27 Aprel 2017 14:49
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ukraynanı üz-üzə qoymaq istəyən 3 qüvvə var. Birincisi, Rusiyadakı siyasi mərkəzlər, ikincisi Ermənistan, üçüncüsü Ukraynada ermənilərin təsiri altında olan qruplardır.

Teleqraf.com xəbər verir ki, bunu aprelin 20-22-də Ukraynanın Krım bölgəsinin Yalta şəhərində keçirilən III Beynəlxalq iqtisadi forumda guya Azərbaycanın 17 iri dövlət və özəl şirkətindən ibarət nümayəndə heyətinin iştirak etməsinə dair yayılan məlumatlara münasibət bildirən siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, Azərbaycan şirkətlərinin guya Krımda iqtisadi forumda iştirakına dair xəbərin mənbəyi Rusiya və ya Ermənistanın xəbər agentlikləri olsa, təəccüblənməz:

“Bu, Azərbaycana qarşı informasiya müharibəsinin tərkib hissəsidir. Adları çəkilən Azərbaycan şirkətlərinin və banklarının hər birinin təmsilçisi açıqlayıb ki, Yaltadakı iqtisadi forumda iştirak etməyiblər. Çünki bunun əksi sübut olunarsa, bu, bizə ikiqat zərbə olacaq”.

Politoloq bildirib ki, əvvəla, bu, bizim illərdir Dağlıq Qarabağda qeyri-qanuni fəaliyyət göstərən şirkətlərə qarşı yürütdüyümüz sərt siyasəti zəiflədəcək:

“Deyəcəklər ki, özünə rəva görmədiyini başqasına niyə rəva görürsən? İkincisi, Ukrayna ilə münasibətlərdə gərginlik yaşayacağıq. Yaxşı yadımdadır, Rusiya Krımı işğal etdikdən sonra bir ara Azərbaycan vətəndaşlarını da yarımadaya səfərlərə həvəsləndirmək istəyirdi. Bəzi turizm şirkətlərimiz az qala bu tələyə düşəcəkdi, Azərbaycanın müvafiq orqanları bunun qarşısını zamanında aldılar. Görünür, yenidən hamını xəbərdar etməyə ehtiyac var. Azərbaycan vətəndaşları Krıma səfər etməməli, orada biznes fəaliyyəti göstərməməli, müqavilələr imzalamamalıdırlar. Yox əgər kimsə Krımda qohumuna və ya xəstəsinə baş çəkmək istəyirsə, bunu yalnız Ukraynanın müvafiq istansiyalarının icazəsini aldıqdan sonra reallaşdırmalıdır. Necə ki, biz Dağlıq Qarabağa qeyri-qanunu səfərlər edənlərə cinayət işi açırıq, onları qara siyahıya salırıq, eyni hüquqdan Ukrayna da istifadə edir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər