Biznesmen borca görə ailə üzvlərini güllələdi – Dəhşətli ailə dramı

25 Yanvar 2016 17:02 (UTC+04:00)

Rusiyanın Krasnoyarsk vilayətində dəhşətli ailə dramı baş verib. Borca düşən biznesmen əvvəl həyat yoldaşını və uşaqlarını odlu silahla qətlə yetirib. Daha sonra isə özü intihar edib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, hadisə Kuraqinsk rayonunda baş verib. Polis faktı təsdiqləyib.

Cəsədləri yanvarın 23-də biznesmenin anası onlara gedən zaman aşkar edib. O, 39 yaşlı oğlunun, 38 yaşlı gəlininin, 17 və 9 yaşlı nəvələrinin cəsədini aşkar edib.

Qohumların verdiyi məlumata görə, biznesmenin maddi problemləri olub.

İstintaqdan bildiriblər ki, kişi əvvəlcə yatan ailə üzvlərini öldürüb: “Sonra isə özü intihar edib. Hazırda ballistik ekspertiza aparılır. Cəsədlər ekspertiza üçün morqa aparılıb".

LifeNews-un məlumatına görə, öldürülən qadın hamilə olub. Biznesmenin ağac tədarükü ilə məşğul olduğu qeyd edilib. Avadanlığı sıradan çıxan biznesmen kreditini ödəyə bilməyib.

Hadisə ilə bağlı istintaq davam edir.

Ramal