Raoniç 1/8 finalda, Muquruza isə uduzdu

24 Yanvar 2016 16:14 (UTC+04:00)

Avstraliya Açıq Çempionatının son 1/8 finalçıları bəlli olub. Kanadalı Miloş Raoniç uğurlu çıxışlarını davam etdirdiyi halda, dünya üçüncüsü Qabrin Muquruza (İspaniya) məğlublubiyyətlə üzləşib.

Miloş üçüncü raund mərhələsində serbiyalı Viktor Troitskidən üstün olmağı bacarıb. Viktor nə qədər çalışsa da, Raoniçdən set belə ala bilməyib. Kanadalı tennisçi rəqibini 6-2 6-3 6-4 hesabı ilə üstələyib. 1 saat 46 dəqiqə davam edən görüşdə Miloş 14 eysə imza atıb, 37 vinners və 23 sadə səhv ilə fərqlənib.

WTA reytinq cədvəlində 3-cü pillədə gərarlaşan Muquruza çexiyalı Barbora Strıkovaya məğlub olub. Strıkova mükəmməl tennis sərgiləyərək, Qabrinə "göz açmağa” imkan verməyib. Ümumilikdə 1 saat 16 dəqiqə davam edən bu görüş Strıkovanın 6-3 6-2 hesablı qələbəsi ilə yekunlaşıb.

Britaniyalı Yohanna Konta 1/8 finala yüksələnlərdən olub. Konta çexiyalı Denisa Allertovanı məğlub edərək tarix yazıb. Beləki, 1987-ci ildən sonra ilk dəfədir ki, bir britaniyalı qadın tennisçi "Australian Open”də 1/8 finala qədər gəlib çata bilib.

Günün digər qalibləri sırasında Viktoriya Azarenka (Belarusiya), Madison Keys (ABŞ), Anjelika Kerber (Almaniya), Stanislas Vavrinka (İsveçrə), Endi Marrey (Böyük Britaniya), Bernard Tomiç (Avstraliya) kimi tennisçiləri qeyd etmək olar./sport7.az