“İrəvanlı mühacirlər” layihəsi 2
İrəvandan Türkiyəyə mühacirət edən azərbaycanlılar arasında bu ölkədə müəllimlik fəaliyyəti ilə məşğul olmuş Əli Aran da var.
Əli Aran 1911-ci ildə İrəvanın Kiçik Vedi kəndində doğulub. Atasının adı Əhməd, anasının adı Lalə olub. Xüsusi ibtidai təhsil aldıqdan sonra Bakıya gələn Aran burada orta məktəbi bitirib. Azərbaycanda rus zülmünün artdığı bir vaxtda atası, qardaşı və əmisi oğlu ilə birlikdə Türkiyəyə mühacirət edib.
Trabzona yerləşən Aran burada təhsilini davam etdirmək məqsədilə Trabzon Müəllim Məktəbinə daxil olub. Daha sonra İstanbula gedən Aran əvvəlcə İstanbul Texniki Universitetini qazanıb, lakin daha sonra buranı tərk edib Fənn fakultəsinə yazılıb, 1935-ci ildə təhsilini tamamlayıb.
Əli Aran 1946-cı ildə ailə həyatı qurub, üç övladı dünyaya gəlib.
1965-ci il aprelin 16-da vəfat edib.
Vəfatının ildönümü ilə bağlı “Türk birliyi” jurnalında belə yazılıb:
“Əli Aran Türkiyəyə gələn kimi Azərbaycanın müstəqilliyi uğrunda çalışmağa başlayıb. Məhəmmədəmin Rəsulzadə ilə sıx əlaqə quran Əli Aran yurd içində və çölündə bu hərəkatın inkişafına ölənədək əmək sərf edib. Təvazökarlığı və sakitcə öz işini gördüyü üçün bir çox əqidədaşları Əli Aranı layiqincə tanımayıblar. Milli davaya və Əmin bəyə olan bağlılığı səbəbiylə Əmin bəyin sanki mənəvi bir övladı kimi sevilmiş, təqdir edilmişdir. Əli Aran Ankarada Azərbaycan Kültür Dərnəyi, İstanbulda Azərbaycan Gənclik Dərnəyi və Azərbaycanı Tanıtma Dərnəyində illərcə əmək sərf edib, sağlam xarakterli və nümunəvi bir idealist idi. Yağmurlu bir gündə çox sevdiyi tələbələri və məsləkdaşlarının və həmyerlilərinin göz yaşları arasında torpağa tapşırılan Əli Aranı millətçi və istiqlalçı cəbhəmiz heç bir zaman unutmayacaqdır”.
Əli Aranı tanıyanlardan azərbaycanlı mühacir siyasətçi Əbdülvahab Yurdsevər belə yazıb: “Əli Aran, şübhəsiz ki, Azərbaycanın qurtuluş davasının başlıca dayaqlarından biri idi. Mühacirətdəki qurtuluş davamızın müxtəlif səhifələrini gözdən keçirənlər hər yerdə və cəbhədə onun təmiz adına və dürüst simasına rastlamaqla mənəvi bir təsəlli və həzz duyacaqlar”.
Şəxsi arxivimizdə Əli Arana məxsus bir vizitka var. Oradan məlum olur ki, Aran İstanbulda Haydarpaşa liseyində riyaziyyat müəllimi olub.
Liseyin 1958-ci il məzunlarından Zekai Yüzbaşıoğulları müəllimi Əli Aranı belə xatırlayır: “1955-1958-ci illərdə Haydarpaşa liseyində oxudum. Yaddaşımda iz qoyan müəllimlərimizi düşündüyüm zaman əvvəlcə dəyərli riyaziyyat müəllimimiz Əli Aran (Göbək Əli) və biologiya müəllimimiz dəyərli Xalid Avan ağlıma gəlir. 1955-ci ildə 4 K sinfində dərslərə başladıq. Hər gələn müəllim ilk dərsdə şagirdlərlə tanış olurdu. Əli Aranın ilk riyaziyyat dərsində ən öndə orta sıralardan birində əyləşmişdim, dərsin axırında yanımdan keçərkən qulağıma “çalışsan, yaxşı şagird olarsan” dedi.
Sonrakı dərslərdə sinfin səviyyəsini ölçmək üçün suallar verdi. Xatırladığım qədər cavab vermək üçün vaxt təyin edirdi, sualı cavablayan “bitirdim” deyirdi və müəllim gəlib baxırdı. Mən bir dəqiqədə bitirdim və gəlib baxdı, sonra sinfi gözləməyə başladı 4 dəqiqə sonra “yetər bu qədər, Zəkai bir dəqiqədə etdi, siz 4 dəqiqə keçib etməmisiniz hələ, indən belə daha uzun vaxt versəm də, edə bilməzsiniz, çünki gərəkli sistemi ortaya qoymadınız”. Bunu deyəndən sonra məni ayağa qaldırdı, “sənə ötən dəfə nə demişdim?” söylədi. Mən bir az utandım. “Söylə, nə demişdim” dedi. Mən də “Çalışsan, yaxşı bir şagird olarsan” demişdiniz söylədim. Bundan sonra sinfə dönərək “Mən şagirdi gözündən tanıyıram” dedi. Bu hadisə mənim təhsil həyatımdakı uğurumda məni ən çox təsirləndirən bir hadisə olmuşdu”.
Digər bir tələbə, liseyin 1964-65-ci il məzunu İrfan Kaplanın da Əli Aran haqqında kiçik bir xatirəsi var. Həndəsə dərsində imtahana hazırlaşmadığı üçün köçürmə edən tələbəni “cinayət” işləyərkən tutan Əli Aran şagirdinə belə deyir: “Bunu uşağımdan gözləyərdim, amma səndən yox”.
Xatirələrdə Əli Aran haqqında ancaq müsbət hadisələr danışılır. Bu isə mühacir Əli Aranın həm Azərbaycanın istiqlal mübarizəsində, həm də müəllim fəaliyyətində necə nümunəvi bir şəxsiyyət olduğunu göstərir.