Fondun interaktiv sorğusu başa çatıb

17 Fevral 2016 12:17 (UTC+04:00)

Dövlət Sosial Müdafiə Fondunun internet saytında (www.sspf.gov.az) ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az informasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirmək məqsədi ilə keçirilən növbəti interaktiv sorğu başa çatıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumata görə, budəfəki sorğu zamanı respondentlərə “Pensiyanızın məbləğinin ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi?” sualı ünvanlanıb.

Sorğunun yekun nətıcələrinə əsasən, respondentlərin 50,53 faizi “Pensiyanızın məbləğinin ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi?” sualına “bəli”, 37,35 faizi isə “xeyr” cavabını veriblər. Sorğuya qatılanların 12,12 faizi isə ümumiyyətlə, bu haqda məlumatsız olduqlarını vurğulayıblar.

Hazırda ölkədə əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edır. Bununla bağlı işləyənlər (sığortaolunan) işəğötürənlərlə (sığortaedən) əmək müqavilələrinin bağlanılmasında, əməkhaqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan həm Dövlət Sosial Müdafə Fondunun saytı (www.sspf.gov.az), həm də “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər. Bununla yanaşı, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir.

Naibə QURBANOVA