Rejissor Qreta Qerviqin “Barbi” filmi qlobal kassanı fırtına kimi ələ keçirərək saysız-hesabsız rekordlar qırsa da, böyük bazarlardan biri olan Cənubi Koreyada uğursuz oldu.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
Bəzi ekspertlərin fikrincə, bu uğursuzluğun səbəbi mədəni fərqlilik, xüsusən də filmin feminist mesajlar ötürməsi ilə bağlıdır.
Gender bərabərsizliyinin və anti-feminist reaksiyanın tüğyan etdiyi Koreyada filmin məzmununun qadınların səlahiyyətlərinin artırılmasına yönəldilməsi narahatlığa səbəb ola bilər.
Kanqnam Universitetinin professoru Kang Yu-Jeong deyir: “Genderin Koreyada son bir neçə ildə siyasiləşmiş və qütbləşdirici bir məsələyə çevrildiyini nəzərə alaraq deməliyik ki, gənclər gender mübahisələrindən asanlıqla yorulur. Filmin əsas hədəfi olan gənc nəsil üçün bu, o qədər həssas mövzudur ki, ondan tamamilə uzaqlaşmaq istəyirlər. Məncə, filmin marketoloqları feminist məsələdə çox diqqətliydirlər. Filmə maraq göstərən tamaşaçılar belə filmin nə haqqında olduğunu bilmirdilər”.
Cənubi Koreya iqtisadi inkişafına və qabaqcıl texnologiyaya baxmayaraq ötən il İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında 146 ölkə arasında 99-cu yerdə qərarlaşıb.
Ölkədə gender müzakirələri o qədər kəskindir ki, 2022-ci il prezident seçkilərində mühafizəkar “Xalq Gücü” partiyasından namizəd olan Yoon Suk-Yeol “Gender Bərabərliyi və Ailə Nazirliyi”nin kişilərə qarşı ayrı-seçkiliyi təşviq etdiyini iddia edərək onu ləğv edəcəyini vəd edib.
Bəzi müşahidəçilər filmin az marağa səbəb olmasını mədəni məsələlərlə bağlı olduğunu deyirlər.
Mədəniyyət və incəsənət haqqında bir neçə kitabın müəllifi olan Seul jurnalisti Mun So-Yanq deyir: “"Ulduz müharibələri” (Star wars) Cənubi Koreyada da yaxşı nəticə vermədi, çünki bu, mədəniyyətimizin bir hissəsi deyil. Biz uşaq vaxtlıqdan leqo ilə tanışıq, barbi ilə deyil...İndiki uşaqlar da barbi ilə oynamırlar. Deməli, Koreyada “Barbi” üçün əsl fanat yoxdur".