Polisi yaralayan şəxslər barəsində həbs qərarı çıxarıldı

5 Fevral 2016 12:46 (UTC+04:00)

Bakının Sabunçu rayonunda polis əməkdaşlarına xəsarət yetirməkdə ittiham olunan şəxslərin barəsində həbs qəti imkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, Beyləqan rayon sakinləri – 1986-cı il təvəllüdlü İlham Bəykişi oğlu Məmmədov, 1987-ci il təvəllüdlü Dəyanət Hüseyn oğlu Muradov və Ağcabədi rayon sakini, 1986-cı il təvəllüdlü Fariz Ceyhun oğlu Məlikovun barəsində toplanmış materiallar Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Toplanmış materialları araşdıran hakim şübhəli şəxslərin barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçib.

Qeyd edək ki, fevralın 2-də, saat 00.59-da İlham Məmmədov Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, Sabunçu qəsəbəsi, Şəhər şosesində yerləşən “Emin” kafesində oranın işçiləri əllərində bıçaqla onlarla mübahisə etmələrini bildirib.

Ərazidə gecə gəzintisində olan Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Ağaəli Əkbər oğlu Əkbərli, həmin şöbənin kiçik inspektoru, polis serjantı Elnur Elman oğlu Şərifov, 14-cü polis bölməsinin Cinayət Axtarış üzrə kiçik inspektoru, polis serjantı Səyyad Məhəmməd oğlu Əliyev, 12-ci polis bölməsinin cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Şahid Vahid oğlu Abdullayev, 13-cü polis bölmənin cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Bəxtiyar Şahlar oğlu Abbasov hadisə yerinə gəlib.

Polis əməkdaşları İlham Məmmədovu, Dəyanət Muradovu və Fariz Məlikovu sakitləşdirmək istəyiblər. Bu zaman onlar Ağaəli Əkbərliyə kürək nahiyəsindən, Elnur Şərifova döş qəfəsindən, Bəxtiyar Abbasova sağ çiynindən xəsarət yetiriblər. yaralı polislər 3 saylı Sabunçu xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Hacı Zeynalov