22 Dekabr 2017 09:40
9 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

…“erməni” sözünün orta əsrlərdə etnik kimlik ifadə etməməsinin izləri regionda geniş yayılmış “Əsli və Kərəm” dastanında da müşahidə edilir. Dastandakı Əsli (Məryəm) və Qarakeşiş obrazları SSRİ dönəmində “xalqlar dostluğu” prinsipinə uyğun təbliğ edildiyi kimi “etnik erməni” deyil, məhz A.Qarkavetsin, A.Orlovun, H.Orazayevin vurğuladıqları kimi, xristian türklər olublar. Dastanda Məryəmin atasının adı məlum deyil. Çünki xristian türklərin dini terminologiyasında “qara keşiş” ifadəsi (“qara” sözü “baş”, “böyük” anlamları verir) antroponim kimi işlədilsə də, mahiyyət etibarilə dini icmanın başçısını, baş keşişi – yepiskopu bildirir. Dastan qəhrəmanlarının – Ziyad xan oğlu Mahmudun “Kərəm”, yepiskop qızı Məryəmin isə “Əsli” adlarını götürməsi isə Hz. İsaya və Hz. Məryəmə həm islamın, həm də xristian türklərin təsəvvür və terminlərinin bir-biri ilə bağlılığının, fərqli dinlərin daşıyıcıları olan iki gəncin bir-birinin inancına hörmət və qarşılıqlı güzəştlərinin bariz inümunəsidir. Belə ki, “Əsli” adı Hz. Məryəmin Qurandakı həqiqi keyfiyyətlərini – ismətli, Allahın nuru ilə dünyaya övlad gətirmiş qadın olmasını bildirir. Dastanda Mahmudun özünü “Kərəm” adlandırması isə xristian türklərin kilsə terminlərindən qaynaqlanıb. Çünki xristian dininin doqmalarına uyğun olaraq, onlar Hz. İsanı “Xilaskar” və ya eyni mənanı verən “Kərəm” adlandırırdılar. Əsli-Məryəmin “Kərəm eylə, tərlanını gəl apar”, Kərəm-Mahmudun isə “Tərk etdim Mehdini, tutdum İsanı, Məscidim olubdu kəlisa mənim” deməsinin kökündə də bu münasibətlər dayanırdı.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

İkinci fərziyyəni elmi dövriyyəyə gətirən Qazaxıstandakı «Dəşti-Qıpçaq» Avrasiya Araşdırmaları Mərkəzinin direktoru, Qazaxıstan Milli Elmlər Akademiyası Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi Anatoli Qarkavets Krım və Don çayı sahillərində yaşayan xristian türkləri «erməni qıpçaqlar» adlandırsa da, bu ifadəyə ehtiyatla da olsa, düzgün – «qriqorian qıpçaqlar» məzmunu vermişdir. Ən nəhayət, A.Qarkavets orta əsr erməni və Qərb mənbələrinə istinadən «erməni qıpçaqların» xristian (qriqorian) türk olmalarını sübut edə bilmişdir. O, «Qıpçaq dili: kuman və erməni qıpçaqların dili» kitabında yazır: «Əgər erməni kilsəsi ilə bağlı olan erməni leksikası elementlərini nəzərə almasaq, praktiki olaraq, onların (erməni qıpçaqların) dili XI-XIV əsrlərdə Avropanın cənub-şərqində və Macarıstanda yaşayan qıpçaqların (kuman və polovetslərin) danışdıqları dildir… Bu dil Qızıl Orda və Misir Məmlük dövlətinin yazılı ədəbiyyatındakı qapçaq-oğuz dilinə çox yaxındır» Tarixçi və ermənişünas Yaroslav Daşkeviç isə «XV-XVII əsrlərdə erməni-qıpçaq dili. Müasirlərinin salnamələrində» adlı məqaləsində qeyd edir ki, Kamensk-Podolskdakı erməni-qıpçaqlara aid sənədlərə (iyirmi yazılı nümunə) əsasən, onlar özlərini «türk» sayırlar. Y.Daşkeviç həmin məqalədə İtaliya ruhanisi və diplomatı Antonio-Maria Qrasianinin qeydlərinə də yer vermişdi. 1564-cü ildə Lvov şəhərində erməni-türklərlə görüşmüş diplomat səfər təəssüratlarında bildirmişdi ki, onların «erməni dilində və erməni əlifbası ilə yazılmış qanun məcəllələri, kilsə nəğmələri olsa da, bu mətnləri cəmi bir neçə ruhani oxuya bilir. Özləri isə skif və türk dillərində danışırlar». Antonio-Maria Qrasiani «skif dili» dedikdə türk dilinin qapçaq və tatar dialektlərini nəzərdə tuturdu.

Əlbəttə, Krımda, Don sahillərində türk dilinin, ortaq türk etnomədəniyyətinin daşayıcıları olan xristian qıpçaqlar qriqorian məzhəbinə tapınsalar da, özlərini «hay» deyil, «ermənilər», dillərini isə «xıpçaq tili», «tatarca» və ya «bizim til» adlandırırdılar. Erməni dili məişətdə işlədilmirdi. Onların türk etnomədəni məkanına bağlılıqlarını təsdiqləyən bir amil də dinindən asılı olmayaraq, qonşuluqda yaşayan türklər – kırımçaklar, karaimlər, tatarlar, eləcə də qayapiçi, qovular, ancaoğlu, bürcüoğlu, kankaroğlu, kanıoğlu, qarabaroğlu kimi tayfalar ilə qaynayıb-qarışmaları, onları «xardeş» (qardaş) adlandırmaları idi. Eyni məzhəbdən olan haylar isə bu şərəfə nail ola bilməmişdilər. Onu da əlavə edək ki, xristian türklərin daşıdığı adların bir çoxunun əsasında «erməni» soyadları yaranmışdı. Din xadimləri istisna olunmaqla, qriqorian qıpçaqların böyük hissəsi Elbəy, Xasbəy, Kozar kimi qədim türk adlarını daşıyırdılar. Onların və azərbaycanlıların folklorunda, məsələn, atalar sözlərində də heç bir fərq yoxdur: «Qızım sənə deyim, gəlin sən başa düş»; «Dünya pəncərədir, gələn baxar və gedər»; «Qoxumum (qohumum) başıma baxar, düşmənim ayağıma baxar»; «Ağıl yaşın içində deyil, ağıl başın içindədir»; «Çox yaşıyan, çox şey görər» (görər).

Hazırda Avstriya, Rusiya, Hollandiya, Polşa, Fransa, Rumıniya və İtaliyanın bir sıra muzey və kitabxanalarında, Ermənistanın Matenedaran arxivlərində qriqorian qıpçaqlara məxsus olan, erməni əlifbası ilə türk dilində yazılmış 50 min səhifəlik yazılı mətn mövcuddur. Krımda məskunlaşan qıpçaqların bir hissəsinin məhz Qafqaz və Cənubi Qafqazdan buraya miqrasiya etmələrini təkcə dillərindəki leksik vahidlər, fonetik, ideomatik ifadələr deyil, folklorları da təsdiq edir. Məsələn, 1989-cu il əhalinin siyahıya alınması kampaniyasının nəticələrinə görə, cəmi 1448 nəfər nümayəndəsi qalmış cığatay-krımçakların ən məşhur dastanları «Aşıq Qərib məsəli» adlanır. Dastanın cığatay variantı həm dili, həm də məzmunu ilə Azərbaycan variantından qətiyyən seçilmir: «Zaman yılın bir zamanında, Tavriz şehrində bir ixtiyar adam var imiş, onun bir karısı, bir kızı, bir oğlu var imiş…».

1383-cü ildə Kamenets-Podolsk şəhərində ilk qriqorian məbədinin – Müqəddəs Nikolay kilsəsinin təməli qoyulmuşdur. Tikinti işlərini isə mömin xristian, tacir Sinan Qutlubəy maliyyələşdirmişdi. 1618-ci ildə Lvov şəhərində qıpçaq mətbəəsi fəaliyyətə başlamış və qriqorian kilsəsinin ruhanisi Hovanes Karmadenetsi burada qıpçaq dilində ilk kitabı nəşr etdirmişdi.

Onların dini icmaları da yaşadıqları məntəqələrin – Qarasubazar, Ortalan, Naxçıvan, Burunduk-Otar, Balakva, Bağçael, Qamışlıq, Salı, Sultan-Salı, Əski Krım və digərlərinin adları ilə bağlı idi. Etnik mişər tatarı (pravoslav tatarlar) olan tarixçi, etnoqraf Alimcan Orlov erməni qıpçaqların təkcə Krımda deyil, Ukraynanın Şuqayevo, Zamostye, Akkerman, Yassa, Rusiyanın Vladimir, Kostroma, Yaroslavl, Pereslavl və digər şəhərlərində, indiki Tatarıstan ərazilərində, Polşa, Rumıniya və Moldovada da yaşadıqları barədə məlumat verir. Tarixçi qeyd edir: «Qızıl Ordanın digər bölgələrində olduğu kimi Bulqar şəhərində də şərti olaraq «erməni qıpçaqlar» adlandırılan, hətta XVII-XVIII əsrlərdə qıpçaq dilində danışan əhali yaşayırdı». Bundan başqa, 1375-ci ilə aid olan Katalon xəritələrində İssıkkul gölünün sahilində qriqorian qıpçaqların kilsəsinin olması barədə də məlumat verilir. Əlavə edək ki, artıq on ilə yaxındır ki, ermənilər bu kilsəyə də sahib çıxmağa çalışırlar.

1475-1778-ci illdərdə Krım Omanlı dövlətinin bir parçası idi. Bu dövr bölgədə yaşayan türklərin, o cümlədən xristian qıpçaqların əsl intibah dövrü olmuşdu. Xasbəy Eres, Həvva Kafaetsi (Kafa. İndiki Feodasiya şəhəri. Ərəb dilində «baş», «kəllə» anlamını verən «qafa» sözündən yaranmışdır), Neris Kafaetsi kimi qriqorian şair və müğənnilər təkcə türk dilində deyil, hay dilində də gözəl əsərlər yaradırdılar. 1768-1771-ci illər rus-türk müharibəsindən sonra Çar Rusiyasının Krımda başladığı etnik təmizləmə və deportasiya siyasəti erməni qıpçaqların da həyatını faciəli şəkildə dəyişdi. «Bölgə xristianlarının təhlükəsiz yerlərə köçürülməsi» bəhanəsi ilə aparılan bu siyasətdə əsas məqsəd Krımı Osmanlı dövlətinə loyal münasibət bəsləyən əhalidən – gürcülərdən, tatarlardan, xristian və müsəlman qıpçaqlardan, etnik ermənilərdən və s. təmizləmək olmuşdu. Rus ordusunun general-feldmarşalı Pyotr Rumyantsev-Zadunayskinin təşəbbüsü ilə həyata keçirilən deportasiya aksiyaları «təxirəsalınmaz tədbirlər» kimi knyaz Qriqori Potyemkin tərəfindən dəstəklənmişdi. Nəticədə, qısa müddət ərzində Krımda bir nəfər də olsun qriqorian qıpçaq qalmamışdı. 1778-ci ildə isə erməni əsilli yepiskop İosif Arqutinsikinin xahişi ilə qriqorian ermənilərin yarımadaya qayıdışına razılıq verilmiş, bununla da vaxtilə «erməni qıpçaqlara» aid olan kilsə və sarayların, maddi-mədəni irs nümunələrinin sürətlə erməniləşdirilməsinə başlanılmışdı. Eyni məzhəbdən olmalarına baxmayaraq, qriqorian qıpçaqların tarixi vətənlərinə dönməsi qadağan edilmişdi.

Qafqaz Albaniyasında dominant etnomədəniyyətin yaradıcısı olmuş xristian türklərə təkcə Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) əraziləri daxil olmaqla tarixi Azərbaycan torpaqlarında, Anadoluda, Gürcüstanda deyil, Dağıstanda da rast gəlinir. Rusiya Elmlər Akademiyası Dağıstan Elm Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, şərqşünas Həsən Orazayev «Dağıstan toponimikasında erməni elementi» məqaləsində tamamilə məntiqə uyğun mövqe bildirmişdir: «Əgər bölgədə xristian dininin daşıyıcıları etnik ermənilər olsaydılar, erməni dini kitablarının qıpçaq dilinə çevrilməsinə lüzum qalmazdı. Bunu təsdiq etmək üçün Dağıstanda kifayət qədər sübut vardır. Məsələn, burada «erməni» dedikdə etnik mənsubiyyət deyil, xristian dininin istənilən nümayəndəsi nəzərdə tutulurdu». Xristian missioneri arxiyepiskop İohan de Qalonifontibus XIV əsrin sonları – XV əsrin əvvəllərində Qafqazda olarkən yerli xalqların dini və məişəti ilə də yaxından tanış olmuş, burada «tatar» (türk dilində) danışan «müxtəlif ermənilərin də olduğunu» qeyd etmişdir.

«Erməni» sözünün orta əsrlərdə etnik kimlik ifadə etməməsinin izləri regionda geniş yayılmış «Əsli və Kərəm» dastanında da müşahidə edilir. Dastandakı Əsli (Məryəm) və Qarakeşiş obrazları SSRİ dönəmində «xalqlar dostluğu» prinsipinə uyğun təbliğ edildiyi kimi «etnik erməni» deyil, məhz A.Qarkavetsin, A.Orlovun, H.Orazayevin vurğuladıqları kimi, xristian türklər olmuşlar. Dastanda Məryəmin atasının adı məlum deyil. Çünki xristian türklərin dini terminologiyasında «qara keşiş» ifadəsi («qara» sözü «baş», «böyük» anlamlarını verir) antroponim kimi işlədilsə də, mahiyyət etibarilə dini icmanın başçısını, baş keşişi – yepiskopu bildirir. Dastan qəhrəmanlarının – Ziyad xan oğlu Mahmudun «Kərəm», yepiskop qızı Məryəmin isə «Əsli» adlarını götürməsi isə Hz. İsaya və Hz. Məryəmə həm islamın, həm də xristian türklərin təsəvvür və terminlərinin bir-biri ilə bağlılığının, fərqli dinlərin daşıyıcıları olan iki gəncin bir-birinin inancına hörmət və qarşılıqlı güzəştlərinin bariz inümunəsidir. Belə ki, «Əsli» adı Hz. Məryəmin Qurandakı həqiqi keyfiyyətlərini – ismətli, Allahın nuru ilə dünyaya övlad gətirmiş qadın olmasını bildirir. Dastanda Mahmudun özünü «Kərəm» adlandırması isə xristian türklərin kilsə terminlərindən qaynaqlanmışdır. Çünki xristian dininin doqmalarına uyğun olaraq, onlar Hz. İsanı «Xilaskar» və ya eyni mənanı verən «Kərəm» adlandırırdılar. Əsli-Məryəmin «Kərəm eylə, tərlanını gəl apar!», Kərəm-Mahmudun isə «Tərk etdim Mehdini, tutdum İsanı, Məscidim olubdu kəlisa mənim» deməsinin kökündə də bu münasibətlər dayanırdı.

Digər bir misal. 845-ci ildə Qafqaz Albaniyası ərazisindəki Qıpçaq kəndinin yaxınlığında Alban Həvari kilsəsinin xristian monastrı tikilmiş və dominant xristian etnosun adı ilə «Qıpçaqvəng» adlandırılmışdı. XIX əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğalından sonra Eçmiədzindəki erməni patriarxlığının təhriki ilə Alban Həvari kilsəsi ləğv olunmuş, onun bütün mülkiyyəti, o cümlədən adeptləri qriqorian kilsəsinin tabeliyinə verilmişdi. Xatırladaq ki, təkcə Azərbaycan ərazilərində Alban Həvari kilsəsinin Bakı, Naxçıvan, Dərbənd, Bərdə, Gəncə və s. yepiskopluqları mövcud olmuşdu. 1878ci ildə Qıpçaq kəndinin türk əhalisi zorən qovulmuş, buraya İrandan gətirilmiş qriqorian ermənilər yerləşdirilmişdi. 1918-ci ildə – tarixdə ilk Ermənistan dövləti yaradılanda isə bu kənd də yeni qurumun ərazilərinə daxil edilmişdi. Lakin yaşayış məntəqəsinin adı bundan sonra düz 68 il toxunulmaz qalsa da, 1946-cı ildə Ermənistan SSR Ali Sovetinin qərarı ilə dəyişdirilmiş və köç etmiş «repatriantların» şərəfinə «Xaric» («Gəlmələr») adlandırılmışdır. Bu gün Qıpçaqvəng monrastrında saxlanılan iki element onun xristian türklər və Qafqaz Albaniyası ilə bağlılığını qorumaqdadır. Onlardan biri erməni kilsəsinin və alimlərinin nümayiş etdirmədikləri bərabərtərəfli xaçdır. Məlumdur ki, hətta Ağtomar kilsəsinin ərazisindəki məzarlıqda da bu tipli xaçlar heç vaxt erməni qriqorian kilsəsinin dini atributu olmamışdır. Belə ki, qriqorian xaçı digərlərindən aşağı qolunun uzun olması ilə fərqlənir. İkinci element isə Qıpçaqvəngin divarlarının birində 1304-cü ildə həkk edilmiş yazıdır. Həmin yazıdan məlum olur ki, Elxanilər sülaləsindən olan Qazan xanın dönəmində Çaqan oğlu Elqutlu, onun oğlu Abaş və «xatunu» Xadlu burada xristian dinini qəbul etmişlər. Mətndə hicri tarixinin də (753-cü il) qeyd edilməsi isə bu ərazilərin müsəlmanların hakimiyyəti altında olduğunu göstərir.

Odur ki, qriqorian qıpçaqları hətta şərti olaraq «etnik erməni» və ya tamamilə məntiqsiz ifadələr olan «qıpçaq ermənilər», «erməni qıpçaqlar» adlandırmaq tamamilə qüsurludur. Uzun müddət Ermənistanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri işləmiş professor Eduard Xurşudyanın əsas missiyası da «erməni və qazax xalqlarının tarixi dostluğunun» nümunəsi kimi bu terminləri siyasi maxinasiya vasitəsinə çevirmək olmuşdu. Məhz Ermənistan alimlərinin səyləri ilə xristian türklərin saxtalaşdırılmış tarixi «zorən islamlaşdırılmış və türkləşmiş ermənilər» mifinin altında gizlədilmiş, «onlar etnik köklərindən uzaq düşsələr də, «türkləşmiş lakin xristian dininə gizli sədaqətlərini qorumuş ermənilər» kimi təqdim edilməyə başlanılmışlar.

Bu gün Krımın xristian türklərinin maddi-mənəvi irsi, demək olar ki, yoxdur. Dağıdılmış, mənimsənilmiş və onlardan tarixi əsər-əlamət qalmamışdır. Hələ ötən əsrin əvvəllərində ukraynalı tarixçi, professor D.Nikolayenko «Krımın mifologiyası» məqaləsində bu barədə ürək ağrısı ilə bildirirdi: «Ermənilər, bolqarlar, yunanlar Krımın qədim abidələrinin dağıdılması ilə məşğuldurlar. Keçmişə aid informasiyanın məhvində məhz onlar əsas rol oynayırlar… Köhnə Krım talanır. Köhnə Krımın erməniləri burada istədiklərini edirlər… Krımın tatarları artıq yoxdurlar…».

(Ardı var)


Müəllif: Səxavət Həmid