“İrəvanlı mühacirlər” layihəsi 1
Çar Rusiyası dövründə və ondan sonra Azərbaycandan Türkiyəyə mühacirətə gedən azərbaycanlıların çoxu rus dilini bildikləri üçün bu sahədə müəyyən işlər görə biliblər. Onlardan bəziləri Türkiyənin kəşfiyyat qurumlarında, milli ordusunda da çalışıblar. Bəziləri isə Türkiyə üçün yeni olan rus ədəbiyyatının tərcümə edilməsində önəmli xidmət göstəriblər.
Bu şəxslərdən biri də əsl adı Abdullah Gaffar Çıtanak olan Qaffar Güneydir.
Qaffar bəy 1895-ci ildə İrəvanda doğulub, atasının adı Abdullah, anasının adı Bahar olub. Rus zülmündən baş götürüb Türkiyəyə mühacirət edən Qaffar bəy İstanbul, Balıkəsir və Ankara şəhərlərində müəllimlik edib, paytaxtda
Dil, Tarix, Coğrafiya fakultəsində rus dilindən dərs deyib.
Türkiyədə Qaffar Güneyin ən yaxın münasibətdə olduğu ailə yenə başqa bir azərbaycanlı ailədir. Ağaoğlular.
Əhməd bəy Ağaoğlunun oğlu Səməd bəy onun həyatından təsirlənərək “Müəllim Qafur” əsərini yazıb, xatirələrində haqqında bilgi verib. S.Ağaoğlunun yazdığına görə, Türk dünyasının böyük şəxsiyyəti Yusuf Akçura öldükdən sonra dövlətə bağışladığı kitabların, sənədlərin siyahısının tutulması Qaffar bəyə tapşırılıb. Bu fakt dövlətin onun bilgisinə, təcrübəsinə necə önəm verdiyini göstərir.
1940-ci ildə Türkiyənin Təhsil Nazirliyi tərcümə sahəsində mühüm addım atır, Tərcümə Heyəti və “Tərcümə” jurnalı yaradılır. Dünya ədəbiyyatının türk dilinə tərcümə edilməsi prosesində Qaffar Güney də rol alır. O, Bunin, Qorki, Lermontov, Puşkin, Turgenev kimi rus ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini türk dilinə tərcümə edir. 1940-cı ildə Güneyin tərcümə etdiyi əsərlərdən ibarət “Seçilmiş rus hekayələri” kitabı çap edilir.
Bu illərdə Güney Çexovun “Vanya dayı” (1944), “Təklif”(1958), Leonid Andreyevin “Ömrümüzün günləri” (1948) əsərlərini tərcümə edir. Güney “Varlıq” jurnalı ilə də əməkdaşlıq edir.
Qaffar bəy haqqında xatirələr
Qaffar bəy haqqında onun dostları, şagirdləri xatirələrini yazıblar. Səməd Ağaoğlu onu belə xatırlayırdı:
“Şirin, bir az qalın səsi, bir az da fərqli şivəsi qarabuğdayı üzünün daha da sevimli edirdi. Amma baxışları həmişə kədərli idi. Az danışardı. Söhbət üçün də tapdığı mövzu həmişə uşaqlıq illərinin xatirələri idi”.
Tələbələrindən Türker Acaroğlu müəllimini belə xatırlayırdı:
“Hündürboylu, qarabuğdayı, dalğalı saçları ilə xeyli yaraşıqlı dəliqanlı olan müəllimimizin şirin, yumşaq bir səsi vardı. Bizə “Varlıq”da çıxan tərcümə etdiyi rus hekayələrini oxuyardı. Bunların heç birində “tərcümə qoxusu” yoxdu. Sanki bunları özü yenidən yazırdı”.
Ailə həyatı
1934-cü ildə soyad qanununa görə Qaffar bəy Çıtanak soyadını rəsmiləşdirir, amma imzasını Güney kimi təqdim edir. Kor bağırsağından əməliyyat olduğu zaman xəstəxanada Belkıs adlı tibb bacısı ilə tanış olur və onunla evlənir. 23 aprel 1934-cü ildə Qaffar Güneylə Fatma Belkıs xanımın övladları dünyaya gəlir, adını Bumin qoyurlar. Bumin Qaffar Çıtanak adlı bu şəxs sonralar Türkiyənin məşhur kino aktyoru olan Fikrət Hakandır.
Səfil həyat, satılan kitablar
Qaffar bəyin rus dilini mükəmməl bilməsi ona həm də problem yaradır. Rus dilinə olan marağı, rus ədəbiyyatından tərcümələr etməsi “kommunist” damğasına da səbəb olur, bir ara istintaqa da məruz qalır. Xatirələrdə həmişə şıq görünüşlü bir müəllim kimi xatırlanan Qaffar bəy bir müddət sonra qəfil şəkildə sərgərdan həyat sürür. Tələbələri, dostları baş verən bu dəyişikliyin səbəbini izah edə bilməyiblər. Qaffar bəyin qarşılıqsız bir sevgi də yaşadığını yazanlar var.
Melih Cevdet Anday bu barədə yazır: “Geyiminə diqqət göstərən, gülərüz, şirindil, yaraşıqlı bir adam idi. Sonra necə oldu bilmirəm. Qaffar Güney işini-gücünü buraxıb ayaqyalın, sinəsi açıq, əlində bir dəyənək ilə küçələrə düşdü. Keçmiş dostlarını artıq tanımır, ya da özünü görməməzliyə vururdu. Biz də onunla qarşılaşdığımız zaman üzüntüdən başımızı aşağı salırdıq”.
Tələbələrindən Halil Soyuer Qaffar bəyin ev sahibi Sabri Dönməzdən öyrəndiyi bilgiləri xatirələrində bu şəkildə qeyd edib: “Arada Fikrət adında bir oğlan uşağı evə gələrdi. “Bu, mənim oğlumdur” deyərdi. İlk arvadından imiş. Sonra bir gün bir adamla evə gəldilər. O adam evdəki kitablarını sandıqlara doldurub apardı. Qaffar müəllim, deyəsən, kitablarını bu adama satıbmış. Bəzi axşamlar ona biz yemək verərdik, bəzi axşamlar özü çöldən yemək gətirərdi. İllər keçdi, evə gəlmədi. Səhv xatırlamıramsa, 1950-ci il seçkilərindən sonra idi. Evə gəlmirdi. Harada, nə edirdi bilmirdik. Axtardıq, soruşduq, tanıyan olmadı. Biz də 3-4 ay otağını bağlı saxladıq. Gördük ki, gələn-gedən yoxdur, onsuz da içəridə bir yatağı ilə döşəyi vardı, onları da çölə çıxarıb otağını boşaltdıq. Əşyalarını illərlə qoruduq, amma Qaffar müəllim bir daha gəlmədi”.
Qaffar Güney 1955-ci ildə vəfat edir. Ondan geriyə isə xeyli tərcümələr, maraqlı xatirələr və Türkiyənin tanınmış aktyoru olacaq bir övlad miras qalır.
Fikrət Hakan 1999-cu ildə atasının rus ədəbiyyatından tərcümə etdiyi hekayələri “Klassik rus hekayəsinin baş əsərləri” başlığı ilə yenidən toplayaraq çap edir...