhsil proqramları, demək olar, bütün elmi sahələri əhatə edir. 2010-cu ildə Peç şəhəri Avropanın mədəniyyət paytaxtı seçilmişdi. Ali məktəbin kampusu da bu ada layiqdir və tələbələrin mədəni inkişafına xidmət edir.

Əcnəbi tələbələr Peç Universitetində bakalavr, magistratura və ya doktorantura pilləsində ingilis dilində təhsil ala bilərlər.

Universitetin tarixi 1367-ci ildən başlayır. Böyük Lui yepiskop şəhəri hesab edilən Peçdə universitetin əsasının qoyulması ilə bağlı sərəncam verib. Bir neçə mərhələdən sonra bu universitet regionda təhsil sahəsində ən məşhur və aparıcı universitetlərdən biri oldu. Tarixi orta əsrlərə gedib çatan universitet öz adət-ənənələrini qorumaqla bərabər, eyni zamanda, müasir Avropa ali təhsil institutu adını fəxrlə daşıyır, tələblər üçün keyfiyyətli təhsil və istirahət imkanları yaradır