18 Dekabr 2017 11:29

HAYASA analitik mərkəzinin direktoru Tiqran Manasyan isə bu fikirdədir ki, hazırda erməni-qriqorian kilsəsinin cəmiyyət daxilində mövqeləri və birləşdirici funksiyası ölkədə islam da daxil olmaqla, müxtəlif din və təriqətlərə qoşulanların sayının sürətlə artmasına səbəb olub. Mərkəzin təhlillərinə əsasən, belələrinin sayı hazırda 300 min nəfərdən çoxdur. Bu proses artan sürətlə davam etməkdədir. T.Minasyan islamın Ermənistanı “işğal etməsinin” qarşısının alınmasında çıxış yolunu Ermənistan, Rusiya və Gürcüstan arasında hərbi-strateji əməkdaşlığın qurulmasında görür. Belə ki, o, isterika içərisində üzünü rəsmi Moskvaya tutaraq bildirir: “Əgər Rusiya Suriya hakimiyyətini (Bəşər Əsəd rejimini) dəstəkləməkdən imtina edərsə və qoşunlarını Ermənistan ərazisindən çıxararsa, bu, xristianlığın mövqeyinin zəifləməsi, islamın isə regionda güclənməsi ilə nəticələnəcək. Ermənistanın süqutu Gürcüstanın dezinteqrasiyasına gətirib çıxaracaq, sonrakı mərhələlərdə isə proseslər Rusiya Qafqazında – Dağıstanda, Çeçenistanda, İnquşetiyada və s. davam edəcək. Rusiya bu problemin öhdəsindən təkbaşına gələ bilməyəcək. Bunun üçün isə Moskva-Tiflis-İrəvan xətti gücləndirilməlidir. Ermənistanın və Rusiyanın bəzi dairələri aydın dərk etməlidirlər ki, Rusiya Ermənistanı qoruyur, Ermənistan isə öz növbəsində Rusiya üçün vacib geosiyasi elementdir”.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Bununla belə, qriqorian, katolik, protestant ermənilər arasında mənafe mübarizəsi indiyədək səngiməmiş, missionerlik fəaliyyətləri ilə bir-birinin adeptlərini, kilsələrini ələ keçirməyə çalışmışlar. Çox vaxt bu qarşıdurmalar silahlı toqquşmalarla nəticələnmişdi. Lakin XIX əsrin əvvəllərinə kimi müsəlman ermənilər onların həm dini, həm də siyasi maraq dairəsindən kənarda qalmışlar. Buradakı erməni əşirətlərinin bir hissəsi islamı hələ xilafət yürüşləri zamanı qəbul etsələr də, Osmanlının hətta son dönəmlərində də bu proses müşahidə olunmuşdur. Xüsusilə vurğulamaq lazımdır ki, erməni tarixçilərinin iddialarına baxmayaraq, Osmanlı dövləti tarix boyu xristian təbəələrinin «islamlaşdırılması» siyasətini yürütməmişdi. XIX yüzilliyin sonlarında müsəlman olmuş etnik ermənilər icma halında Bursa və Kütahya bölgələrində yerləşmişdilər. 1794-1850-ci illər arasında isə bir qrup erməni Trabzonda islam dinini qəbul etmişdi.

Ermənistan isə siyasi maraqlar naminə bu reallıqlarla barışmaq istəmir. Hələ 1973-cü ildə Ermənistan SSR Elmlər Akademiyasının əməkdaşı Gevorq Xalaçyan «Dərsim ermənilərinin etnoqrafiyası» adlı məqaləsində «Dərsim» (Tunceli) toponiminin tarixini də «islamlaşdırılmış ermənilər»lə bağlamağa çalışmış, hətta bu barədə orijinal rəvayət də uydurmuşdu. Məlum olmuşdu ki, Cəlalilər hərakatı zamanı bu ərazidəki xristian erməni kəndləri silahlı müqavimət göstərməyin əhəmiyyətsiz olduğunu görüb «həyatlarını qorumaq məqsədilə» islam dinini, daha doğrusu, ələviliyi qəbul etməyi qərara almışlar. Bu aksiya əhali arasında böyük nüfuza malik keşiş Ter-Simonun başçılığı ilə həyata keçirilmişdi. Keşiş isə müsəlman olduqdan sonra başına yaşıl çalma bağlayıb özünü «Qureyşanlar ocağının piri imam Seyid Əli» adlandırmışdı. G.Xalaçyana görə, ermənilərin «qədim torpaqları olan «Dərsim» toponimi əslində «Ter-Simon» adının təhrif edilmiş variantıdır.

Həm xilafət, həm də Osmanlı dövləti zamanı ermənilər türk etnoməkanına sıx şəkildə inteqrasiya olunmuşlar. Həmin dövrlərdə türk dilini bilməyən, türk adət və ənənələrini mənimsəməyən erməni ailəsinə – istər xristian, istərsə də müsəlman – rast gəlmək mümkün deyildi. Türk dili erməni icmaları üçün həm də ədəbiyyat, mədəniyyət dili idi. Məsələn, Osmanlı dövlətində erməni hərfləri ilə türk dilində çap edilən kitab və qəzetlərin müəllif və naşirləri, oxucuları da məhz ermənilər olmuşlar! Təkcə 1850-1890-cı illər arasında İstanbulda nəşr edilən 100 qəzetdən 54-ü bu şəkildə işıq üzü görmüşdü. Buradakı 90 mətbəədən 34-ü ermənilərə məxsus idi. Hətta Osmanlı ərazisində türk dilində yazıb-yaradan 400-dən çox erməni aşığı müəyyən edilmişdi. Bütün bunlar indi Ermənistanda iddia olunduğu kimi «assimilyasiya siyasəti» deyil, əksinə xalqların mədəniyyətlərinin qarşılıqlı mübadiləsinə söykənən polikultural həyat tərzi idi.

3. Qondarma «erməni soyqırımı»ndan sonra islamı «zorən qəbul etmiş ermənilər». Qeyd edildiyi kimi, müşahidələrə əsasən, Türkiyədəki müsəlman ermənilərin və «erməni» olduqları iddia edilən həmşinlilərin də «etnik və dini kimliklərinə» qaytarılması Ermənistanın və onu himayə edən dövlətlərin siyasi planlarının tərkib hissəsidir. Erməniləri «Osmanlı dövlətinin «aparıcı qeyri-müsəlman xalqı» adlandıran türkoloq Ruben Melkonyan bu fikirdədir ki, imperiya xristian erməniləri müsəlmanlaşdırmaq məqsədilə müxtəlif dövrlərdə aksiyalar həyata keçirsə də, «islamlaşdırma» siyasəti guya qondarma «erməni soyqırımı» ərəfəsində və ondan sonra kütləvi xarakter almağa başlamışdır. Onun məntiqinə əsasən, ermənilərə islam dinini qəbul etdirməkdə «türklərin ali məqsədi erməniləri assimilyasiya deyil, bir xalq kimi tamamilə məhv etmək» olmuşdu. Moskva Dövlət Universitetinin professoru Mrkrtıç Mnaçakanyan Rusiyanın ali təhsil müəssisələri üçün dərslik kimi qəbul edilmiş «Millət və millətçilik. Milli həyatın sosiologiyası və psixologiyası» kitabında bu iddiaları daha da inkişaf etdirərək ermənilərin «etnik bütövlüklərini» saxlamaq üçün yeni etnosiyasi simbioz obyekti olan Rusiya-Ermənistan münasibətlərinin «psixoloji mənbələri» haqqında bunları bildirmişdir: «Erməni xalqının psixologiyasında «milli dost» və «milli düşmən» obrazları kəskin, aydın və ünvanlı şəkildə müəyyən edilmişdir… İvan Qroznı və Boris Qodunov dönəmlərindən rəsmiləşdirilən dost obrazı Böyük Pyotr və İkinci Yekaterinanın hakimiyyətdə olduqları illərdə özünü daha aydın büruzə vemişdi. Bu zaman ermənilər milli xilas yolunu şimaldakı böyük xristian xalqına – ruslara möhkəm şəkildə bağlamışdılar. «Milli düşmən» obrazı isə birmənalı olaraq türklərlə əlaqələndirilir». Akademik Suren Ayvazyan isə bu dostluğun və «ortaq türk düşmənçiliyinin» daha dərin tarixə malik olduğunu göstərməklə, onun köklərini qondarma «Qərbi Ermənistan torpaqlarına», Anadolu ərazilərinə transformasiya edir. Belə ki, «Arilər – ermənilər və ruslar bir millət kimi Ermənistan yaylasında, Ararat dağının ətəklərində doğulmuş və böyümüşlər».

İrəvandakı Qafqaz-Xəzər Regionu Avtoxton Xalqları İnstitutunun direktoru, professor Qarnik Asatryan hələ 1993-cü ildə qondarma «erməni soyqırımı» və həmin dövrdə Türkiyədə «zor gücünə islamlaşdırılmış» ermənilərin tədqiqat obyekti kimi öyrənilməsini «Ermənistan elminin mühüm istiqaməti» kimi dəyərləndirmişdi. Onun iddialarına görə, «İslamlaşdırılmış ermənilərin tarixinin tədqiqi, bu barədə materialların təsnifatı elmin ciddi və maraqlı sahəsi olmaqla yanaşı, erməni xalqının mənafelərinə cavab verən mövzudur. Bu barədə istənilən materialın dərc edilməsi milli tarixin bərpasına yönəldilmiş mühüm addımdır». Maraqlıdır ki, həmin «islamlaşdırılmış ermənilərin tarixən yaşadıqları ərazilər» təkcə Ermənistan tarixçilərinin «Qərbi Ermənistan» adlandırdıqları bölgələri deyil, Türkiyənin digər torpaqlarını, qeyri-erməni xalqları da əhatə edir: Hopa, Ardvin, Rizə, Trabzon, Biləcik, Balıkesir, Ərzurum, Qars, Diyarbəkir, Ərzincan, Adıyaman, Bolu, Sakarya, Bayburt, Elazığ, Malatya, Batman, Siirt, Mardin, Tunceli, Bingöl, Muş və s. Onların «statistikasına» gəldikdə isə Ermənistan fantastik rəqəmlər ortaya qoymaqla, qondarma «erməni soyqırımı» zamanı islam dinini qəbul etmiş ermənilərin sayının «ilkin dövrlərdə 500 min, hazırda isə 3 milyondan çox (bəzi mənbələrdə isə 7-10 milyon!) olduğunu iddia etməkdədir.

Onu da vurğulamaq lazımdır ki, Ermənistan təbliğatının bütün cəhdlərinə baxmayaraq, müsəlman ermənilər Birinci Dünya müharibəsi illərində Osmanlı dövlətinə qarşı çıxış etməmiş, İstiqlal savaşında türk əsgərləri ilə çiyin-çiyinə vuruşmuşlar. Erməni alimlərinin istinad etdikləri və adını «erməni milli-azadlıq hərəkatının qəhrəmanı» kimi hallandırdıqları Mehmet əfəndinin şəxsiyyətinə gəldikdə isə onların özləri onun kimliyini etiraf edirlər. Məlum olmuşdur ki, Gevoq Çavuşun və Andronikin dəstəsində dinc müsəlman əhaliyə, o cümlədən müsəlman ermənilərə qarşı xüsusi amansızlığı ilə seçilən və əsl adı «Avetis» olan bu xristian erməni məqsədli şəkildə islam dinini qəbul edərək Osmanlı ordusuna qoşulmuş, burada terror və təxribatlar törətmişdir. İstiqlal savaşından sonra isə Türkiyədən qaçmış, ömrünün sonunadək ABŞ-da aclıq və səfalət içərisində yaşamışdır. Erməni araşdırmaçı – Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin əməkdaşı (!) Samvel Kazaryan isə «İtirilmiş ermənilik» geriyə yol tapacaqmı?» başlıqlı məqaləsində yazır: «Bir çox erməni özlərini «müsəlman kürd» kimi tanıdaraq kürdlərin milli-azadlıq hərəkatının sıralarına qoşulmuş, osmanlılara qarşı mübarizə aparmışdır». Sual oluna bilər: əgər məqalə müəllifinin yazdığı kimi, həmin illərdə ermənilər və kürdlər Rusiya imperiyasının yardımı ilə Osmanlı dövlətinə qarşı birgə çıxış etmişdilərsə, bu zaman ad, etnik mənsubiyyət və dinin dəyişdirilməsinə nə lüzum var idi?

Ermənistanın bütün iddialarına baxmayaraq, Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə xristian ermənilər də yaxından iştirak etmişlər. Tarixçi Murat Yolçu İstiqlal savaşında Türkiyə Müdafiə Nazirliyinin arxivlərində apardığı araşdırmalar nəticəsində Çanaqqala döyüşündə türklərlə çiyin-çiyinə düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparan xristian ermənilərin adlarını müəyyən edə bilmişdir. Onlardan biri 24 yaşlı Akop Matyosoğlu İzmitdən döyüş bölgələrinə gəlmişdir. Onun həmyaşıdı olmuş Bedros Akopoğlu 1915-ci il may ayının 13-də yaralanmış və İzmit xəstəxanasında vəfat etmişdir. Çanaqqalada yaralanmış digər erməni «mehmetcik» – 28 yaşlı Bedros Surupoğlu da hərbi xəstəxanada dünyasını dəyişmişdir. Milliyət» qəzetinin müxbiri Mehmet Gündem Çanaqqalada 105 qeyri-müsəlman əsgərin şəhid oluğunu aşkar etmiş və tədqiqatlarının nəticələri haqqında bunları yazmışdır: «Bizdə «mehmetcik» dedikdə, adətən, «Əhməd», «Mehmet», «Əli», «Mustafa» kimi müsəlman adları göz önünə gətirilir. Amma bu ölkədə yüz illərdir ki, birlikdə yaşadığımız qeyri-müsəlmanlar da var. Osmanlıda «paşa» rütbəsinədək yüksəldiklərini, padşahların özəl hörmətlərinə layiq görüldüklərini bilirik. Amma onların adlarını biz «mehmetciklər» içərisinə daxil etməmişik. Sanki savaş zamanı bu insanlar heç cəbhədə olmamış, bir anın içində ortalıqdan qeyb olmuşlar. Çanaqqalada, Fələstində, Şərqi Qafqaz cəbhələrində (Azərbaycanda), İraqda, Qalitsiyada, Rumıniyada, Serb Qaradağında... mehmetciklə çiyin-çiyinə vuruşan, eyni səngərdə ruhunu təslim edənlər arasında İsak, İlya, Simon, Mihail, Yuala, Murdaray, Nesim, Kasapyan, Yanko, Kostanti, Yorgi, Yakup, Agop, Bedros, Dimitri, Esteban, Liyon, Kirkor, Berho, Hıristo, Mişon, Sarafyan, Lahdo, Savme də var idi».

4. Müasir dövrdə islamı qəbul etmiş xristian ermənilər. Bu gün Ermənistan Respublikasında yaşayan ermənilərin böyük hissəsi üçün islam dininə tapınan ermənilər din ayrı soydaşlardan daha çox yad element kimi qəbul edilir. Rəsmi İrəvanın indiyədək müsəlman ermənilərə dair vahid siyasi və etnomədəni strategiyasının müəyyən olunmaması da bu elementin sonralar xristian dəyərlərinin, erməni-qriqorian kilsəsinin mövqelərinin zəifləməsi təhlükəsi ilə bağlıdır. Erməni kilsəsi isə rəsmi bəyanatlarına baxmayaraq, mövqeyini birmənalı şəkildə ifadə etməkdədir: «Vəftiz ayinini keçməyən, xristianlığı qəbul etməyən şəxs erməni ola bilməz!». Bununla belə, Ermənistanın və erməni-qriqorian kilsəsinin bütün cəhdlərinə baxmayaraq, ermənilərdə islam dininə maraq sürətlə artmaqdadır. Təkcə Rusiyada son illərdə müsəlman ermənilərin sayı 3 min nəfəri ötmüşdür.

Türkoloq Ruben Melkonyan Tert.am saytına verdiyi müsahibədə bunu «erməniliyə ciddi ziyan vuran təhlükəli tendensiya» kimi qiymətləndirmişdir. Onun sözlərinə görə, Ermənistandan Türkiyəyə gedən erməni qız və qadınları həvəslə türklərə ərə gedir və könüllü şəkildə dinlərini dəyişirlər: «Bu gün Türkiyə qəzetlərində tez-tez belə başlıqlara rast gəlmək olur: «Erməni qızı Armina «Nəcmiyyə» oldu». Biz bu prosesi təcili şəkildə öyrənməli və qarşısını almalıyıq. Əks halda, 20-30 ildən sonra «XXI əsrdə zorən dinlərini dəyişmiş ermənilər haqqında tədqiqat aparmalı olacağıq».

HAYASA analitik mərkəzinin direktoru Tiqran Manasyan isə bu fikirdədir ki, hazırda erməni-qriqorian kilsəsinin cəmiyyət daxilində mövqeləri və birləşdirici funksiyası ölkədə islam da daxil olmaqla, müxtəlif din və təriqətlərə qoşulanların sayının sürətlə artmasına səbəb olmuşdur. Mərkəzin təhlillərinə əsasən, belələrinin sayı hazırda 300 min nəfərdən çoxdur. Bu proses artan sürətlə davam etməkdədir. T.Minasyan islamın Ermənistanı «işğal etməsinin» qarşısının alınmasında çıxış yolunu Ermənistan, Rusiya və Gürcüstan arasında hərbi-strateji əməkdaşlığın qurulmasında görür. Belə ki, o, isterika içərisində üzünü rəsmi Moskvaya tutaraq bildirir: «Əgər Rusiya Suriya hakimiyyətini (Bəşər Əsəd rejimini) dəstəkləməkdən imtina edərsə və qoşunlarını Ermənistan ərazisindən çıxararsa, bu, xristianlığın mövqeyinin zəifləməsi, islamın isə regionda güclənməsi ilə nəticələnəcəkdir. Ermənistanın süqutu Gürcüstanın dezinteqrasiyasına gətirib çıxaracaq, sonrakı mərhələlərdə isə proseslər Rusiya Qafqazında – Dağıstanda, Çeçenistanda, İnquşetiyada və s. davam edəcəkdir. Rusiya bu problemin öhdəsindən təkbaşına gələ bilməyəcəkdir. Bunun üçün isə Moskva-Tiflis-İrəvan xətti gücləndirilməlidir. Ermənistanın və Rusiyanın bəzi dairələri aydın dərk etməlidirlər ki, Rusiya Ermənistanı qoruyur, Ermənistan isə öz növbəsində Rusiya üçün vacib geosiyasi elementdir».

(Ardı var)


Müəllif: Səxavət Həmid
Загрузка...