19 Dekabr 2017 09:40
6 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

…odur ki, Türkiyədə hələlik “Qafur Türkay” kimi tanınan Ohanes yerli mətbuata verdiyi müsahibələrinin birində özünün missionerlik fəaliyyətinə bəraət qazandırmaq üçün Diyarbəkiri “qədim erməni torpağı” adlandırmaqdan, onun tarixini, etnodemoqrafiyasını təhrif etməkdən belə çəkinməyib: “Diyarbəkir ermənilər üçün çox mühüm yerdir. İki min il bundan əvvəl bura “Tiqranakert” kimi ermənilərin paytaxt şəhəri olub. 1900-cü ildə Diyarbəkir əhalisinin 60%-i xristian, 40%-i isə müsəlman idi. Xristianların 90-95%-i ermənilər olub. Hamının bildiyi məlum və uzun əhvalatdan (qondarma “erməni soyqırımı” nəzərdə tutulur) sonra ötən əsrin 80-ci illərində burada cəmi bir neçə erməni ailəsi qalıb... İndi kilsədə ayinlər keçirilir, insanlar vəftiz olunurlar”.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

II HİSSƏ

Siz kimsiniz, “müsəlman ermənilər”?

“Bir dinin cənnətinə inanırsansa, deməli, başqasının cəhənnəminə düşməyə risk edirsən”.

Jülyen Falkorne

«Qız, gəl müsəlman ol, alayım səni, mən dinimdən dönsəm, el qınar məni». Xristian erməni qızına xitabən deyilən bu misralar vaxtilə Şərqi Anadolunun, Cənubi Qafqazın müsəlman erməni aşıqları arasında geniş yayılmışdı. Ermənistan siyasətçilərinin bütün iddia və qarayaxmalarına baxmayaraq, bu bölgədə nə etnik türk, nə etnik kürd, nə də etnik ermənilərin arasında elə bir fərq var idi. Lakin bu gün gündəmə gətirilən «müsəlman ermənilər məsələsi» həm Ermənistan, həm də erməni diasporası qarşısında iki vəzifə qoymuşdur: Birincisi, «islamlaşdırılmış erməniləri» Anadolunun ortaq etnomədəni məkanından necə ayırmalı? İkincisi, onlar və xristian ermənilər arasında ziddiyyətləri və mədəni fərqi necə aradan qaldırmalı?

Hazırda Yer üzündə qriqorian ermənilərdən başqa 500 min katolik, 130 min protestant erməni yaşayır. Müsəlman ermənilərin və «kriptoermənilərin» ümumi sayının, Türkiyə mənbələrinə görə, 500 min nəfər, erməni iddialarına görə isə 1,5 milyondan 10 milyon nəfərədək olduğu göstərilir. Bununla belə, Ermənistanın xristian cəmiyyəti müsəlman soydaşlarını nə öz içərisinə daxil etməyə, nə də aralarında olan şübhə və etimadsızlığı aradan qaldırmağa hazırdır. Bütün deklarativ çıxış və bəyanatlarına baxmayaraq, hələ də onların erməniliyinə inamsızlıqla yanaşan Eçmiədzin kilsəsi müsəlman ermənilərin hətta vəftiz olunduqdan sonra kilsənin bütün tələb və qanunlarına ciddi əməl edə bilməyəcəklərinə, rəsmi İrəvan isə onların islam dünyasına bağlılıqlarını hələ uzun müddət saxlayacaqlarına əmindir. Qarabağ Komitəsinin üzvü, 1991-1993-cü illərdə Ermənistan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş, 1996-cı ildə isə prezidentliyə namizədliyini irəli sürmüş Aşot Manuçaryan həm kilsənin, həm də Ermənistanın siyasi dairələrinin ehtiyatlı mövqeyinə bəraət qazandıraraq bildirmişdir ki, ermənilər yüz il əvvəl təkcə «Qərbi Ermənistan» torpaqlarını deyil, islamı qəbul etmiş 1,5 milyon soydaşlarını da birdəfəlik itirmişlər. Nəticədə, erməni xalqı əzəli bütövlüyündən, onun övladları identikliklərindən məhrum olunaraq, üç imperiyanın (Türkiyə, İran və Rusiya) ərazilərinə səpələnmişlər.

Məhz bu səbəblər üzündən 2015-ci ildə Eçmiədzin, Xro Virap və Surb Hovanes kilsələrinin ruhaniləri Tuncelidən vəftiz olunmaq üçün Ermənistana gəlmiş 80 müsəlman ermənini kütləvi şəkildə xaç suyuna çəkməkdən imtina etmiş və bunu «müvafiq sənədlərin yoxluğu» bəhanəsi ilə əsaslandırmışlar. Eçmiədzin arximandriti, eyni zamanda ermənişünas və bavariyaların da etnik ermənilər olması haqqında kitabın müəllifi Komitas Ovnanyan isə bu qənaətdədir ki, «islamlaşdırılmış ermənilərin» vəftiz edilməsinə ehtiyatla yanaşmaq lazımdır. Çünki «onların böyük hissəsi erməni deyildir. Biz erməniləri dininə görə deyil, etnik kimliyinə əsasən öz içərimizə qəbul etməliyik». Müsəlman ermənilərin xristianlaşdırılmasını həm kilsənin, həm də hakimiyyətin «ümumi problemi» adlandıran arximandrit onu da əlavə edir ki, dinini dəyişmək həvəsinə düşən həmin ermənilərin əksəriyyəti həm də kifayət qədər səmimi deyillər və «erməni etnik və dini kimliyinə» qayıtmaq barədə ciddi düşünmürlər. Onların məqsədi xristian dini vasitəsilə şəxsi mənafelərini təmin etməkdir. Odur ki, «İslam dininə etiqadı qoruyub-saxlamaqla xristianlığı qəbul etmək mümkün deyildir. İslamdan imtina etmək istəyən hər bir erməni mütləq bu barədə məsciddən arayış gətirməlidir… Mən bir qız tanıyırdım. Onun xristian olmaqda məqsədi bu barədə verəcəyimiz arayışı Almaniyanın müvafiq orqanlarına təqdim etməklə orada daimi yaşamaq hüququnu əldə etmək idi. Belə hadisələr çoxdur…». Vəftizin mühacirət üçün verdiyi imkanlardan təkcə ermənilərin istifadə etməməsi barədə K.Ovnanyanın narahatlığı başa düşüləndir. Məsələn, təkcə 2000-ci ildə Türkiyənin erməni kilsələrinə xristian olmaq üçün müraciət etmiş 2000 «kriptoerməninin» 626 nəfəri qeyri-erməni çıxmışdı…

Bununla belə, «Türkiyədə ermənilərin zorən islamlaşdırılması» mifi və onların gələcəkdə xristian erməni cəmiyyətinə adaptasiyası problemləri Ermənistanın ictimai şüurunda hələ də aktuallığını saxlamaqdadır. Ermənistan hakimiyyətinin məqsədlərini isə İrəvan Dövlət Universitetinin Türkologiya kafedrasının əməkdaşı Ruben Melkonyan özünəməxsus şəkildə belə açıqlayır: «Ermənilərin birləşməsi üçün münbit şərait vardır. Ermənistan ilk növbədə müşahidəçi mövqeyini tutmamalı, müsəlman soydaşlarının ictimai-siyasi həyatında fəal iştirak etməlidir. Biz Ağtomardakı Surb Xaç, Muşdakı Surb Karapet kilsələrini türklərdən geri tələb etməliyik.

İndidən yaxşı bilirik ki, oraya turistlərdən başqa daha kimlər ibadətə gələcəkdir. Ermənistan erməni soyqırımı tələblərini məhz onların adından irəli sürməlidir».

Lakin Ermənistan alimləri «müsəlman ermənilər məsələsində» Türkiyənin də «qayğısına» qalmağı unutmamışlar. Qondarma «Qərbi Ermənistan Milli Şurasının» deputatı, Amşen (Həmşin) Qadınları Beynəlxalq İttifaqının sədri Saida Ohanyan həmşinlilərin əsas problemləri dedikdə «onların hələ də öz etnik mənsubiyyətlərini müəyyən edə bilməmələrini» nəzərdə tutur. Onun fikrincə, həmşinlilərin iki yol ayrıcında – erməni və türk kimlikləri arasında qalması xarici dövlətlərin bu tərəddüddən öz geosiyasi maraqları üçün istifadə etməsinə zəmin yaratmaqdadır. . ABŞ analitiki Pol Qoblun bu barədə mövqeyini öz əlavələri ilə təkrarlayan S.Ohanyanın fikrincə, həmşinlilərin Türkiyə üçün yarada biləcəyi başlıca çətinlik onların «özünümüdafiə hissi» ilə bağlıdır və iki səbəbdən qaynaqlanır. Səbəblərdən biri «həmşinlilərin bir hissəsinin radikal marksist ideologiyasını bölüşdürməsi və müxtəlif solçu siyasi təşkilatlara daxil olmalarıdır. Digər səbəb isə onların başqa bir qrupunun Türkiyədəki millətçi hərəkata qoşulması və türkçülük ideyalarını fəal dəstəkləməsidir». Onun mülahizələrinə münasibət bildirən P.Qobl S.Ohanyanın fikirlərinin ilk dəfə Moskva mətbuatı vasitəsilə yayılmasını «təsadüf» adlandırmır və vurğulayır ki, bu mövqedə məqsəd həmişlilər mövzusunu beynəlxalq müzakirə müstəvisinə çıxarmaq, son nəticədə Türkiyə və Ermənistan arasında sərhədləri ikincinin xeyrinə dəyişdirməkdir.

S.Ohanyan erməni prozelitizmində, müsəlman ermənilərin xristianlaşdırılmasında Rusiyanın da fəal iştirak etməsi arzusundadır. ABŞ-ın nüfuzlu analitiki Pol Qobl S.Ohanyanın təşəbbüslərini şərh edərək bildirir ki, rəsmi Moskvanın bu fəaliyyətə qoşulması rəsmi Ankaraya qarşı əlavə təsir imkanları yaratmaqla erməni prozelitizminin beynəlxalq dəstək qazanmasının başlanğıcı olacaqdır. Digər tərəfdən, ermənilərin fikrincə, xristian ermənilərin siyasi-mədəni hüquqlarının müdafiəsinə Rusiyanın da cəlb edilməsi perspektivdə «Qərbi Ermənistan» ərazilərinin statusuna, Türkiyə və Ermənistan arasında dövlət sərhədlərinə ikincinin xeyrinə yenidən baxılmasını gündəmə gətirəcəkdir. S.Ohanyan yazır ki, Rusiya və Ermənistan bu prosesə ləngimədən başlamalıdırlar. Bunun üçün yerlərdə sosial baza vardır. Belə ki, «Türkiyədəki islamlaşdırılmış ermənilərin heç də hamısı etnik identikliklərini itirməyiblər».

Bu məsələni gündəmdə saxlayan digər xarakterik xüsusiyyət məskunlaşdıqları ərazilərdən asılı olaraq, ermənilərin həm dini etiqad, həm də daşıyıcısı olduqları mədəniyyət baxımından yekcins etnos kimi tam formalaşmamasıdır. Qriqorianlıq istisna olunmaqla, fərqli xristian məzhəblərinə, yeni təriqətlərə və islam dininə tapınan ermənilərin böyük hissəsi hazırda Ermənistandan kənarda yaşayır. Bu icmalar – katolik, protestant və xüsusilə Yaxın Şərq dövlətlərinin müsəlman (sünni, şiə, ələvi) erməniləri yaşadıqları ölkələrdə müəyyən siyasi nüfuza, maliyyə-iqtisadi potensiala malikdirlər. Ermənistan isə həmin imkanları öz maraqlarının ödənilməsinə istiqamətləndirmək niyyətindədir. Lakin islam mədəniyyətinin, qaydalarının daha mühafizəkar olması müsəlman ermənilərin Ermənistan cəmiyyətinə asanlıqla adaptasiyasını xeyli çətinləşdirir. Digər tərəfdən, İslam Şərqində «erməni» etnonimi, bir qayda olaraq, xristian dini ilə bağlı olduğu üçün orta əsrlər Avropasında da erməniləri müsəlman dünyası ilə əlaqələndirirdilər. Odur ki, islamı sidq-ürəklə qəbul edən, ümmətə qoşulan erməni istər-istəməz özünün xristian etnik mənşəyi ilə vidalaşmalı idi.

Türkiyədə qriqorian prozelitizmi – müsəlman ermənilərin açıq şəkildə xristian identikliyini qəbul etmələri prosesi ötən əsrin 50-ci illərinin əvvəllərinə təsadüf edir. Lakin qeyd edildiyi kimi, bu proses yalnız ermənilərə aid olmamışdır. Etnik türk, kürd bohemasının içərisində də İsa Məsih təliminin ardıcılları vardı. Təqribi hesablamalara görə, 2000-ci ilin əvvəllərindən bu günədək Türkiyədə 5000 müsəlman müxtəlif xristian təriqətlərinin, o cümlədən qriqorianlığın adeptləri sıralarına qoşulmuşdur. Lakin «erməni məsələsi»ndə islam amili gündəmə gətirildikdən sonra gizli şəkildə vəftiz olunanların dəqiq sayı məlum deyildir. Digər problem isə Türkiyədə yaşayan xristian ermənilərin də vaxtilə «zorən islamlaşdırılmış», amma hazırda dinini dəyişən soydaşlarına münasibətin birmənalı olmamasıdır. Onlar da «dini identikliyə» qayıtmağı arzulayanların səmimiliyinə bir o qədər də inanmırlar. Bu münasibət özünü İstanbulda daha qabarıq şəkildə göstərməkdədir. Bununda belə, Türkiyədə erməni patriarxının vəzifələrini icra edən Aram Ateşyan dəfələrlə bildirmişdir ki, xristianlığa qayıtmış ermənilərin erməni cəmiyyətinə tam adaptasiya olunması vacibdir və bunun üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır.

Müsəlman ermənilərin və kriptoermənilərin Türkiyədə «dini kimliklərinə» qayıdışı – vəftiz ayinləri əsasən İstanbulda və Diyarbəkirdəki Surb Kirakos kilsəsində icra edilir. Ağtomar kilsəsinin nəinki bu sıraya qoşulması, hətta «vəftiz mərkəzi» olması ehtimalları da böyükdür. Həmin kilsələrdə keçirilən vəftiz ayinlərinin iştirakçıları, bir qayda olaraq, xristian əhalidən, yerli və xarici jurnalistlərdən ibarət olsa da, mərasimlərə müsəlman türklər və kürdlər də cəlb edilirlər. Dini mərasimlərdə moizə və dualar bir çox hallarda türk dilində oxunur. Ruhanilər bunu təkcə müsəlman ermənilərin öz ana dillərini hələ də yaxşı bilməməsi ilə deyil, həm də müsəlman qeyri-ermənilərin xristian ayinlərinə böyük maraqları ilə əlaqələndirirlər.

«Hazırda Türkiyədə müsəlman olan, lakin özünün erməni köklərindən imtina etməyən və milli identikliyini qoruyan insanlar çoxdur. Bu gün ali təhsilli solçular içərisində özünün erməni mənşəyini etiraf edən müsəlmanlardan ibarət qrup da vardır. Onlarının böyük hissəsi öz identikliklərinə qayıtmaq istəyir». Bu sözlər etnik erməni və keçmiş müsəlman, Diyarbəkirdəki Surb Kirakos Kilsəsi Vəqfinin idarə heyətinin üzvü, vəftiz olandan sonra «Ohanes Ohanesyan» ad və soyadını götürmüş missioner Qafur Türkaya məxsusdur. O həm də Ermənistan Respublikası Diaspora Nazirliyinin «Ari tun» («Geriyə dön») proqramının Türkiyədə əsas təbliğatçılarından, qriqorian prozelitizminin fəallarından biri sayılır. 2015-ci ildə bu kilsədə olan ABŞ-da yaşayan iraqlı yazıçı Leyla Kəsrani sonralar Kanadanın «Oye! Times» qəzetində dərc etdirdiyi «Diyarbəkirdən Lalışa. Erməni soyqırımının izi ilə» başlıqlı məqaləsində Qafur-Ohanesin missionerlik fəaliyyəti haqqında bunları yazmışdı: «Aprel ayının 23-də (qondarma «erməni soyqırımı»nın ildönümündən bir gün əvvəl) Diyarbəkirdəki Surb Kirakos kilsəsini ziyarət etdim. Burada gördüyüm ilk şəxs Qafur Türkay idi. O, bir neçə fransalı kişi və qadının, eləcə də kürdlərin əhatəsində oturmuşdu. Onlar nənə və babalarının xristian erməni olduqlarını müəyyən edənlər idi. Bu adamlar buraya xristian dininə qayıtmaq üçün gəlmişdilər».

Ermənistanda olarkən ermənilərin «könlü xoş olsun» deyə Diyarbəkiri «Tiqranakert» adlandıran Qafur-Ohanes (indiyədək İrəvana və Eçmiədzinə 20-dəfədən çox səfər etmişdir) missionerlik təbliğatına bəraət qazandırmaq üçün xilafət və Osmanlı dövləti dönəmində islamı könüllü olaraq qəbul etmiş ermənilərin mövcudluğunu istisna edir. O, «müsəlman ermənilər» dedikdə yalnız «1915-ci il erməni soyqırımından sonra zor gücünə islamlaşdırılmış erməniləri» nəzərdə tutur. Onu da əlavə edir ki, hazırda Türkiyədə bu insanların – «kriptoermənilərin» yenidən xristianlığa qayıtması və həqiqi etnik kimliklərini bəyan etmələri üçün əlverişli şərait mövcuddur. Odur ki, Türkiyədə hələlik «Qafur Türkay» kimi tanınan Ohanes yerli mətbuata verdiyi müsahibələrinin birində özünün missionerlik fəaliyyətinə bəraət qazandırmaq üçün Diyarbəkiri «qədim erməni torpağı» adlandırmaqdan, onun tarixini, etnodemoqrafiyasını təhrif etməkdən belə çəkinməmişdir: «Diyarbəkir ermənilər üçün çox mühüm yerdir. İki min il bundan əvvəl bura «Tiqranakert» kimi ermənilərin paytaxt şəhəri olmuşdu. 1900-cü ildə Diyarbəkir əhalisinin 60%-i xristian, 40%-i isə müsəlman idi. Xristianların 90-95%-i ermənilər olmuşdur. Hamının bildiyi məlum və uzun əhvalatdan sonra (qondarma «erməni soyqırımı» nəzərdə tutulur) ötən əsrin 80-ci illərində burada cəmi bir neçə erməni ailəsi qalmışdı... İndi kilsədə ayinlər keçirilir, insanlar vəftiz olunurlar».

Erməni prozelitizminin digər fəalı – «Dərsim» Erməniləri Cəmiyyətinin sədri Cem Alavurt əvvəllər kriptoerməni, müsəlman olmuş, Ermənistandan gəlmiş missionerlərin vasitəsilə etnik kimliyini «dərk etdikdən» sonra İrəvana «turist səfərinə» çıxmış və Eçmiədzində xeyir-dua alaraq, «əcdadlarının dininə» qaytarılmışdı. İndi onun başlıca missiyası özü kimi «kriptoları» müəyyən etmək, onlarla dini mövzuda söhbətlər aparmaq, onları erməni etnik və dini kimliyinə qayıdışa inandırmaqdır. Onun sözlərinə görə, Ermənistanla müqayisədə Türkiyədə vəftiz olmaq, xristian dinini qəbul etmək olduqca çətindir. Səbəb isə İstanbul patriarxlığının ortaya müəyyən şərtlər qoymasıdır. Belə ki, ilk növbədə kilsənin nəzdindəki altı aylıq din kurslarını bitirmək, sonra isə xristian icmasından təqdimat məktubu almaq lazımdır. Lakin «Türkiyənin mühafizəkar erməni-xristian icması» dinini dəyişmək istəyənlərə o qədər də rəğbətlə yanaşmır. C.Alavurt açıq şəkildə bildirir: «Erməni kilsələrində vəftiz olunmaq bir çoxları üçün dini mahiyyətdən daha çox mədəni əhəmiyyət kəsb edir. Bu, öz milli mənşəyin barədə açıq danışmaq, Türkiyədəki problemləri qaldırmaq və erməni soyqırımının tanınması önündə olan maneələri aradan götürmək üçün bir imkandır. Kilsədə ateist ermənilər də vəftiz olunurlar və bu addımı atmaqla onlar erməni dini icmasına inteqrasiya etmək, dövlətin əleyhinə etiraz səslərini ucaltmaq fürsətini qazanırlar».

Bu gün xristian ilahiyyatçıları da İsa Məsih təlimində dini identiklik prinsiplərinin iudaizm və islamla müqayisədə formal xarakter daşıdığını etiraf edirlər. Hətta orta əsrlərin soyğunçu səlib müharibələri «xristianlığı gücləndirmək üçün hərbi-siyasi təşəbbüs» olsa da, sonralar bu identiklik sürətlə əhəmiyyətini itirməyə başlamışdı. Buna səbəb isə xristianlığın təkcə bir-biri ilə kəskin ziddiyyətdə olan məzhəblərə deyil, həm coğrafi mənşə, həm də etnik kimlik əsasında (kopt, assuriya, erməni, gürcü, efiop, rus, fin, eston, belorus, bolqar, serb, rumın, latış, moldavan, polyak, çex və s.) kilsələrə bölünməsi olmuşdu. Nəticədə, 451-ci ildə Xalkidon Məclisi (İstanbul yaxınlığındakı indiki Kadıköy bölgəsi) tərəfindən təməli qoyulan və 1054-cü ildə Böyük Kilsə Məclisinin qərarları ilə daha geniş miqyas alan kilsə parçalanması prosesi xristian dünyasındakı ziddiyyətləri bu günədək aradan qaldıra bilməmişdir. Kilsənin yüzdən çox məzhəb və təriqətlərə parçalanması Qərb xristian identikliyinin zəifləməsinə, dini natamamlıq kompleksinin artmasına səbəb olmuş, islamofobiyanın yerli etnik identiklik üzərində qurulmuş millətçilik əhvali-ruhiyyəsi ilə möhkəmləndirilməsinə gətirib çıxarmışdır.

Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən xüsusiyyətləri nəzərə alan müasir erməni prozelitizmi təkcə özünün unikallığı ilə deyil, həm də «kreativliyi» ilə seçilməkdədir. Rəsmi İrəvan və Türkiyədəki erməni təşkilatları müsəlman ermənilərin dini mənsubiyyətlərini saxlamaqla onların erməni etnomədəni məkanına inteqrasiya olunmasını dəstəkləyir, digər tərəfdən isə qriqorian kilsəsi bu insanların «həqiqi identiklik» əldə etmələri naminə «yollarını azmış» həmin soydaşlarının sürətlə xristianlaşdırılmasına yönəlik səylər göstərir. Etiraf edək ki, son dövrlərdə Türkiyədə etnik-dini münasibətlərdə liberalizm siyasətinin yrüdülməsi bu fəaliyyətin bir çox hallarda dövlətçiliyə qarşı açıq təhdid xarakteri almasına böyük təsir göstərmişdir. Həmin siyasət fonunda Ermənistanın və Türkiyə də daxil olmaqla regionda öz geosiyasi və geoiqtisadi mənafeləri olan dövlətlərin Van gölündəki Ağtomar (erm.- «Axtomar») adasındakı eyni adlı kilsəyə – Müqəddəs Xaç (erm. - «Surb Xaç») xristian məbədinə ciddi maraqlarının altında da siyasi səbəblər gizlənmişdir. Məsələn:

• Birinci səbəb – Ermənistanın və müttəfiqlərinin nəzərində Ağtomar kilsəsi gələcəkdə xristianlığı qəbul edən kriptoermənilər üçün dini mərkəz rolunu oynayacaq, müsəlman ermənilərin kütləvi vəftiz olunması – «etnik və dini identikliyinə qayıtması» əsasən burada icra ediləcəkdir; • İkinci səbəb – Qriqorian kilsəsi nəinki özünü bu məbədin həqiqi sahibi hesab edir, hətta onun birbaşa razılığı və iştirakı olmadan burada keçirilən dini ayinləri tanımadığını bildirir. Eçmiədzin 1885-ci ilədək burada fəaliyyət göstərmiş «əlahiddə qriqorian katalikosluğunun» bərpası fikrində də deyildir. Onun məqsədi Ağtomar kilsəsini bilavasitə Eçmiədzinə tabe olan yeparxiya kimi görmək, Türkiyədəki xristian (qriqorian) erməniləri «rəsmi Ankaranın maraqlarından çıxış edən» İstanbul patriarxlığının nüfuz və təsir dairəsindən çıxarmaqdır;

• Üçüncü səbəb – «Qərbi Ermənistan torpaqlarının geri qaytarılması» tələbləri və «Kimliyə dönüş» proqramının reallaşdırılması ilə əlaqədardır. Belə ki, həmin proqram çərçivəsində Ağtomar məbədinin perspektivdə «Qərbi Ermənistan Respublikasının dini mərkəzi» funksiyasını daşıması planlaşdırılmışdı, bərpa olunduqdan və kilsə kimi fəaliyyətə başladıqdan sonra Şərqi Anadolu və Qara dəniz bölgələrində erməni separatizmi və qriqorian prozelitizmi məhz buradan idarə ediləcəkdi.

Türkiyə dövlətinin təqribən 1,5 milyon ABŞ dolları məbləğində vəsait hesabına həyata keçirdiyi təmir-bərpa işlərindən sonra, nəhayət, 2007-ci ilin mart ayının 29-da Ağtomar adasındakı Müqəddəs Xaç kilsəsinin təntənəli açılışı olmuşdur. Bu tədbirə dünyanın müxtəlif guşələrindən erməni diasporasının, beynəlxalq təşkilatların, aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri, xarici dövlətlərin səfirləri ilə yanaşı Ermənistan Respublikasının və Eçmiədzin kilsəsinin rəhbərliyi də dəvət olunsa da, onlar Türkiyənin bu xoşməramlı addımına «yox» cavabını vermişdilər. Ermənistan Respublikası Prezidenti Administrasiyasının nəzdində fəaliyyət göstərən İctimai Şuranın qərarına əsasən, bu «qətiyyət» aşağıdakı kimi şərh edilmişdir: «Öz ləyaqətinə hörmət edən, özünü şüurlu insan hesab edən erməni Türkiyə ərazisində Ağtomar adasında yerləşən Müqəddəs Xaç kilsəsində keçiriləcək ibadətdə iştirak etməkdən çəkinməlidir». Hakim Ermənistan Respublika Partiyası da erməniləri Ağtomar adasında «türklərin təşkil etdiyi şouda» iştirak etməməyə çağırmışdır. Daşnaksütyun Erməni İnqilabi Federasiyası və Hay Datın ofisi Türkiyə hökumətinin bu addımını «təxribat» kimi dəyərləndirmişdir. Bütün ermənilərin katolikosu II Qaregin kilsənin sonralar həm də muzey kimi fəaliyyət göstərəcəyini (İrəvandakı Göy məscid, Şuşadakı Gövhər ağa məscidi kimi) bəhanə edərək tədbirdə iştirakdan imtina etmişdir.

Erməni diasporasının radikal qanadları da Türkiyənin yaxınlaşma təşəbbüsünü mənfi qiymətləndirmişdir. Məsələn, ABŞ-da çıxan «The California Courier» qəzetinin naşiri və redaktoru Arut Sasunyan da həmin ərəfədə «Nə üçün ermənilər Ağtomara getməli və Türkiyə təbliğatı üçün alətə çevrilməlidirlər?» başlıqlı məqaləsində nəinki Ermənistan və diaspora nümayəndələrini, hətta Türkiyədə yaşayan xristian erməniləri də açılış mərasimini baykot etməyə çağırmışdı. Dəlil qismində isə bildirmişdi ki, «Türkiyənin əsl məqsədi Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarının rəğbətini qazanmaq, ölkədəki xristian və etnik azlıqlara münasibətdə saxta tolerantlıq nümayiş etdirməkdir. Çünki Türkiyə son 90 il ərzində bütün Qərbi Ermənistan ərazisində ermənilərin izlərinin silinməsi üçün məqsədyönlü siyasət həyata keçirmişdir».

Bütün bunlar bir daha nümayiş etdirdi ki, rəsmi İrəvan Türkiyə ilə danışıqlara, normal əlaqələrin bərpasına nəinki hazır deyil, hətta bu istiqamətdə istənilən humanitar təşəbbüs onda isterika və narahatlıq oyatmaqdadır. Ermənistanda Ağtomar kilsəsində dini ayinlərin keçirilməsinə etiraz olaraq İrəvanda, qondarma «erməni soyqırımı» momerialı qarşısında izdihamlı mitinq də təşkil olunmuşdu. «Erməni soyqırımı Muzey-İnsititutunun» direktoru Hayk Demoyan jurnalistlərə müsahibəsində Müqəddəs Xaç kilsəsində keçirilən mərasimləri baykot etmək çağırışlarına qoşulduğunu bəyan etmiş və Türkiyədə xristian kilsəsinin bərpasını... «ermənilərə qarşı təxribat aksiyası» (!) adlandırmışdı. Onun çıxışında bir məqam diqqət çəkməyə bilməzdi: «Bu gün Ermənistanın müxtəlif guşələrində iki tədbir keçirilir. Onlardan biri Türkiyə hökumətinin təşkil etdiyi tamaşadır, digəri isə etiraz aksiyasıdır. Mən «Ermənistanın müxtəlif guşələrində» ifadəsini təsadüfən işlətmədim. Çünki biz «Qərbi Ermənistanla» «Şərqi Ermənistan» arasında fərq qoymuruq. Ankara Ermənistanın mədəni irsini və mənəvi abidəsini təbliğat vasitəsinə çevirmək niyyətindədir. Ermənistan bunu heç vaxt qəbul etməyəcəkdir...». Amma cəmi bir neçə gün sonra qəbul etməli oldu. Ermənistan «siyasi mülahizələri» bəhanə edərək, açılış mərasiminə «formal da olsa» öz nümayəndələrini göndərməyi qərara almışdı. Ermənistanın mədəniyyət nazirinin müavini Qagik Gürcüyanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Milli Elmlər Akademiyasının Memarlıq İnstitutunun direktoru Mkrtıç Muradyan, Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan və Tarixi Abidələrin Mühafizəsi İdarəsinin rəisi Artyom Qriqoryan daxil idi. Q.Gürcüyan açılış mərasimindəki çıxışında Ağtomar kilsəsinini bərpasını «Ermənistan və Türkiyə xalqları arasında dialoqun başlanğıcı» adlandırmışdı.

(Ardı var)


Müəllif: Səxavət Həmid