Ay səni, Qərib... tut qulaqlarını

11 İyun 2014 11:37 (UTC+04:00)

Bir ayın sözüdü. Bakı-Nardaran yolundakı yanacaqdoldurma məntəqəsi. Maşınlar səf-səf düzülüb. Qəttəzə ciplərdən birini su sonası bir xanım idarə edir. Hamı kimi o da dayanıb növbə gözləyir. İstidi deyə - hər kəs maşının şüşəsini aşağı çəkib, hamı hövsələsiz, hamı əsəbi.

Təzə cipin sahibəsilə köhnə bir rayon maşınını sürən adam arasında nə olur bilmirəm, bir onu görürəm ki, o gözəl xanım tək başını yox, bədənini də yarıyacan bayıra çıxardıb həmin kişinin yeddi arxa dönənini qəbirdən qaldırıb aşağı-yuxarı sürüyür. Qaraçı qadınların adi söyüş-qarğışı olsaydı, dərd yarı. O gözəl xanım kişilərə, həm də hər kişiyə yox, tərbiyəsiz kişilərə xas yeddi mərtəbəli küçə söyüşlərini bir-bir dilə gətirir. Məhz kişilərə xas hikkə və aqressiya ilə. Söylədiklərini indi bir-bir gerçəkdən nümayiş etdirəcəkmiş kimi. O situasiyada həmin kişinin maşınındakı kəndli xanımın sifətini görmək lazım idi. O xoruz banı eşitməyən hədələrin çoxu məhz ona ünvanlandığından qadın camaatın arasında lap xəcil olur, ərinin də yerinə, elə öz yerinə də ölüb yerə girmək istəyir. Söyüşcül xanımınsa fantaziyası sərhəd-filan bilmir. Bağırdıqca hövllənir, hövlləndikcə leksikonunu daha rəngarəng tərzdə nümayiş etdirir. O qədər insan da sanki ən iyrənc porno-filmə tamaşa etmək zorunda - həm də məhz bu su sonası xanımın ifasında. Sarsağına şükür, pərvərdigara.

***

“Danış,deyim sən kimsən”. Sokratın sözüdür. 2500 il əvvəl - Qədim Yunanıstanda dilə gətirib bu fikri. Antik fəlsəfədə dönüş eləyən bu filosof bu qənaətə gəlib ki, varlığın mahiyyətinə varmaq üçün dünyanı-aləmi öyrənmək yox, məhz insanı - insanın daxili aləmini araşdırmaq lazım. 2500 ildə bəşəriyyət bu missiyanın öhdəsindən gələ bilib sizcə? Əlbəttə ki, yox.

***

15-16 yaşım olardı. Məktəbdən evə gəlirdim. Binanın tinində bir sərxoş kiminləsə dalaşırdı. Bax həmin gün ilk dəfə konkret bir insanın dilindən açıq-aydın ana söyüşü eşitdim. Keçirdiyim o dəhşətli ikrah hissi indiki kimi xatirimdədi. Qorxudan əlim-ayağım əsirdi.

***

İndi hamı söyür. Hamı söyüş söyür. Böyük-kiçik bilmədən, qadın-kişi ayırmadan - hamı dişinin dibindən çıxanı yeddi qaba çəkir. Həmin o vulqarizmlər elə adiləşib ki, bəzən aqressiyanı ifadə eləmək üçün deyil, elə-belə, yeri gəldi-gəlmədi - adi söz kimi dillərdən düşmür. Əslində nədir söyüş? Türkün dilindəki söymək və söyləmək feillləri arasında semantik baxımdan nə bağlılıq var görəsən? Nədir söyüş? İslam əxlaqına görə böyük günahlardan biri. Psixoloji anlamda insanın aqressiyasını ifadə etmək yolu. Ya mən dediyim halda - yəni aqressiya-filan olmadan bu sözlərdən istifadə olunursa? Bu, artıq tərbiyə, daha doğrusu tərbiyəsizlik məsələsidi.

Alimlərin fikrincə söyüş - komplekslərdən əziyyət çəkən insanların yararlandığı ifadə vasitəsidir. Yəni başqa vasitə tapmadıqda insan məhz bu yolla “mən də varam” demək, başqalarından fərqlənmək istəyir. Əslində söyüş - məhz kasıbların, pulsuz və təhsilsiz kütlənin, qanacaqdan, ədəbdən və tərbiyədən kəmlərin , başqa sözlə, tam yox, yarımçıq inanların daxili ifadə vasitəsidi, başqa şey deyil. Okeanın o tayında isə belə düşünürlər ki, əsəbi gərginlik zamanı söyüş söyməyin ziyanı yox, məhz faydası var. Bu, onların mövqeyidir. Amma burada bir məqam da var. Söyüş dinamiksında, fikir vermisizsə, kəmiyyət artdıqca keyfiyyət azalır. Yəni ilk səslənmədə qaba və alçaldıcı təsir bağılayan ifadələr getdikcə adiləşir, insanlarsa laqeydləşir sanki. Bəlkə də bu, Qərbin təbliğ etdiyi həmin tolerantlığın nəticəsidir ki, sonucda layəqət və ləyaqətsizlik, şərəf və şərəfsizlik arasındakı sədd qalxır və bu məqamda Qərb istədiyinə nail olur, Şərqin Qəribini bir ağlamaq tutur, Qərib başlayır zır-zır zırıldamağa. Kimdi bu arada Qərib?
Marginal bizlər yaxud biz marginallar. Söyüş söyməyən və söyüşdən yan gəzən, söyüş eşitmək istəməyən, amma cəmiyyətin həm də söyüş basqısıyla üzləşən marginallar.

***

Situasiya o həddə çatıb ki, indi yığışıb da hamıya “dur, dayan” deməyin mənası yoxdur. Barı ətrafımızdakılara deyək. Ərkimiz çatanları susduraq. Xüsusən xanımların tərzini dəyişək. Qoymayaq söyüş söysünlər. Hər qadın həm də anadı, tərbiyəçidi, nümunədi. Bir də ki Qərib də yazıqdı axı. Bu gedişlə lap abırdan-həyadan düşəcək.