17 Dekabr 2017 09:40
9 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

…məsələn, rusiyalı yazıçı-ssenarist Kim Bakşi “Erməniləri sevməmək olmaz” adlı məqaləsində ünvanını göstərə bilmədiyi “qədim mənbələrə” istinadən ermənilərin hətta islam peyğəmbəri ilə “dostluq əlaqələri” qurmasını iddia edir: “Qüds şəhərində yaşayan ermənilərin vaxtilə Məhəmməd peyğəmbərlə yazışmaları faktı çoxlarına məlum deyildir. İslam peyğəmbəri o dövrün dünya liderlərinə islama dəvətə dair məktublar göndərib. Həmin məktublardan biri də ermənilərə ünvanlanıb (?). Lakin başqalarından fərqli olaraq Qüds erməniləri peyğəmbərə ehtiramla cavab verib, onu böyük şəxsiyyət kimi tanıdıqlarını bildiriblər. Peyğəmbərin də həmin məktuba cavabı olub. Ömər ibn əl-Xəttab, Səlahəddin Əyyubi Qüds şəhərini xaçpərəstlərdən tamamilə təmizlədikdən sonra məhz həmin məktublara əsasən, xristian ermənilərə bu şəhərdə daimi yaşamağa izn veriblər”.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Ermənilər islam ümmətinə necə daxil olublar?

Mən ermənilərin yaşadığı bir çox yerləri gəzmişəm. Oralarda erməniyə xas olan nəsə bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyədək ürəyimdə qalıb”.

M.Nalbəndyan,

erməni yazıçısı

Polşa yazıçısı Zbiqnev Yejina yazır ki, hər şey Rəbbin əlində olduğu halda, tarixçilər onun nəzarətindən çıxıblar. Lakin Yaradanın diqqətindən kənarda qalan Ermənistan tarixçiləri istəsələr də, istəməsələr də orta əsr Qərb mənbələrində ermənilər heç də xristian dünyası ilə deyil, islam aləmi ilə bağlanmış, Müsəlman Şərqinin bir hissəsi kimi qəbul edilmişlər. Odur ki, «Erməni müsəlman ola bilərmi?» sualı bu gün nə qədər qeyri-adi səslənsə də, iki yüz il, üç yüz il bundan əvvəl heç kəsdə təəccüb doğurmazdı. Yüzillikər boyu Səlcuq, Osmanlı, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi dövlətlərinin himayəsi altında öz xristian identikliklərini və etnik kimliklərini qoruyub-yaşatsalar da, onların bir hissəsinin islama tapınması, ümmətə daxil olması tamamilə adi hal idi.

Qeyd edildiyi kimi, «identiklik» anlayışı məzmun etibarilə ətrafdakıları irqi, etnik, dini, sosial, siyasi və s. mənsubiyyətlərinə əsasən «özününkülərə» və «özgələrə» ayırmaq deməkdir. Xristian dünyasında qriqorian məzhəbinin batil dini cərəyan kimi tanınması, digər tərəfdən isə Qərb və Şərq arasında gedən hərbi-siyasi qarşıdurmalarda ermənilərin bir çox hallarda islam dünyasını dəstəkləməsi də onları orta əsr Avropa ədəbiyyatında xristian identikliyindən kənarda saxlamışdı. Məsələn, XII əsrə aid olan «Narbonnalı Eymerin ölümü» fransız poemasında ermənilərin adı türklər və həbəşlərlə bir sırada çəkilir, «kafir» (müsəlman) adlandırılırdılar. Həmin poemada hətta «mavr əmirlərindən» birinin erməni olduğu da göstərilmişdi. Fransızların «Mene» («Mainet») epik dastanında isə deyilir: «Acgöz bütpərəstlər – slovaklar, ermənilər, turkopollar (Səlib müharibələri dövründə yerli türk və yunanlardan ibarət muzdlu oxatanlar), nubiyalılar qaçmağa üz tutdular». Ermənistan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi Goar Qaragözyan da XIII əsrdə avropalıların erməniləri xristian kimi deyil, «kafir», «bütpərəst», «müsəlman» kimi tanıdıqlarını qeyd etmişdir.

Türkiyədə Osmanlı dönəmindən üzü bəri «məşhur ermənilər» dedikdə yüzlərlə insanın adını çəkə bilərlər: Krikor Ağaton, Güllü Agop, Aleksan Ağa, Hovhannes Allahverdi, Mihran Apikyan, Hrant Asadur, Artin Boşgezenyan, Toetos Enserciyan, Tomas Fasulyacıyan, Qalust Sarkis Gülbenkyan, Yeremya Çelebi Kömürcüyan, Hamparsum Limonciyan, Mardiros Mınakyan, Gabriel Noradunkyan, Yervant Osgan, Hrant Sarıyan, Komitas, Hovsep Vartanyan, Avedis Zilciyan, Krikor Zohrab, Can Arat, Agop Ayvaz, Hayko Cepkin, Hrant Dink, Ara Güler, Vartan İhmalyan, Rober Hatemo, Sami Hazinses, Karin Karakaşlı, Berç Keresteciyan, Vahe Kılıçarslan, Mine Koşan, Etyen Mahçupyan, Matild Manukyan, Asu Maralman, Mıkırtiç Margosyan, Alen Markaryan, Agop Martanyan, Vahi Öz, Turgut Özatay, Arman Pandikyan, Kenan Pars, Artin Penik, Alin Taşçıyan, Nubar Terziyan, Anta Toros, Pars Tuğlacı, Arto Tunçboyacıyan, Onno Tunç, Anahit Yulanda Varan, Krikor Zohrab və s. və i. Onların arasında alim və iş adamları, jurnalist və siyasətçilər, incəsənət xadimləri, eləcə də qriqorian, katolik, protestant və müsəlmanlar da vardır.

Əlbəttə, «müsəlman ermənilər» amilinin siyasiləşdirilərək gündəmə gətirilməsi həm də Ermənistanın, onun himayədarlarının regional siyasəti ilə əlaqəli məsələdir. Onların düşüncəsinə görə, bu amil qondarma «erməni soyqırımı»nın tanınmasında, təzminat və «Qərbi Ermənistan ərazilərinin qaytarılması» iddialarının gercəkləşməsində, Türkiyədə etnik zəmində yeni qarşıdurmaların yaradılmasında mühüm rol oynaya biləcəkdir. Lakin onu da unutmaq lazım deyildir ki, Ermənistanın «müsəlman ermənilər» məsələsini sürətlə gündəmə gətirməsi onun xarici siyasət istiqamətlərində islam dövlətləri və islam təşkilatları ilə əlaqələr qurması üçün də prioritetdir. Odur ki, vaxtilə xilafətin, sonra isə Osmanlı dövlətinin sadiq təbəələri olmuş müsəlman ermənilərin «narazı sosial baza» kimi gündəmə gətirilməsi heç də Ermənistanın «islam sevgisindən» irəli gəlməmişdir. Beləliklə, Türkiyədə, Yaxın və Orta Şərqdə yaşayan müsəlman ermənilərin tarixi, onların islam dininə tapınması haqqında obyektiv məlumat Ermənistanın siyasi məqsədlərinin təsiri altında ya təhrif olunmuş, ya da yeni etnosiyasi miflərlə «zənginləşdirilmişdir». Türkiyədəki erməni əsilli «araşdırmaçılar» və «tədqiqat mərkəzləri» də bu tipli səylərdən geri qalmamağa çalışırlar. Məsələn:

«Müsəlman ermənilər» platforması: «Türkiyənin təkpartiyalı iqtidarı (AKP hakimiyyəti nəzərdə tutulur) insanların kəllə sümüyünü ölçür və Ari türk irqini (?) ortaya çıxarmağa çalışır. Bu məqsədlə 64 min nəfərin kəllə sümüyü ölçülmüş, hətta məzarlar da açılmışdır. İttihatçı təkpartiyaçılar (?) əslən erməni olan Memar Sinanın (?!) da kəlləsini məzardan çıxarmış, lakin yerinə qoymamışlar. Güman ki, kəllənin parametrləri məqsədləri ilə düz gəlmədiyi üçün onu məhv etmişlər».

Yervant Baret Manok: «Dünyanın ən görkəmli türbəsinin hansı müsəlman erməni üçün tikildiyini, Şah Cahanın arvadı Mümtaz Mahalın erməni olduğunu bilirdinizmi?»

Qeyd: Yervantın bu sayıqlaması üçün «elmi mənbə» 2015-ci ildə Ermənistanda «Naməlum ermənilər» silsiləsindən lentə alınmış «Tac Mahal: erməni qadını Hindistanın rəmzidir» filmi olmuşdur. Filmin məntiqinə görə, Mümtaz Mahal «müsəlman erməni», daha doğrusu, «islamı qəbul etmiş İran ermənilərindən biri» olduğu üçün Tac Mahal da «erməni-islam abidəsi» hesab edilməlidir. Ermənilər 2016-cı il mart ayının 10-da Hindistanda həmin filmin baxışını təşkil etsələr də, bu ölkənin alim və ziyalıları tədbirdə iştirakdan imtina etmişlər. Xatırladaq ki, tarixi mənbələrə görə, «Mümtaz Mahal» kimi tanınan Ərcümənd Banu Bəyim Şah Cahanın atası Cahangir şahın baş vəziri, Azərbaycanın Səfəvilər sülaləsindən olan Əbdülhəsən Asəf xanın qızıdır.

Yervant Baret Manok: «Böyük qəhrəman Səlahəddin Əyyubinin yüzdəyüz erməni olduğu barədə əlimizdə tutarlı fakt yoxdur. Bəzi tarixçilər Əyyubilərin kürd olduğunu söyləyirlər. Qərb tarixçiləri də Səlahəddinin Ermənistandan gəlmiş kürd olması iddiasındadırlar. O dövrdə regionda daha çox erməni yaşadığından İrəvan tarixçiləri onu «müsəlmanlaşmış erməni» kimi təqdim edirlər».

«Müsəlman ermənilər» platforması: «Bəzi Qərb qaynaqlarına görə (mənbələrin adı çəkilmir), Səlcuq bəyi, Danişməndilər sülaləsinin banisi və Danişməndi bəyliyinin qurucusu olmuş Danişmənd Qazi (Gümüştekin Danişmənd Əhməd Qazi) etnik ermənidir və Bizans zülmündən qaçaraq İrana sığınmış, orada islamı qəbul etmişdir».

«Müsəlman ermənilər» platforması: «Həmşinliləri zorla türk etnosu içərisinə soxmağa çalışanlar buradakı qoç məzar daşlarının səlcuqlarda və əski türklərdə də olduğunu iddia edir, bu səbəbdən onların oğuz və ya qıpçaq kökənli olduğunu bildirirlər. Elə isə Ermənistandakı və Naxçıvandakı erməni məzarları (?) üstündəki qoç heykəllərinə nə deyirsiniz? Oradakılar da türkdürmü?»

İsmət Özel, islamçı şair: «Qara çarşab (çadra) bizə ermənilərdən miras qalmış, mədəniyyətimizə ermənilər tərəfindən gətirilmişdir».

Bu tipli sərsəm iddiaların siyahısını artırmağa ehtiyac görmürük. Bununla belə, bu mövzuya dair Ermənistanda, Rusiyada və Türkiyədə aparılmış araşdırmaların təhlilinə əsasən, müsəlman ermənilərin isam dinini qəbul etmələri dörd mərhələyə bölünür:

1. Xilafət dövründə könüllü şəkildə islam dininə tapınan ermənilər.

2. XIV-XVI əsrlərdə Osmanlı dövlətində islamı qəbul etmiş ermənilər.

3. Qondarma «erməni soyqırımı»ndan sonra «həyatda qalmaq üçün etnik kimliklərini gizlədib müsəlmanlar arasında yaşayan və islama tapınmağa məcbur edilən» ermənilər.

4. Müasir dövrdə islamı qəbul etmiş xristian ermənilər.

Ermənistan üçün bu mərhələlərin hər birinin «faydalı iş əmsalı», onlardan siyasi məqsədlər üçün istifadə olunmasının əhəmiyyəti müxtəlifdir. Ərəb xilafəti və Osmanlı dövləti dönəmində islam dininə tapınan ermənilər Türkiyənin müsəlman icmasına sıx şəkildə inteqrasiya olunmuş, onların törəmələri türk, kürd və bəzi bölgələrdə isə ərəb etnomədəniyyətinin daşıyıcılarına çevrilmişlər. Yaşadıqları bəzi kəndlərin toponimləri və mənsub olduqları tayfaların adları onların əcdadlarının nə vaxtsa erməni olduğunu göstərir. Lakin ulu babalarının erməni mənşəyi onlar üçün şərtidir, dinlərini dəyişmək, «erməni etnik kimliyinə qayıtmaq» niyyətində deyillər. Ermənistanın onların içərisinə nüfuz etmək səyləri indiyədək təsirsiz qalmışdır. Müasir dövrdə könüllü şəkildə islam dinini qəbul etmiş azsaylı qrupu, hətta onlardan radikal dini cərəyanlara meyil edənləri Ermənistan özünə qarşı ciddi təhlükə mənbəyi hesab etmir. Həmin qrupun böyük hissəsi xristianlıqdan uzaqlaşdıqdan sonra proseslərə, o cümlədən «erməni məsələsi»nə «islam kosmopolizmi» çərçivəsindən yanaşır, «ümmət» anlayışı, «müsəlman həmrəyliyi» prinsipi onlarda yeni mövqe formalaşdırmışdır. Ermənistan bu qrupun digər – millətçi hissəsini öz strateji maraqlarının təminatında istifadə edir və onların vasitəsilə ayrı-ayrı müsəlman icmalarına, dini təşkilatlara və s. nüfuz etməyə səy göstərməkdədir.

Hazırda Ermənistan üçün daha çox siyasi əhəmiyyət daşıyan qrup «1915-ci il hadisələri zamanı zor gücünə islam dinini qəbul etmiş» ermənilərdir. Onlar müsəlman olsalar da, etnik mənşələrini, erməni dilini və adət-ənənələrini, babalarının xristian kimliklərini unutmamışlar. Rəsmi İrəvan və onun havadarı olan dövlətlər Türkiyə əleyhinə narazı etnik sosial bazanın yaradılmasında ilk növbədə onların imkanlarından istifadə etməyə çalışırlar.

1. Xilafət dövründə islam dininə tapınmış ermənilər. Rəcəb Tayyib Ərdoğan Universitetinin ilahiyyat fakültəsinin professoru Nəbi Gümüş «İslam tarixi qaynaqlarında ermənilər» məqaləsində yazır ki, islam ordularının irəlilədiyi bütün bölgələrdə müsəlmanlarla ermənilər həmişə qarşı-qarşıya gəlsələr də, sonralar islam bayrağının altına keçmiş və birlikdə yaşamışlar. Bu şəkildə təməli qoyulan müsəlman-erməni münasibətləri siyasi, hərbi, iqtisadi və sosial-mədəni sahələr üzrə inkişaf etdirilərək ermənilərin «milləti-sadiqə» kimi tanınmasına, Osmanlı dönəmində dövlət sistemi içərisində mühüm yer tutmasına səbəb olmuşdu. N.Gümüş onu da əlavə edir ki, «Ermənilər islam idarəçiliyi altında din azadlığı içərisində yaşamış və etnik kimliklərini qorumuşlar. Hətta islam fatehləri dönəmində də müsəlmanlara zor və ya müqavimət göstərməmişlər. Müsəlmanlar haqqında qənaətləri sayəsində ermənilər arasında islam dinini seçənlər, islam elmlərində dərin bilik sahibi olanlar da var idi».

Ərəb xilafətinin hərbi yürüşləri nəticəsində regionun digər xalqları kimi ermənilərin də islamı qəbul etmələri tamamilə təbii olsa da, erməniqriqorian kilsəsi üçün bu həqiqət arzuolunmazdır. Çünki «ilk xristianlardan olan ermənilərin» İsa Məsih təlimindən imtina edərək müsəlman ümmətinə qoşulmaları kilsənin etnik və dini identikliyinin bölünməzliyi prinsipinə tamamilə ziddir. Bununla belə, son dövrlərdə Ermənistan müsəlman dövlətləri ilə əlaqələrinin həm də islam dini amili ilə möhkəmləndirilməsi məqsədilə ermənilərin hətta «ilk müsəlman xalqlarından biri olması», islam mədəniyyətinə töhfələri, «qədim erməni dövlətləri ilə Ərəb xilafəti arasında müttəfiqlik münasibətləri haqqında açıq saxtakarlıq cəhdlərinə də əl atır və bu miflərə dair «təkzibolunmaz sübutlar» yaratmağa səy göstərirlər. Məsələn, rusiyalı yazıçı-ssenarist Kim Bakşi «Erməniləri sevməmək olmaz» adlı məqaləsində ünvanını göstərə bilmədiyi «qədim mənbələrə» istinadən ermənilərin hətta islam peyğəmbəri ilə «dostluq əlaqələri» qurmasını iddia edir: «Qüds şəhərində yaşayan ermənilərin vaxtilə Məhəmməd peyğəmbərlə yazışmaları faktı çoxlarına məlum deyildir. İslam peyğəmbəri o dövrün dünya liderlərinə islama dəvətə dair məktublar göndərmişdir. Həmin məktublardan biri də ermənilərə ünvanlanmışdır (?). Lakin başqalarından fərqli olaraq Qüds erməniləri peyğəmbərə ehtiramla cavab vermiş, onu böyük şəxsiyyət kimi tanıdıqlarını bildirmişlər. Peyğəmbərin də həmin məktuba cavabı olmuşdu. Ömər ibn əl-Xəttab, Səlahəddin Əyyubi Qüds şəhərini xaçpərəstlərdən tamamilə təmizlədikdən sonra məhz həmin məktublara əsasən, xristian ermənilərə bu şəhərdə daimi yaşamağa izn vermişlər».

Şərqşünas Yervant Baret Manok da ermənilərin vaxtilə Hz. Məhəmmədlə əlaqə qurmalarına əmindir və başqalarını da bu xülyaya inandırmağa çalışır. Lakin onun fərziyyəsinə görə, hadisə Kim Bakşinin yazdığı kimi baş verməmişdir. Belə ki, Hz. Məhəmməd Qüds ermənilərinə heç vaxt məktub göndərməmişdir. Əgər belə olsaydı, qədim islam mənbələrində də bu məsələyə toxunulardı. Əksinə, məhz ermənilər öz təşəbbüsləri ilə islam peyğəmbərinə məktub ünvanlayaraq, müsəlmanların himayəsinə könüllü daxil olmaq istədiklərini bildirmiş, bununla da islam dünyasında onların toxunulmazlığı təmin edilmişdi. Yervant Baret Manok eyni zamanda Anadoluda yaşayan ermənilərin islam dinini həvəslə, heç bir zorakılıq olmadan qəbul etdiyini də bildirir. Bu proses isə VII əsrdə – xilafət ordusunun Anadoluya hərbi yürüşləri zamanı başlamışdır. Ərəblər işğal etdikləri ərazilərdə yaşayan müsəlman ermənilərin də imkanlarından daim faydalanmışlar. Belə ki, «Erməni kişiləri orduya və ağır fiziki iş tələb edən sahələrə cəlb olunmuş, qadınları isə əsasən saraylarda cariyəlik etmişlər. Məhz Abbasilər sülaləsinin hakimiyyətdə olduğu illərdə müsəlman ermənilər sarayda mühüm postları tuta bilmişlər».

Əslində, ermənilərin islam peyğəmbəri ilə «məktublaşması» onların yeni təşəbbüsü olmadığı üçün təəccüblə qarşılanmamalıdır. Erməni tarixşünaslığının atası, erməni saxtakarlığının təməlini qoymuş Movses Xorenatsi də «Tarix» kitabında guya qədim soydaşlarının əvvəllər də Rəbb elçilərinə sevgi dolu məktublar göndərdiklərini qeyd etmişdi. Onun salnaməsinə əsasən, hələ İsa Məsihin sağlığında «Böyük Ermənistan» ərazisindəki Edessa şəhər-dövlətinin «erməni hökmdarı» V Abqar dostluq və əməkdaşlığın qurulması məqsədilə ona məktub yazmış və elçiləri ilə Yerusəlimə göndərmişdi. Movses Xorenatsi həmin məktubun mətnini dəyişmədən «orijinalda olduğu kimi» oxucularına çatdırır. Məlum olur ki, bütpərəst Abqar xristianlıq yaranmamışdan, Hz. İsa dar ağacına çəkilməmişdən, hətta İncil yazılmamışdan çox-çox əvvəl xristian olmuş və bu dinin ehkamlarını mənimsəmişdi. «Öncəgörmə qabiliyyətinə malik olan» hökmdar hətta həvarilərdən əvvəl İncil «Müjdələr»inin mətnləri ilə yaxından tanış olmuşdu. Üstəlik, üzünü görmədiyi İsa Məsihin Rəbbin təcəllisi olmasına və nə vaxtsa zühur edəcəyinə bəribaşdan əmin idi. Diqqət edin, məktub hökmdar Abqarın bu səmimi sözləri ilə başlayır: «Xristos» (!) adlanan İsaya Edessa ölkəsinin (halbuki ölkənin adı «Osroena» idi) hökmdarı və Sənə qul olmağa layiq görülməyən Abqar tərəfindən». Sonra isə yazılır: «Mən Abqar, Ermənistan ölkəsinin (?) hökmdarı Yerusəlim torpağına təşrif buyurmuş İsa Xilaskara (!) və Xeyirxaha öz salamlarımı yetirirəm… Sənin haqqında hər şeyi eşitdim və öz ağlımla belə fikirləşdim ki, ikisindən birisən: Sən ya Rəbbin özüsən, ya da bu möcüzələri yaradan Rəbbin oğlusan. Bu məktubu yazıb səndən xahiş edirəm ki, zəhmət çəkib yanıma gələsən və məni mübtəla olduğum xəstəlikdən qurtarasan». Abqar həvarilərdən Mattanın, Lukanın, Markın gələcəkdə yazacağı «Müjdələr»ə əsasən İsanın ölümünə «yəhudilərin bais olacağını» öncədən görərək, bunları da əlavə edir: «Eşitmişəm ki, yəhudilər səni yaman şərləyir, sənə əzab vermək istəyirlər... Mənim balaca, amma çox gözəl şəhərim var. Bura gəl. İkimizə də kifayət edər».

Diqqət edin, iddialara görə, eramızın əvvəllərində qələmə alınan məktubda Hz. İsaya xitabən «Sən ya Rəbbin oğlusan, ya da Rəbbin özüsən» ifadəsi – xristianlığı məzhəblərə parçalayan dilemma da öz əksini tapmışdı. Təbii ki, eramızın 30-cu illərində, hələ İsanın sağlığında bütpərəst V Abqar bunlardan xəbərsiz olmalı idi. Çünki İsa Məsihin ilahi və ya bəşəri təcəllisinə dair diofizit və monofizit məzhəblər arasındakı qarşıdurmalar hələ təqribən 400 il sonra başlanacaq, IV Xalkidon Kilsə Məclisində isə xristianlığın cərəyanlara parçalanması ilə nəticələnəcəkdi. Digər ziddiyyətli məqam isə V Abqarın İsa Məsihi böyük ehtiramla «Xristos» adlandırmasıdır. Məlumdur ki, Yaxın və Orta Şərqin qədim dövlətlərində – Şumer, Babil, Akkad və Assuriyada hökmdarların taxta çıxması mərasimlərində və ya baş kahinlər təyin olunarkən onların başına müqəddəs zeytun yağı çəkilərdi. Bu qədim ayin yəhudilərdə «maşiah», ərəblərdə «məsih» adlanırdı, sonralar iudaizmdə, xristianlıqda və islamda «meşah», «messiya», «məsih» şəklinə düşərək, «xilaskar», «mehdi» anlamını verməyə başlamışdır. Eramızın I-III əsrlərində «xristos» sözü bütpərəstlərin İsa tərəfdarlarına şamil etdikləri təhqiredici ifadə olmuşdu. Roma imperiyası ərazisində yunanlar Hz. İsanın ünvanına həqarətlə «Xristos» (başı yağlanmış) demiş, onun tərəfdarlarını isə «xristianos» (xristianlar) çağırmışlar. Yalnız həvari Pavelin səyləri ilə iudaizm, mehranilik ehkamlarının, Roma bütpərəsliyi elementlərinin sintezi nəticəsində yeni sinkretik dini təlimin – xristianlığın yaranmasından, formalaşmasından və mövqelərini möhkəmləndirməsindən sonra bu ifadə tədricən müsbət kontekstdə istifadə olunmağa başlamışdı. Belə olan təqdirdə V Abqarın məktubunda «Xristos» sözünü yazması da mətnin orijinallığını şübhə altına alır…

«Ermənilər və islam» məsələsinə qayıdaq. 2015-ci ildən etibarən Ermənistan Respublikası xarici siyasətində islam dövlətləri və təşkilatları ilə əlaqələrin qurulması xəttini müəyyən etdikdən sonra elmi dövriyyədə və mətbuatda «müsəlman ermənilərin islam tarixində əhəmiyyətli roluna», «Böyük Ermənistan dövlətində islam dininin yayılması üçün yaradılmış şəraitə», «islamın Cənubi Qafqazda yayılmasında müsəlman ermənilərin müstəsna xidmətlərinə» dair materialların dövriyyəyə buraxılmasına, bu tipli iddialara yeni faktoidlərin əlavə olunmasına başlanılmışdı. Məsələn, guya vaxtilə Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və İran ərazilərindən ibarət «ermənilərin müstəqil islam dövlətinin – «Ermənistan Əmirliyi»nin (İmarat əl-Ərməniyyə) mövcudluğu» haqqında rus, ingilis, ərəb və fars dillərində çoxsaylı qondarma materiallar yayılmaqdadır. Həmin iddialara əsasən, xəlifə Əbd əl-Malikin hakimiyyəti illərində təsis edilən, IX əsrdə isə süquta uğrayan «Ermənistan Əmirliyi» guya dörd «müsəlman erməni vilayətindən» ibarət olmuşdu:

• «I Ermənistan» – Qafqaz Albaniyası və Dərbənd (Azərbaycan);

• «II Ermənistan» – İberiya (Gürcüstan);

• «III Ermənistan» – Araz çayından Urmiyə gölünədək olan ərazilər (İran);

• «IV Ermənistan» – Türkiyədə Şərqi Anadolu və Qara dəniz sahilləri.

Bununla da erməni təbliğatı «müsəlman erməni dövlətçiliyi» mifi ilə Türkiyə, Suriya və İraq ermənilərinin, həmşinlilərin və digər müsəlman ermənilərinin «Dağlıq Qarabağ Respublikası»nda məskunlaşması planını «onların tarixi vətənə qayıdışı» kimi əsaslandırmağa çalışır. Eyni zamanda, sosial şəbəkələrdə dezinformasiya xarakterli fəal təbliğat tədbirləri qismində növbəti material – «Müsəlman erməni camaatı»nın (əhli-sünnə əl Arminiya) lideri, «Vahid Ermənistan və Arran əmirliklərinin yaradılması hərəkatının» rəhbəri, xristian Mikael Allahverdov-Amatuninin Qafqaz və Şərqi Anadolu əhalisinə müraciəti, əmirlik bayrağının təsviri və gələcək dövlətin xəritəsi də yayılmışdır.406 Xüsusilə qeyd etmək lazımdır ki, Rusiyanın rəsmi dairələrinin nəzarətində olan separatçı Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin (təşkilatın prezidenti Arif Kərimov Rusiya Federasiyasının Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvüdür) saytında da «Cənubi Qafqazdakı qədim müsəlman erməni dövlətçiliyinə» dair materiallar yer almaqdadır.

Türkiyədə fəaliyyət göstərən və Xalqların Demokratik Partiyasının (HDP) siyasi tərəfdaşı olan «Nor Zartonk» erməni təşkilatının xətti ilə islam dininin yayılmasında və müsəlman Şərq mədəniyyətinin formalaşmasında müsəlman ermənilərin tarixi missiyalarına dair kütləvi tədbirlər təşkil edilir. 2017-ci il mart ayının 25-də İstanbulda həmin təşkilatın dəstəyi ilə Özəl Getronagan erməni liseyində (GLYD) «Ermənilərin islam dini ilə əlaqələri. Barış, savaş, diplomatiya» mövzusunda keçirilmiş konfransda Yervant Baret Manok da çıxış etmiş və aşağıdakı mövzulara toxunmuşdur: «Xristian və ya islamlaşdırılmış ermənilərin Hz. Məhəmməd, dörd xəlifə, Əməvilər, Abbasilər, Fatimilər, Əyyubilər, Məmlüklər sülalələri, İran və digər islam dövlətləri ilə tarixi əlaqələri»; «Bir sıra islam dövlətlərində yaşayan və bu dövlətlərə xidmət edərək ən yüksək mövqelər tutmuş sünni və şiə ermənilər».

2. XIV-XVI əsrlərdə Osmanlı dövləti ərazisində islamı qəbul etmiş ermənilər. Osmanlı torpaqlarında yaşadıqları yüzilliklər ərzində xristian ermənilər «milləti-sadiqə» adını qazanaraq xristian təbəələr sırasında dillərini, dinlərini və mədəniyyətlərini qoruyub-saxlamış, müsəlman ermənilər isə islam ümmətinin tərkib hissəsi olaraq türk-islam cəmiyyətinə daha sıx inteqrasiya etmişlər. Qeyd edək ki, Osmanlının ilk dövrlərində ortodoks və katolik ermənilər fərqli kilsələrə və dini düşüncəyə sahib olsalar da, onlara fərq qoyulmamışdır. İstanbulun fəthindən sonra – 1461-ci ildə Sultan Fateh Mehmet xristian erməniləri «millət» olaraq tanımış, Bursadakı baş yepiskop Ovakimi buraya gətirmiş və sultan fərmanına əsasən, Osmanlı ərazilərinin erməni patriarxlığı yaradılmış, katolik, qriqorian və pravoslav ermənilər arasındakı məzhəb və mənafe savaşına müvəqqəti də olsa son qoyulmuşdu. İstanbul erməni patriarxlığı sultandan geniş imtiyazlar almış, Osmanlı dövlətində bir çox xristian təbəələrə – boqomillərə, suryanilərə, poşalara (boşalar, xristian qaraçılar), Bosniya, Misir, Suriya xristianlarına nəzarət də kilsənin başlıca vəzifələrindən sayılmışdır.

X əsrin sonu – XI əsrin əvvəllərində yaşamış «Asohik» (erm. – «çoxdanışan») ləqəbli erməni tarixçisi Stepanos Taronetsi yüzillər boyu Bizans və ermənilər arasında məzhəb zəminində düşmənçilik münasibətlərindən, türklərin bu qarşıdurmalara son qoymasından, sabitlik yaratmaqlarından bəhs edərək yazırdı: «Bizansla düşmənçilik edən ermənilər türkləri böyük sevinclə qarşılamış, onlara hər cür yardım göstərmişdilər». Həqiqətən də ermənilər, xüsusilə qriqorian kilsəsi türklərin simasında onları Bizans zülmündən qurtaran xilaskarlarını görürdülər. Erməni tarixçisi Matevos Uraetsi (XII əsr) salnaməsinin 129-cu xronikasında türklər haqqında belə bəhs edirdi: «Sultan Məlikşahın qəlbi şəfqət və mərhəmətlə doludur. Onun xristianlara münasibəti çox yaxşıdır. O, ermənilərə sülh və sevinc gətirmişdir». Eçmiədzin Sinodunun prokuroru A.Frenkel də 1907-ci ildə Müqəddəs Sinoda təqdim etdiyi arayışında bildirmişdir ki, Türkiyə və İranda «ermənilər öz ağalarına məxsus maliyyə sahələrinə sürətlə daxil ola, demək olar ki, bütün ticarəti və kredit işini öz əllərinə ala bilmişlər». Qeyd edək ki, 1477-ci ildə İstanbulda 9486 müsəlman, 3743 yunan ortodoks, 1647 yəhudi, 434 erməni, 384 qaramanlı (pravoslav türklər), 332 qalatalı və s. ailəsi yaşayırdı.

(Ardı var)


Müəllif: Səxavət Həmid