“Müştərimiz əvvəlki kimi çox deyil” – Müşfiqabad hamamından reportaj

21 Yanvar 2016 17:59 (UTC+04:00)

Uşaq vaxtı tez-tez getdiyimiz məhəllə hamamlarına indi rast gəlinmir.

Bu gün belə hamamlara ehtiyac varmı? Onlar fəaliyyət göstərirmi? Belə yerlərə getməyin xeyri nədir, ziyanı nə? Həkim-mütəxəssislər bu barədə nə düşünür?

Reportajımız köhnə hamamların bugünkü vəziyyəti barədə olacaq.

Qədim tikililəri xatırladan hamam

Soraqlaşa-soraqlaşa öyrəndik ki, Müşfiqabadda belə bir hamam var. Biz də yollandıq ora. Bünövrəsi 1996-cı ildə qoyulan bu tikili əvvəllər gəlişli-gedişli yer olub. Yaxınlıqdakı adamların dediyinə görə, axır vaxtlar gəlib-gedənlərin sayı azalsa da daimi müştərilərin ayağı kəsilməyib.

Hamamın içi qədim tikililəri xatırladır. Ətraflı məlumat almaq üçün bura gələnləri bir-bir sorğu-suala çəkmək istəyirəm. İlk yaxınlaşdığımız adam Novruz kişi olur. O, əlli iki yaşının olduğunu və artıq dörd ildir ki, burda işlədiyini deyir.

- Novruz kişi, burda nə işləyirsiniz?

- Pul işinə baxıram. Çimməyə gələnlərin pulunu alıram. Bax, o qardaş da çay işinə baxır. Adı Asifdir. Hərəmiz bir iş görürük. Vaxt vardı, burda çimməyə gələnlərin əlindən tərpənmək olmurdu. İndi müştərilər azalıb.

Burda çimənlərə çay və sulu qəlyan da təklif olunur

Bizdən bir az aralı dayanmış Asifi də dindirirəm:

- Novruz kişi deyir ki, hamamın çay işinə siz baxırsınız.

- Hə. Hamamın çay evini işlədirəm. Müştərilərdən istəyən olanda çay verirəm.

Novruz kişi sözünə davam edir:

- İstəyənə sulu qəlyan da verilir. Çimirsən, üstündən də bir çay, istəsən bir dənə də qəlyan çəkirsən. Dincəlirsən də. (Gülür)

- Spirtli içkilər də verirsiniz?

- Yox. Araqdır, pivədir belə şeylər bizdə olmur.

- Bəs hamamın, çayın, sulu qəlyanın qiyməti neçədir?

Asif bir-bir qiymətləri deyir:

- Sadə çay bir manat, çay dəsti isə beş manatdır. Sulu qəlyan da beş manatdır.

“İçərini təmiz saxlayıram ki, birdən iyrənərlər”

Bizdən bir az aralıda dayanmış yaşlı bir qadını da söhbətə tuturam. Adının Solmaz olduğunu deyən bibi buraların təmizlik işinə baxır. Hər gün səhər tezdən işə gəlir və buralarda yır-yığış edir.

– Adamlar çimib çıxandan sonra hamamın içinə keçirəm, oradakı artıq-urtuq şeyləri götürüb, səliqə-sahman yaradıram. Bilirsən, oğul, hərənin xasiyyəti bir cürdür. İçərini təmiz saxlayıram ki, birdən iyrənən olar. Sabun qablarını, sellofan torbaları, birdən paltar qalırsa, onu da götürüb içərinin havasını dəyişirəm”.

Müştərilərlə söhbət

Solmaz bibiylə söhbətimizi yekunlaşdırıb üz tuturam müştərilərə. Onlardan biri - Seymur deyir ki, burdakı xidmətlərdən razıyam və həftədə ən azı bir dəfə bura gəlirəm.

Hamamdan təzə çıxan Adil də söhbətə qoşulur: “Üç-dörd gündən bir bura gəlirəm. Ən çox “parnoya” görə gəlirəm. Burda çiməndən sonra o qədər rahatlıq tapıram. Elə bil cana gəlirəm, tamam yüngülləşirəm”.

“Əksəriyyəti sağlamlığa görə gəlir”

Çayçı Asif kişi bizi hamamın içinə aparır. İçəridə gəzişə-gəzişə söhbətləşirik:

- Asif kişi, uşaqlar da gəlir bura?

- Hə, hərdən kişilər uşaqları ilə bir yerdə gəlirlər. Yəqin get-gedə bu da aradan çıxacaq. Amma “parnoy” dəbdən düşməz. “Parnoya” gələn həmişə çox olur. Əksəriyyəti də sağlamlığa görə gəlir.

Asif kapron qabları göstərib deyir ki, bu sapılcalar köpüklü suyu başa tökmək üçündür.

- Burda kisəçi, masajçı var?

- Əvvəllər olub, amma indi yoxdur.

Hamamın yeməkxanası

Söhbətləşə-söhbətləşə gəlib çıxırıq hamamın yeməkxanasına. Asif buranın hər kəsin üzünə açıq olduğunu deyir. Yəni hamamda çimənlər və ya yoldan keçənlərdən kimsə burda puluna uyğun qarnını doyuzdura bilər. Yeməklər də ucuz və keyfiyyətlidir. Dörd manata qazan yeməkləri yeyib, üstündən də sadə bir çay içmək olar.

Çimməyin müsbət təsiri haqqında həkim-mütəxəssis rəyi

Beləcə, yavaş-yavaş sağollaşıb ordan ayrılırıq. Sonda bu tipli müalicəvi hamamlara getməyin təsiri ilə bağlı mütəxəssis rəyi öyrənirik. Həkim-mütəxəssis Arzu İbrahimova bizə bunları deyir: “Hamamlanmanın müsbət keyfiyyətləri bunlardır; Stresi azaldır; Əzələ gərginliyini götürür; İmmun sistemini gücləndirir; Limfatik sistemlərə müsbət mənada təsir edir; Qan dövranını yaxşılaşdırır; Metabolizmi (maddələr mübadiləsini) sürətləndirir; Soyuq havanın, asmanın və digər allergenlərin təsirindən əmələ gələn burun tutulmasını azaldır.

Konkret olaraq buxar vannaları son dövrlərdə xərçəng və infeksiyon xəstəliklərin müalicəsində istifadə olunur. Hamam bədəni piy toksinlərindən təmizləyir; Damarlarda qan axınını sürətləndirir, hüceyrə səviyyəsində oksigenləşməni artırır; Dərini cavan saxlayır”.

Sərvər Şirin