Əməkdar artist Bəhram Bağırzadə Elm və təhsil naziri Emin Əmrullayevə müraciət edib.
Teleqraf.com xəbər verir ki, Bəhram Bağırzadə bu haqda sosial şəbəkədə yazıb:
"Hörmətli Elm və təhsil naziri! Uzun illərdir, Azərbaycanın böyük şahmat gücünə malik olduğu üçün şahmatın məktəb proqramına fənn kimi daxil edilməsinin zəruriliyindən yazıram. Bizim böyük şahmatçılarımız olub, var və olacaq. Amma biz irəli getmək, vətəndaşlarımızın inkişaf etmiş intellektə, məntiqi təfəkkürə malik olmasını, cəld qərar qəbul etməyimizi istəyiriksə, tədrisimizə şahmat kimi bir fənn lazımdır! Təəssüf ki, indiyə qədər bütün müraciətlərim sadəcə müraciət olaraq qalıb...
Bizim “qonşularımız” isə çoxdan şahmat fənnnini məktəb proqramına daxil edib və yaxşı nəticələr əldə edirlər. Bunu etməsək belə, hər şeyə rəğmən, hər il yeni, istedadlı şahmatçılarımız gəlir! Şahmat məktəb təhsilinin bir hissəsinə çevrilsə, nə baş verəcəyini təsəvvür edə bilərsinizmi!? İlk addımı - E2-E4 etdim. Necə deyərlər, ağlar başlayır və qalib gəlir!"