II Yazı
Amerikanı “kəşf” edən azərbaycanlı mühacirlər arasında Məhəmməd Altunbay da var. Xəyalındakı yeni dünyaya səyahət edən Altunbay buradakı Azərbaycan icmalarında olub, azərbaycanlı mühacirlər haqqında maraqlı bilgilər verib. Onun “Mücahid” dərgisində çap olunan “Amerikadan gəlirəm” adlı yazısı azərbaycanlıların Amerika mühacirəti haqqında nadir qaynaqlardan biridir.
Bu məqaləni təqdim etməzdən əvvəl Məhəmməd Altunbayın kim olduğunu bir daha xatırlayaq.
***
Məhəmməd İbrahim oğlu 1911-ci ildə Gəncədə doğulub. Atası Gəncənin Qaramusalı kəndindən olub, el arasında Dərvişoğlu Qaçaq İbrahim kimi tanınıb, Çar Rusiyasına qarşı mübarizə aparıb.
Altunbay orta məktəbi Gəncədə bitirdikdən sonra 1926-cı ildə qardaşı ilə bərabər Bakıya gəlib, “Kommunist”, “Yeni yol” qəzetlərində çalışıb. Daha sonra Bakıda açılan təyyarə məktəbinə qəbul olub. Ardınca Odessa Ali Hərbi Hava Məktəbinə daxil olub, 1933-cü ildə buranı bitirib. SSRİ-nin bir sıra bölgələrində pilot kimi fəaliyyət göstərib.
Lakin Azərbaycanda baş verən repressiya, bolşevik zülmü onun ruslara qarşı gizli fəaliyyətə keçməsinə səbəb olub. Mücahid yoldaşlarının bir çoxunun həlak olmasından sonra Məhəmməd Altunbay və iki pilot – Cəlal Məhəmmədzadə və Həsən Zeynallı sovet təyyarəsini qaçıraraq mühacirətə gediblər. İran sərhədinə keçərkən təyyarələri atəşə məruz qalan pilotlar məcburi şəkildə Təbriz yaxınlığındakı bir kəndə eniş ediblər. Burada 9 ay həbsdə qalan pilotlar Türkiyə səfirinin köməyi ilə 1941-ci ildə Türkiyəyə gedə biliblər. Lakin pilotlardan Cəlal Məhəmmədzadə Tehranda rus xəfiyyələri tərəfindən öldürülüb.
Altunbay Türkiyədə pilot kimi fəaliyyətinə davam edib. 1945-1960-cı illərdə Türkiyə Hava Yollarında pilotluq edib. 1960-1963-cü illərdə Amerikanın Mərkəzi Avropada yerləşən “Azadlıq” radiostansiyasının Azərbaycan şöbəsi ilə əməkdaşlıq edib.
Beləliklə, mühacir M.Altunbayın “Amerikadan gəlirəm” adlı maraqlı məqaləsinin birinci bölümünü təqdim edirik:
***
Şiddətli fırtınanın hökm sürdüyü 31.10.1961 tarixini 01.11.1961 gününə bağlayan gecədən bir saat 30 dəqiqə keçmiş dünyanın ən böyük sərnişin gəmilərindən olan 80 min tonluq Qeen Mary adlı Transatlantik Fransanın Şerburq limanından Amerikaya doğru hərəkət etdi. Nəhəng Atlantikin 2 gün davam edən fırtınası gəmi sərnişinləri arasında həyəcana səbəb olmuşdu. Dağ boyda fırtınaları aşaraq yoluna davam edən Qeen Mary üçüncü gün Atlantikin belində doyulmaz həzzlə üzürdü. Sərnişinlər sevinc içində idilər. Gəminin hovuzları, kino, rəqs və konsert salonları sərnişinlərlə dolu idi. İnsana heç vaxt bitməyəcək kimi gələn bu nəşəli həyat 06.11.1961 tarixində, saat 16:30-da bitdi. Qeen Mary Nyu York limanına yanaşdı.
Gəmidən sərnişinlərin düşməsi və əşyaların boşaldılması bir neçə saat çəkdi. Mən gəmidən çıxdığım vaxt saat 18:15 idi. Etiraf edim ki, illərdən bəri xəyalımda canlanan yeni dünyaya ilk dəfə ayaq basdığım üçün çox həyəcanlı idim. Böyüklüyünü heç cür təxmin edə bilmədiyim limanda bəyaz, əsmər, qara... hər rəngdə minlərlə insan vardı. Uzun bir ayrılıq həsrətinin sonunda bir-birilərinə qovuşan bu insanların göz yaşlarıyla birgə ucalan hıçqırıqları və sevinc nidaları qapalı limanda dalğa-dalğa bu başdan o başa uğultu şəklində yayılırdı. Mütəmadi ətrafıma baxır, məni qarşılamağa gələcək olan bəzi dostlarımı axtarırdım. Aradan 20 dəqiqə keçsə də, dostlarımdan heç kimi limanda görmədiyim üçün üzülmüşdüm. Lakin bu üzüntü uzun çəkmədi. Çünki düz 19 illik dostum, illər öncə Ərəb-İsrail, Koreya müharibəsinə, dünya səyahətinə dair xatirələrini İstanbul qəzetlərində həyəcanla oxuduğumuz, məmləkətimizin tanınmış jurnalisti Faruk Feniklə qarşılaşdıq. O an nə qədər şad olduğumu bu sətirlərdə ifadə edə bilmirəm. Çox sevdiyim dostumla qucaqlaşdıq.
Faruk “Yeni dünyaya xoş gəldin. Düz iki saatdır səni gözləyirəm” dedi. Qısa hal-əhval tutduqdan sonra “Yalnızsanmı?” deyə soruşdum. “Bəli” dedi və söylədi: “Dostumuz Şükrü Durusel sənin gəlişini gözləyə bilmədi, dünən Bostona getməyə məcbur oldu. Bilirsən, Şükrü Bostonun Vest Nyuton Mass məntəqəsindəki ən böyük fabriklərdən birində mühəndis kimi çalışır. Təcili fabrikə dönməli idi”.
Qeen Mary gəmisindən sərnişinlərin əşyaları hələ də boşaldılırdı. Çamadanlarım hələ gəlməmişdi. Faruk “Amerikada yaşayan bütün azərbaycanlıların sevgi və hörmətinə layiq bir azəri var. Adı Əhməd İbrahimdir. Nevarkda qalır, buradakı bütün azərbaycanlılar ona “dayı” deyirlər, Şükrü onun da səni qarşılamağa gələcəyini söylədi” deyincə “sən onu şəxsən tanıyırsan?” deyə soruşdum. Faruk gülərək “tanımıram, lakin, Şükrü mənə dedi ki, o, azərbaycanlıdır, sən onu minlərlə insanın içində görsən, yenə tanıyarsan”.
Şükrünün böyük məna ifadə edən bu sözlərinə qeyri-ixtiyari güldük. Faruka dedim: “Əhməd İbrahimi mən də şəxsən tanımıram. Lakin üç ildir ki, onunla məktublaşırıq. Məktublarında o mənə “bacıoğlu”, mən də daim ona “dayı” kimi xitab edirəm. Eyni zamanda uzaqdan da olsa, onunla qohumuq”.
Saat 19:45-də limandan çıxdığımız zaman, təəssüf ki, qələbəlik üzündən dayım Əhməd İbrahimi nə limanın içində, nə də çölündə tapa bilmədik. Lakin ertəsi gün dayı ilə görüşdüyümüz zaman öyrəndim ki, bu vəfalı insan düz saat 21-ə qədər məni limanda axtarıb.
Bir neçə gün Nyu Yorkda qaldıqdan sonra şəhərlərarası lüks avtobusların biri ilə Bostona doğru hərəkət etdim. Boston avtovağzalında dostum Şükrü Durusel məni xüsusi maşınla qarşıladı. Bir neçə gün Bostonda qonaq qaldım. Bu arada Şükrünün dostları olan iki gənc mühəndislə tanış olmaq şərəfinə nail oldum. Onlar Musa Yıldız və onun kiçik qardaşı Asim Yıldız idilər. Amerikada mühəndislik təhsili alan bu iki qardaş Qarsda doğulublar. Lakin əslən azərbaycanlıdırlar. Dünyanın başqa bir ucunda belə ziyalı şəxslərlə qarşılaşınca insan qürur duyur. Bu iki qardaşın nə Qarsda dünyaya gəlmələri, nə də Amerikanın könül və gözoxşayan möhtəşəm həyatı onların qəlbində kök atmış Azərbaycan sevgisini zərrə qədər azaltmayıb. İki qardaşın bizdən fərqli olan tərəfi budur: Onlar ancaq atalarından və babalarından eşitdikləri Azərbaycanın heyranıdırlar. Heç görmədikləri bu ölkəyə qarşı sonsuz bir sevgi bəsləməkdədirlər. Azərbaycanla bağlı bir çox nəşrləri oxuyublar. Demək ki, Tanrı Azərbaycan torpağına elə bir qüdrət, elə bir cazibə ehsan edib ki, onun torpağında yaşamış, suyundan içmiş, havasını tənəffüs etmiş olanların təkcə özləri deyil, onlardan sonra gələn nəsillər də eyni torpağın sevgi və həsrətiylə yaşayırlar. Musa Yıldız ilə Asim Yıldız bunun ən canlı nümunələridirlər.
Bu il Amerikada “The Sabresof Paradise” adlı bir kitab nəşr olunub və Amerikada böyük rəğbət qazanıb. Kitab İmam Şeyx Şamilin Çar ordusu ilə 25 illik qanlı mücadiləsindən bəhs edir. Kitab dağlılarla ruslara aid bir çox rəsmlərlə süslənib. Kitabın müəllifi Lesleg Blanch əsərinin girişində Qafqaz xalqları arasında azərbaycanlıların ən yaraşıqlı nəsil olduğunu yazır. 34 yaşlı yaraşıqlı Asim Yıldız bu sətirləri mənə qürurla oxudu.
Bostondan Nyu Yorka qayıtdığım zaman 4 saat 30 dəqiqə davam edən yol boyunca yeni dünyanın böyük ehtişamının kiçik bir qismini seyr etmək imkanı qazandım. Nevark Nyu Yorkun təxminən 40 km yaxınlığında yerləşən sənaye şəhərlərindən biridir. Amerikadakı azərbaycanlıların əksəriyyəti bu şəhərdə yerləşiblər. Nyu York ilə Nevark arasında qatardan başqa hər 5 dəqiqədən bir 70-80 nəfərlik lüks avtobuslar işləyir.
Həmin gecə işləməyən azərbaycanlıların, demək olar ki, hamısı simpatik, daim gülərüzlü, mərd təbiətli və sönməz iman sahibi olan dayıları Əhməd İbrahimin evində toplandılar. İlk dəfə gördüyüm bu yerlilərimlə tək-tək tanış olduğum zaman diqqət etdim: Vətənn həsrətinin verdiyi iztiraba görə hamısının üz cizgiləri sanki poladlaşmışdı. Hamısının baxışlarında və çöhrələrində azərilərə xas qürur oxunurdu. İkinci Dünya müharibəsində vətənlərinin kommunizm zülmündən qurtulması uğrunda son damla qanlarını əsirgəməyən on minlərlə azərbaycanlının kiçik bir qolunu təşkil edən bu igidləri, vətənimizin bu qartallarını sizlərə də təqdim edirəm. Onları siz də tanıyın...
(Davamı olacaq)