General insan alverindən danışdı - HESABAT

29 Aprel 2016 13:27 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib.

Teleqraf.com xəbər verir ki, daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov qeyd edib ki, səmərəli fəaliyyətinə görə 16 qeyri-hökumət təşkilatı daxili işlər naziri tərəfindən mükafatlandırılıb: “99 min manat civarında olan layihələr isə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib".

V.Eyvazov bildirib ki, hesab ili ərzində “Qaynar xətt” telefon xidmətinə daxil olan 13 000-dən çox müraciət araşdırılıb və hər biri üzrə qanunla müəyyən edilən tədbirlər görülüb.

“İnsan alveri ilə məşğul olan 13 cinayətkar və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib”

Onun sözlərinə görə, Azərbaycanda əvvəlki illərlə müqayisədə insan alveri və məcburi əməyə cəlb etmə halları 22 faiz artıb: “Həyata keçirilən tədbirlərlə 2014-cü illə müqayisədə hesabat ilində 22 faiz çox və ya 108 insan alveri, 8 məcburi əmək və insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərə dair 11 fakt aşkarlanıb. Bu əməllərə görə 38 şəxs (33 qadın, 5 kişi) cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri ilə məşğul olan 13 cinayətkar qrup (+4) və 1 mütəşəkkil dəstə (sabit) zərərsizləşdirilib”.

“Qurbanlardan 38-i Türkiyəyə, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiyaya aparılıb”

Milli koordinator deyib ki, müvafiq cinayətlərdə təqsirləndirilərək axtarışa verilən 27 şəxsdən 9-u tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verilib:

“Müəyyənləşən 63 qurbandan (57 qadın, 6 kişi) 38-i Türkiyəyə, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiyaya aparılıb, 14 nəfər, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalıb (5 Özbəkistan, 1 Türkmənistan və 1 Ukrayna vətəndaşı). Qurbanlardan 51-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilib və təhlükəsizliyi təmin olunub. Bütövlükdə 63 qurbana birdəfəlik müavinət verilib, 42-nə Kömək Fondu tərəfindən maddi yardım göstərilib, 22-i işlə təmin edilib, 31-i peşə kursuna göndərilib.

Həyata keçirilən profilaktik tədbirlərlə 31 qurban ailəsinə qayıdıb, sosial xidmətlə əhatə olunması üçün 51 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib. 56 qurbana hüquqi və psixoloji yardım, həmçinin 16 qurbana tibbi xidmət göstərilib. 13-ü şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunub. Qurbanların himayəsində olan 29 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 2 uşağın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 11 uşağa doğum şəhadətnaməsinin alınmasında köməklik göstərilib, 7-i müvəqqəti sığınacağa yerləşdirilib”.

“450 azyaşlının dilənçiliyə və qeyri-qanuni qulluğa cəlb edilməsi faktı aşkarlanıb”

V.Eyvazov əlavə edib ki, Azərbaycanda ötən il ərzində 450 azyaşlının küçə həyatına məruz qalması, dilənçiliyə və qeyri-qanuni qulluğa cəlb edilməsi faktı aşkarlanıb: “Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 200-dən artıq valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülüb”.

Milli Kordinatorun hesabatından sonra müzakirələr başlayıb.

Komitə sədri Siyavuş Novruzov bildirib ki, hesabat əhatəli hazırlanıb. O, həmkarlarını hesabata səs verməyə çağırıb.

Nemət