5 Aprel 2022 17:17
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bələdiyyə institutu çətin bir şəraitdə qurulub və fəaliyyətində uğurlu tərəfləri ilə yanaşı, uğursuz tərəflər də mövcuddur. Bu uğursuzluqların aradan qaldırılması üçün müəyyən zamana ehtiyac var.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsilə bağlı fikirlərini bölüşərkən deyib.

O qeyd edib ki, Bələdiyyə fəaliyyətinin səmərəsi, ümumiyyətlə, vətəndaşlara keyfiyyətli xidmətlərin göstərilməsi üçün çox güclü, dayanıqlı maliyyə və iqtisadi potensialı, gəlir mənbələri olmalıdır:

“Bələdiyyə sahəsindəki bəzi problemlər həll olunmadığı təqdirdə, biz bələdiyyələrin hər hansı inkişafından və fəaliyyətinin səmərəsinin artırılmasından danışa bilmərik. Bələdiyyə vergilərinin ödənilməsi müəyyən qaydada Vergi Məcəlləsi ilə tənzimlənir. Ancaq bələdiyyə ödənişlərini ödəməyənlərə qarşı təsir mexanizminin olmaması bələdiyyələrin maliyyəsinə ciddi şəkildə ziyan vurur. Buna görə də bələdiyyə ödənişlərinin ödənilməsini təmin etməyə yönəlmiş mexanizm müəyyənləşdirilməli və tətbiq olunmalıdır”.

Millət vəkili bəzi bələdiyyələr tərəfindən tədiyyə bildirişlərinin və yaranmış borclar haqqında xəbərdarlıqların ödəyicilərə “sms” vasitəsilə göndərilməsini müsbət hal kimi dəyərləndirib:

“Bütün bələdiyyələrin də bu iş üsulundan istifadə etməsi məqsədəuyğun olardı. Bələdiyyələrin fəaliyyətinin canlandırılması, nöqsanların qarşısının alınmasının ilk növbədə bələdiyyə üzvlərinin və daha çox bələdiyyə sədrlərinin məsuliyyətindən asılıdır. Bəzi bələdiyyə sədrlərinin cəza alması, məhkəmələr qarşısında cavab verməsi də məhz məsuliyyətsizlikdən, bələdiyyələrdə aşkarlıq və hesabatlılığın təmin olunmamasından irəli gəlir. Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq onlara korrupsiyaya qarşı təlimlər keçirilməsinə, habelə maarifləndirici materialların hazırlanmasına baxmayaraq, bəzi vəzifəli şəxslər yenə də bu növ cinayətləri törətməkdən çəkinmirlər. Ona görə də, bu sahədə maarifləndirmə daha da artırılmalıdır”.

Könül Nurullayeva bələdiyyə sahəsində Türkiyə təcrübəsini xatırladıb:

“Yerli özünüidarəetmə sahəsində qardaş ölkənin bələdiyyələri ilə aparılan görüşlər, təcrübə mübadiləsi həmin bələdiyyələrin müsbət təcrübəsinin öyrənilməsində və təbiqində mühüm rol oynayır. Xarici ölkələrin yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi və təbiqi üçün belə görüşlər və proqramlar davamlı şəkildə həyata keçirilməlidir. Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və metodoloji yardım haqqında vəsaitlərin hazırlanmasını da müsbət dəyərləndirilir. Bu mənada maarifləndirici dəstək tədbirlərinin davam etdirilməsini vacibdir”.


Müəllif: Tapdıq Qurbanlı