Vaqif İbrahimoğlu və Georgi Hacı

19 Yanvar 2016 09:58 (UTC+04:00)

"Qalatasaray"ın əfsanəsi Georgi Hacını tanımayan külli-kafirdi. Ona görə də dəfə-daraq açmaq istəmirəm. Burda söhbət başqa şeydən gedir.

Hacı futboldan gedəndən bir neçə il sonra cim-boma baş məşqçi gəlmişdi. Türkiyənin köklü-köməcli idman yazarlarından olan Hıncal Uluç hər dəfə köşəsində Hacını acılayırdı ki, gənc Arda Turana şans vermir, ona özünü göstərmək üçün imkan yaratmır. O dövrdə ziyafətlərin birində Hıncal bəylə Hacı arasında çox maraqlı bir dialoq baş tutmuşdu:

Hacı:

- Arda çox gəncdi, prinsipial oyunlar üçün hazır deyil.

Uluç:

Sən Rumıniya milli yığmasında debüt edəndə neçə yaşın var idi?

Hacı:

Arda Hacı deyil.

Uluç:

Məşqçiləri şans verməsəydi, Hacının Hacı olduğunu haradan bilərdik?

Vaqif İbrahimoğlu mənə həmişə Hacıya şans verən məşqçini xatırladıb. O, AZDRAMA-nın məkrli dəhlizlərində məhv olmaq təhlükəsilə üz-üzə qalan gənc talantları dərənin dibindən çıxarmağı, onların üstündəki tozu çırpıb, istedadlarını parıldatmağı hamıdan yaxşı bacarırdı. Bu gün Akademik Teatr səhnəsinin ən parlaq aktyoru olan Hikmət Rəhimova görə Vaqif bəyə borclu deyilikmi? Söhbət tək Hikmətdən getmir. Onun belə yetirmələr çoxdur.

Açığı, mən bilmirəm, onlar Vaqif bulağından su içdiklərini bu gün etiraf edirlər, ya yox. Bu, heç mənə maraqlı da deyil. Əsas olan odur ki, Vaqif İbrahimoğlu kifləmiş beyinlərin ac qurd kimi gəmirməyə hazır olduğu gənc istedadları məhv olmaq təhlükəsindən xilas edib, YUĞ-un səhnəsində yer verib, onları bizə qazandırıb. Həmin istedadlar məhz Vaqifin verdiyi qol-qanad hesabına "mən də varam" deyə biliblər.

Bu gün kimsə Vaqif İbrahimoğlunun, YUĞ-un üslubunu bəyənməyə, onun yaradıcılığını əllaməçilik kimi qiymətləndirə bilər. Gərək biz o adamları bağışlayaq. Axı onlar Vaqif İbrahimoğlunun o “əllaməçiliklərə” qədər ənənəvi üslubda yetərincə tamaşa hazırladığını, “Lənkəran xanının vəziri” kimi şedevrlə adını teatr tariximizə həkk elədiyini bilmirlər. Yəni “əllaməçi” YUĞ Azərbaycan teatrı üçün yeni üfüqlər açmaq, sənətə gələn gənc talantları teatr kahinlərinin qara kölgəsindən xilas eləmək üçün açılmışdı. Vaqifin "əllaməçiliyi" bir növ özünü və ətrafındakı talantları qorumaq üçün qurduğu "oyun" idi. Bu mənada o Molla Nəsrəddini, Bəhlul Danəndəni xatırladırdı.

Mənim üçün YUĞ-un əhəmiyyəti bundan ibarətdi. Məncə, onun dəyəri məhz bu səbəblərə görə bilinməlidir. Nə vaxt Azərbaycanda əlli-yüz müstəqil düşüncəli teatr olar, bax onda biz deyərik ki, mən YUĞ-u yox, məsələn deyirəm, MUĞ-u bəyənirəm. Hələ ki, olan bunlardı. Hələ ki, Nurəddinin bağırtısından, Məleykənin saxtakar kədərindən uzaq bir-iki yaşıl adamız var. Gəlin o adanı yaradan kişiyə Allahdan rəhmət diləyək, onun bizə miras qoyduğu teatrın qədr-qiymətini bilək. Onun ruhunu narahat eləməyək. Gözü çıxmış qardaşın – Kamera Teatrının Gənc Tamaşaçılar zindanında gördüyü iztirablar bizə dərs olsun.

Hər halda, mənə belə gəlir. Allah amanında!