Almaz Ələsgərli müğənnilikdən getdi

13 Aprel 2016 15:23 (UTC+04:00)

Əməkdar artist Almaz Ələsgərli Musiqili Teatrda fəaliyyətə başlayıb.

Bunu Teleqraf.com-a açıqlamasında teatrın mətbuat katibi Samir Sədaqətoğlu deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Almaz Ələsgərlinin baş rolu ifa edəcəyi yeni səhnə əsəri tamaşaçılara təqdim olunacaq.

Dövlət İncəsənət İnstitutunun (İndiki Mədəniyyət və İncəsənət Universiteti) “Musiqili komediya aktyorluğu” fakültəsinin məzunu olduğunu deyən Almaz Ələsgərli teatra sevgisindən danışıb: “İlk dəfə 1985-ci ildə, tələbə ikən məhz burda – Musiqili Teatrda səhnəyə çıxmışam. Emin Sabitoğlu və Xalidə Hasilovanın “Nəğməli könül” əsərində baş qəhrəmanı – Könül obrazını canlandırmışam.

Sonra tale elə gətirdi ki, teatrdan uzaq düşdüm, əsasən müğənnilik fəaliyyəti ilə məşğul oldum. Amma bütün bu illər ərzində ürəyim həmişə teatrın, səhnənin yanında oldu. Elə bilirdim ki, həyatımda nəsə çatmır. Əmin olanda ki, içimdəki teatr, səhnə sevgisi məni heç vaxt tərk etməyəcək, qərar verdim ki, yenidən bu şöhrətli kollektivə qayıdım.

Teatrın direktoru, xeyirxah insan, əvəzsiz dost kimi tanıdığım Əliqismət Lalayevə müraciət etdim. Sağ olsun, məni qəbul etdi, dinlədi və Musiqili Teatrda aktrisa kimi fəaliyyət göstərməyim üçün şərait yaratdı.

Hazırda baş rollardan birini ifa etdiyim yeni tamaşanın məşqləri gedir. Yaxın zamanlarda tamaşanın premyerası olacaq”.

Səhnə əsərinin quruluşçu-rejissoru İlham Namiq Kamaldır.

Nərmin