“İqtisadi böhrandan az itki ilə çıxmaq üçün ən effektiv yol seçilib”

19 Yanvar 2016 18:53 (UTC+04:00)

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış demokratik dəyərlərə əsaslanan dövlət quruculuğu müstəqilliyimizi əbədi edib, aparılan geniş miqyaslı islahatlar nəticəsində siyasi və iqtisadi sabitlik tam təmin olunub və hazırda ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri sirasına qoşulmaqdadır. Möhkəm təməl üzərində qurulmuş iqtisadiyyat ulu öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilib, şaxələndirilib və nəticədə ölkəmiz regionda lider dövlətə çevirilib. Yaradılan hüquqi baza, aparılan uğurlu islahatlar, respublikanın hərtərəfli inkişafı üçün görülən tədbirlər iqtisadiyyatın inkişaf dinamikasının yüksələn xətt üzrə artmasına təkan verib. Qlobal maliyyə və iqtisadi böhran şəraitində Azərbaycanın maliyyə imkanlarının artması, iqtisadiyyatın inkişafı da bunu təsdiqləyir.

Regionların sosial-iqtisadi inkişafı dövlət başçımızın qarşıya qoyduğu prioritet məsələlərdən olub. Bölgələrə çox böyük sərmayə qoyulması, həmçinin özəl sektorun inkişafı üçün iri həcmdə kreditlərin ayrılması, sahibkarlığın inkişafına sanballı dəstək verilib. Bu, təkcə mənəvi, siyasi dəstək yox, həm də maddi dəstək olub. Bütün bunlar iqtisadi, siyasi və mədəni sahələrdə uğurlarımızı təmin edib.

Azərbaycanın son on ildə qazandığı nailiyyətlər də bunu aydın göstərir. Ölkəmizin təcrübəsi və aparılan siyasət göstərir ki, respublikamızda maliyyə imkanlarından düzgün istifadə olunur. Bu maliyyə resursları əsasən investisiyalara, iqtisadiyyatın real sektoruna qoyulur, energetika, qazlaşdırma, nəqliyyat, səhiyyə, təhsildə və digər humanitar sahələrdə istifadə olunur. Bunun nəticəsində getdikcə xidmət səviyyəsi qalxdı, imkanlar artdı, biznes üçün daha əlverişli şərait yaradıldı.

Azərbaycan dövlətinin həyata keçirdiyi bu antiböhran tədbirlər kompleksindəki istiqamətlər çoxşaxəlidir. Hələ 2005-ci ildə, Azərbaycan Prezidenti İlham Əliyevin 31 may 2005-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi və inflyasiyanın tənzimlənməsi məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsi işinə start verilib. Digər prioritet sahələrdən biri də bu illər ərzində inhisarçılıqla mübarizənin gücləndirilməsi olub. Belə ki, bu illər əsassız inhisarçılığa, qeyri-sağlam rəqabətə qarşı mübarizə gücləndirilib, dövlət qurumları tərəfindən qanunsuz müdaxilələrin qarşısının alınmasına diqqət artırılıb. Qanunsuz işlərlə məşğul olanlar ciddi surətdə cəzalandırılıb və həmin proses bu gün də davam etdirilməkdədir. Zəruri sahələrdən biri də antiböhran tədbirlərində sahibkarlara güzəştli kreditlərin verilməsini diqqət mərkəzində saxlamaq olub.

Bu gün dövlətin həyata keçirdiyi antiböhran tədbirlərin içərisində real iqtisadiyyata sərmayə qoyuluşunun davam etdirilməsi, sosial öhdəliklərin dəstəklənməsi, sənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsi və eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər də çox böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda istehlak olunan məhsulların tam əksəriyyəti, yəni qida məhsullarının tam əksəriyyəti yerli istehsaldır. Bu, böyük nailiyyətdir və məhz bunun da nəticəsində hazırda biz ərzaq təhlükəsizliyimizi təmin edə bilmişik.

Dövlət başçısının rəhbərliyi altında hazırlanmış antiböhran tədbirlər paketində Azərbaycanın antiböhran yol xəritəsi müəyyənləşdirilib. Təsadüfi deyildir ki, ölkə rəhbəri görülən bu tədbirləri ümumiləşdirərək bildirib: "Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, konkret proqramla təmin olunmasın. Həm də qəbul edilmiş bütün proqramlar konkret xarakter daşıyır. Hər bir proqramın konkret icra mexanizmləri, konkret maliyyə bazası var və bütün texniki imkanlar var. Digər tərəfdən, konkret proqramlar icra olunmağa başlanmışdır, maliyyə sektorunda nizam-intizam möhkəmləndirilmişdir. Əlbəttə ki, neft-qaz sahəsində görülən işlər maddi imkanlarımızı genişləndiribdir və biz bu imkanlardan çox səmərəli istifadə edirik. Həm investisiyalar qoyuldu, həm də özəl sektorun inkişafına çox gözəl şərait yaradıldı, böyük həcmdə kreditlər verilməyə başlanmışdır. Beləliklə, bu gün biz tam əminliklə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı artıq oturuşmuş iqtisadiyyatdır və dünyanı bürümüş maliyyə və iqtisadi böhran zamanı Azərbaycanda bu, çox az hiss olunur. Biz elə etməliyik ki, böhranın ola biləcək mənfi təsirini maksimum dərəcədə azaldaq və mən şübhə etmirəm ki, buna nail olacağıq".

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın qlobal iqtisadi-maliyyə böhranından minimum itki ilə çıxan ölkələrdən olması ilk növbədə dövlət başçısı İlham Əliyevin dərindən düşünülmüş və ciddi elmi əsaslara söykənən müstəqil iqtisadi siyasət yeritməsi ilə şərtlənir.

2009-cu il əksər dünya ölkələrində qlobal böhranın güclənməsi ilə müşayiət olundu. Həmin vaxt respublikamızın daxili potensiala əsaslanmaqla həyata keçirdiyi antiböhran tədbirləri dinamik inkişaf tempini qoruyub saxlamağa imkan verdi. Bir sıra yaxın və uzaq ölkələrdə iqtisadi tənəzzülün dərinləşməsinə, maliyyə böhranının kəskin xarakter almasına baxmayaraq, Azərbaycanda ümumi daxili məhsulun 9 faiz artımı müşahidə olundu. Təbii ki, bu ölkədə həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsində baş verdi. Qlobal böhran ötən illərdən başlanmış dinamik inkişaf tempinin sürətini bir qədər azalda bildi, bu da təbiidir. Dünyaya açıq ölkə olan, beynəlxalq iqtisadi-təsərrüfat sisteminə uğurla inteqrasiya edən Azərbaycan qlobal maliyyə-iqtisadi böhranının mənfi təsirlərindən tamamilə yayına bilməzdi. Əsas nəticə odur ki, qlobal böhran şəraitində bir sıra ölkələr üçün tamamilə əlçatmaz görünən iqtisadi inkişaf sürətinə nail olunub və bunu beynəlxalq maliyyə qurumları da etiraf edirlər.

Xatırladım ki, həm Beynəlxalq Valyuta Fondu, həm də dünyanın aparıcı reytinq agentliyi olan "Standart & Poors" öz hesabatlarında Azərbaycan iqtisadiyyatının böyük imkanlara malik olduğunu və dayanıqlığını, habelə ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi siyasətin dünya böhranının nəticələrinə digər ölkələrlə müqayisədə daha hazır olduğunu bildirib.

Uğurla həyata keçirilən inkişaf və modernləşdirmə strategiyası sahəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək müvazinətini itirmədi, əksinə, artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bildi. Antiböhran siyasəti maliyyə sabitliyinin qorunmasına da yaxşı imkanlar yaratdı. Azərbaycan üçün səciyyəvi olan bu mütərəqqi inkişaf modelinin uğurları ölkə hüdudlarından kənarda diqqətlə izlənilir, maraqla qarşılanır. Dünya Bankı, Ümumdünya İqtisadi Forumu (Davos Forumu), Beynəlxalq Valyuta Fondu, MDB Statistika Komitəsi və digər qurumlar ölkəmizin iqtisadi inkişafını yüksək dəyərləndirdilər. Qlobal maliyyə böhranı ilini Azərbaycan üçün kifayət qədər uğurlu saydılar.

Antiböhran tədbirlər paketində, hər şeydən əvvəl, mövcud vəziyyət xarakterizə edilmiş və gələcək üçün hazırlıq planı müəyyənləşdirilib. Mövcud vəziyyətin qiymətləndirilməsində belə nəticə çıxarılır ki, Azərbaycanda iqtisadiyyat böhran səviyyəsinə enməyib, amma böhranın təsir kanalları mövcuddur və onu minimuma endirmək üçün müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi lazımdır.

Azərbaycan dövlətinin həyata keçirdiyi antiböhran siyasəti ən nüfuzlu beynəlxalq elmi nəşrlər və dairələrdə bəzən hətta optimal strateji bir nümunə kimi də qiymətləndirilir. Doğrudur, Azərbaycanın makroiqtisadi səviyyədə həyata keçirdiyi antiböhran siyasəti əsasən jurnalist və ya publisist mövqeyi səviyyəsində şərh edilir. Ancaq bununla belə artıq iqtisadi tədqiqatlarda qlobal maliyyə böhranına qarşı mübarizənin prinsip etibarilə "Azərbaycan modeli" haqqında mövzular tədqiq edilməkdədir.

Azərbaycan dövlətinin həyata keçirdiyi antiböhran tədbirlər kompleksindəki istiqamətlərin çoxşaxəli olduğunu xüsusi qeyd etməklə yanaşı, hazırlanan antiböhran tədbirlər paketində Azərbaycanın yol xəritəsinin də müəyyənləşməsinin böyük əhəmiyyət daşıyır. Mütəxəssislərin fikrincə, Azərbaycanın antiböhran siyasəti proqramı konkret xarakter daşıyır və bu proqramın konkret icra mexanizmləri var.

Azərbaycana gələn ictimai-siyasi xadimlər. həmçinin dövlət rəsmləri ölkəmizin inkişafını elə paytaxt Bakının timsalında hiss edirlər. Bakı öz gözəlliyinə, simasına, infrastrukturuna, ümumiyyətlə, bütün cəhətlərinə görə inkişaf etmiş ölkələrin şəhərlərindən geri qalmır. Qonaqlar Azərbaycanın inkişafı, sosial və iqtisadi sahədə son illərdə qazandığı böyük nailiyyətlərdən məmnunluqlarını ifadə edirlər. Qeyd olunur ki, Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində aparılan işlər dərin elmi nəzəriyyələrə əsaslanır. Bu mənada hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticə etibarilə öz bəhrəsini verir və böhrandan çox xəfif keçirik.

Məlumdur ki, Azərbaycanın iqtisadi inkişafında neft amili mühüm rol oynayır. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasında diqqəti cəlb edən əsas cəhətlərdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu məqsədlə neft pulları hesabına qeyri-neft sektoruna məqsədyönlu sərmayələr qoyulub. Digər tərəfdən, Azərbaycanın neft pullarından gələn valyuta ehtiyatları ilbəil artır. Ölkəmizdə maliyyə ehtiyatlarından səmərəli istifadə etməklə həyata keçirilən antiböhran tədbirləri gözəl effekt verməkdədir. Dövlət böhranın iqtisadiyyatda daha dərin iz buraxmaması, istehsal sahəsinin zərər çəkməməsi üçün nə tələb olunursa, hamısını edir.

Ötən illərin maliyyə böhranı Amerikaya və Avropaya çox cidi təsir etdi. Bu ölkələr böhrandan daha çox əziyyət çəkdilər. Böhran Türkiyəyə də təsirini göstərdi. Bu, əsasən iqtisadi artımda, daxili istehsalda hiss olundu. Məlum olduğu kimi, Türkiyədə istehsal olunan məhsulların 60 faizə qədəri Avropa ölkələrinə ixrac olunur. Əgər mal satılan ölkələr sıxıntılı dönəm yaşayırsa, demək, onlara əvvəlki kimi məhsul ixrac etmək mümkün deyil. Bu səbəbdən Türkiyədə işsizliyin səviyyəsi bir qədər artdı. Əgər əvvəllər Türkiyədə 100 nəfərdən 10-u özünə iş tapa bilmirdisə, qlobal iqtisadi böhrandan sonra bu rəqəm 13-ə yüksəldi. Bu baxımdan Azərbaycan dövlətinin antiböhran siyasəti olduqca təqdirəlayiq hesab olunur.

Antiböhran tədbirlərinin həyata keçirilməsinə ölkəmizdə də zərurətin olduğunu nəzərə alaraq Antiböhran Konsepsiyası hazırlamışdır. Konsepsiya qlobal böhranın təsirlərini azaltmaq üçün lazım olan ən mühüm tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Təklif edilən tədbirlərin həyata keçirilməsi qlobal böhranın təsirlərini azaltmağa xidmət edəcəyi güman edilir. Konsepsiyada iqtisadiyyatın müxtəlif sahələri həyata keçirilməsi tövsiyyə edilən tədbirlər ilə yanaşı həmin tədbirlərin qlobal böhranın Azərbaycan iqtisadiyyatına qlobal təsirlərinin azaldılmasında əhəmiyyəti də qeyd edilir. Bu baxımdan təklif edilən sənəd Azərbaycan iqtisadiyyatında inkişaf meyillərinin saxlanmasında və eləcədə ölkə iqtisadiyyatında yenidən canlanmanın yaranmasına yardım edə bilər.

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkəmizin iqtisadi inkişafı, yaranmış böhranın aradan qaldırılması istiqamətində qarşıya qoyulan vəzifələrdən də danışılıb. Ölkə başçısı bildirib ki, istehlak məhsullarının qiymətlərinə çox ciddi şəkildə nəzarət etmək gərəkdir. Təbii ki, ölkə müəyyən mənada ərzaq məhsullarının idxalından asılıdır. Lakin bu situasiyadan və manatın kursunun dəyişməsindən sui-istifadə edərək süni qiymət artımına rəvac verməyə, möhtəkirlik və fırıldaqla varlanmağa çalışanların qarşısı alınmalıdır.

Prezident qeyd edib ki, Azərbaycan ərzaq məhsullarına olan tələbatını hələlik bütünlüklə yerli istehsal hesabına təmin edə bilmir. Buna rəğmən, ölkədə istehsal olunan ərzaq məhsullarının qiymət artımının məntiqi izahı olmadığından belə prosesə imkan verilməməlidir. Ən önəmlisi isə süni qiymət artımı ilə məşğul olanların fəaliyyəti, onlara qarşı aparılan mübarizə kütləvi informasiya vasitələrində əks olunmalıdır.

Prezident İlham Əliyev 2016-cı ildə qeyri-neft sektorunun inkişafının prioritet olacağını, neftdən asılılığın minimuma endirilməsi ilə bağlı tədbirlərin görüləcəyini bildirdi. Biznes mühitinin yaxşılaşdırılması, nağdsız ödəmələrin artırılması, fiskal təşviq mexanizmlərinin genişləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdirilməsi, bank sektorunda islahatların aparılması, özəl bankların ölkə iqtisadiyyatının inkişafında daha fəal iştirakının təmin edilməsi əsas vəzifə kimi qarşıya qoyuldu. Bu məsələlərdə ictimai nəzarətin gücləndirilməsini bir daha vurğulaması, möhtəkirlərə qarşı ciddi mübarizənin aparılacağını bəyan etməsi ölkəmizin antiböhran siyasətinin həyata keçirilməsi istiqamətində İlham əliyevin prinsipial mövqeyini ortaya qoydu.

Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanın qlobal maliyyə və iqtisadi böhrandan mümkün qədər az itkilərlə çıxması üçün ən optimal, effektiv yol seçilib.

Vüqar Qədirov,
Qaçqın və Məcburi Köçkünlər Gənclər Təşkilatının sədri