Nazir baş katiblə görüşdü

27 Yanvar 2016 20:26 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibi Xəlil İbrahim Axçanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ECO ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov üzv dövlətlər arasında ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, energetika, xüsusən də elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində geniş imkanların olduğunu diqqətə çatdırıb. Üzv dövlətləri birləşdirəcək nəqliyyat infrastrukturlarının inkişafının faydalı olacağını qeyd edən nazir Qəzvin-Rəşt-Astara-Astara və Bakı-Tbilisi-Qars dəmir yolu xətlərinin region üçün xüsusi əhəmiyyətini vurğulayıb.

İlk rəsmi səfərini Azərbaycana etdiyini deyən Xəlil İbrahim Axça, başçılıq etdiyi təşkilatın işinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib və ECO-nun ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. Baş katib həmçinin, müstəqil tədqiqat mərkəzinin yaradılmasının nəzərdə tutulduğunu, eləcə də ECO katibliyi ilə təşkilata üzv dövlətlər arasında birgə layihələrin həyata keçirilməsi məsələsinin gündəlikdə durduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səxavət