II Yazı
Əvvəli burada
(https://teleqraf.com/news/toplum/241689.html)
Bundan bir müddət öncə Münhen şəhərində Fətəlibəyli adında bir türkün öldürüldüyünü və qatilin də qaçdığını bildirmişdik.
Polisin ilk anda apardığı təhqiqat məqtulun Mikayıl İsmayılov adında birinin, qatilin də Fətəlibəyli olduğu şübhəsini yaratmışdı. Bu şübhənin əsası məqtulun üzərində rus qaçqını İsmayılova aid pasport və paltarın olması, digər tərəfdən cinayətin İsmayılovun evində törədilməsi faktı idi.
Bu vəziyyətə görə cəsəd İsmayılova aid olur, qatil Fətəlibəyli də qaçmış hesab edilir. Lakin daha sonra dərinləşdirilən təhqiqat bu nəticənin tamamilə tərsinə - məqtulun Fətəlibəyli adında qafqazlı bir türk, qatilin də İsmayılov olduğunu və İsmayılov bu cinayəti işlədikdən sonra öz paltarlarını Fətəlibəyliyə geyindirib və pasportunu alaraq qaçdığını ortaya çıxardı.
“Fətəlibəyli hadisəsi” adı ilə son günlərin mühüm bir siyasi hadisəsi halına gələn bu cinayətin Amerika gizli təşkilatının sıx fəaliyyət və təhqiqatı nəticəsində bu şəkildə cərəyan etdiyi anlaşıldı:
Amerika gizli təşkilatı cinayətdən bir gecə əvvəl qatillə birlikdə görülən məchul şəxsi axtararkən müdhiş bir həqiqəti kəşf etdi: Nürnberq şəhərində olan xaricilər düşərgəsi “Valka” illərdən bəri Şərq hesabına casus yetişdirirdi. Halbuki amerikalılar Şərq əleyhindəki fəaliyyət üçün lüzumlu casusları bu bu düşərgədə yetişdirdiklərini sanırdılar.
Ruslar müxtəlif millətlərə və qövmlərə mənsub Sovet vətəndaşları, Qərbə mühacirət etmiş polşalılar, çexlər və Balkanda qırmızı ordu işğalından qaçan hər kəslə, hətta Nasist Almaniya ordusuna köməkçi qüvvə olaraq qatılanlardan son qalanlarla həmişə bu “Valka” düşərgəsində görüşüblər. Məsələn, qatarda öldürülən belçikalı qadın artist Simone de Ridderin qətli hadisəsinə varıncaya qədər bir çox cinayətin törədildiyi yer burası idi. Zaman-zaman bu düşərgədən bəzi kimsələr qeyb olur və bir daha izləri tapılmazdı.
Bu “Valka” düşərgəsində yaşayan, bu cür yüzlərlə insan arasında Corc Müller adlı birisi fövqəladə zəkası və sürətli qavraması ilə fərqlənirdi. Amerika kəşfiyyat təşkilatının bu cür insanlara ehtiyacı vardı və nəticədə qısa bir müddət sonra amerikalıların ən güvəndiyi adamlardan biri oldu. Corc Müller Qərb gizli təşkilatı hesabına çalışacaq ukraynalı casuslara simsiz texnika öyrətməyə başlamışdı. Onlara kəşfiyyat işlərini, xeyli dolaşıq simsiz alətlərin necə işlədiləcəyini öyrədir, onlarla birlikdə paraşüt təlimləri həyata keçirir, hətta yenə onlarla birlikdə iştirak edirdi.
Lakin bu gün öyrənilən acı həqiqət gecələri hüdudun ötəsinə və Sovet İttifaqının daxilinə yerləşdirilən bu casusların heç birinin həyatda olmamalarıdır. Daha ayaq qoyar-qoymaz tez tutulub öldürülürdülər. Onları cəllada təslim edən şəxs isə şəxsən Corc Müller idi. Çünki Corc Müllerin qırmızı ordunun hərbi qərargah kapitanlarından Georgi Vladimiroviç olduğu və Sovet İttifaqı SMERŞ əks-kəşfiyyat təşkilatına mənsub olduğu bu gün anlaşılıb. “Valka” düşərgəsinə də adı çəkilən təşkilat tərəfindən göndərilib.
Hələ də Frankfurt həbsxanalarının birində saxlanılan bu adam haqqında bir az daha məlumat vermək lazımdır. Corc Müllerin yetişdirilmək üzrə təlimlərinə qatılan casuslardan bir qismi qaşla-göz arasında Sovet tərəfinə qayıdıb. Qərblilərdən ayda 1000 mark alanlardan bir çoxu Müller vasitəsiylə eyni zamanda Sovetdən də pul alıb və onların hesabına da çalışıblar. Lakin Sovetlər tərəfindən ələ alınmaları başdan imkansız olduğu bilinən – bunların əksəriyyəti qatı Sovet əleyhdarı ukraynalılardı – kimsələr isə dəmir pərdə hüdudunun ötəsinə göndərilib, aqibətləri Sovet gülləsinə tuş gəlmək olub.
Münhen şəhərində Alp meydanı 6-cı nömrədə yaşayan xanım Böhmün divanı altında cəsədi tapılan adamın ağlagəlməz, heyrətləndirici əsrarəngiz hekayəsini qavramaq üçün məhz bu Corc Müller – Georgi Vladimiroviçi tanımaq gərəkdi.
***
Münhen şəhərindəki Alp meydanı 6 nömrəli binasındakı kiçik evində 22 noyabr 1954-cü il sabahı saat 9-a doğru təmizlik işləri görən xanım Böhm evdən bir pilləkan məsafə ilə ayrılan bir cür dəhliz olan mətbəxi yığışdırarkən küncdəki divanın altındakı yumşaq bir cismə dəyir. Tez yürüyür və birinci mərtəbədə yaşayan tanışı Frau Ruhlandı çağırır.
Xanım Böhmdən daha güclü-qüvvətli olan Frau Ruhland divanın altına uzanır və bir kişi ayağını çıxarır. Bu mənzərədən dəhşətə gələn qadınlar tez küçəyə qaçırlar və o əsnada oradan keçən əmlak sahiblərindən Loeni içəri çağırırlar. Loen elektrik lampası ilə divanın altını işıqlandırır və bədəni çəkib çıxarır. Ortaya çıxarılan adam ölü idi. Tez patrul polisinə xəbər verilir. Patrul da cinayət şöbəsini xəbərdar edir. Yarım saat sonra cinayət şöbəsi məmurları hadisə yerində təhqiqata başlayırlar.
Xanım Böhm cəsədin Mikayıl adlı bir xariciyə aid olmasını iddia edir. “Niyə görə?” sualını soruşan məmurlara Mikayıldan qeyri kimsədə mətbəxin açarının olamdığı cavabını verir. Lakin Mikayıl burada deyil, Steingadner küçəsi 7 nömrədə yaşayırdı. Xanım Böhmün bu yarı mətbəx, yarı otaq olan yerini bəzən istifadə edər, bəzən də gecəni orada qalardı. Polis xanım Böhmün izahatı ilə yetinir. Ölünün üzünü nə xanım Böhm, nə də xanım Ruhland görməmişdi. Çünki cəsəd divanın altından çəkilərkən pencəyin ətək qismi üzünü örtmüşdü. Qadınlar o əsnada cəsədin üzünü görsəydilər, polis də cəsədin Mikayıldan qeyri birisinə aid olduğunu anlayacaqdı.
Beləcə cəsəd oradan götürülür və məhkəmə tibbi ekspertizaya təhvil verilir. İlk tədqiqlər səthi edildiyi üçün ölən adama daha öncə keyləşdirici bir maddə verilib-verilmədiyi anlaşılmır. Lakin bir həftə sonra yenidən aparılan təhlil və tədqiqlər şəxsin ölmədən əvvəl keyləşdirilmiş olduğunu ortaya çıxarır. Yarılma cinayətin işgəncə nəticəsində olduğunu göstərməkdəydi. Lakin məqtulun başına çəkiclə vurmaqdan yaranan yaralar dərhal ölümə səbəb olmazdı. Zərbələr ancaq saatlarla sonra öldürə biləcək dərəcədəydi.
Cəsədin bağlanmış olması da bu fikri doğrulayırdı. Ayıq bir insanın əl-ayağını bağlamaq da çox asan olmazdı.
Lakin ölən adam kimdi?
Cəsədin boyu ancaq 1.55 m idi. Yəni xeyli kiçik birinə aiddi. Halbuki xanım Böhmün bəhs etdiyi Mikayılın boyu 1.66 m-di. Arada tam 11 sm fərq vardı.
Alp meydanı 6 nömrədə bir cəsəd tapıldığını radioda dinləyən Steingadner küçəsi 7 nömrənin sahibi dərhal polisə müraciət edərək faydalı olmaq istədiyini bildirir. Fəqət cəsəd təşxis üçün ona da göstərilmir.
Bundan 3 gün sonra isə prokurorluq cəsədin gömülməsinə izn verir və 26 noyabr cümə günü Mikayıl dəfn edilir. Müsəlman dini gərəyincə son mərasimi aparan xoca da cəsədin üzünü görmür.
Lakin əcəba bu Mikayıl kimdi? Həqiqi adı Mikayıl İsmayıldır, ruscası İsmayılov. 8 avqust 1920-ci ildə Bakıda doğulmuş İsmayılov azərbaycanlı, yəni türk bir ailənin oğludur. 1941-ci ildə qırmızı ordu mənsubu ikən almanlara əsir düşüb.
Sonralar isə almanların hesabına Sovetlərə qarşı vuruşan Azərbaycan və Türküstan legionu ilə 162-ci Almaniya tüməninə qatılıb. Almanların məğlub olmağa başladıqlarını anladığı zaman 1943-cü ildə italyan partizanlarının arasına girib, bu şəkildə də hərbdən sonrakı dövrdə zərər çəkməyib. 1947-ci ildə Ferrarada bir italyan qadınla evlənib iki uşaq sahibi olub.
Lakin İsmayılov heç cür söndürə bilmədiyi məmləkət həsrətiylə yanıb qovrulub. Anasını bir dəfə də olsun görmək istəyib. Nəhayət, çox dözə bilməyib və 1951-ci ildə təkrar məmləkətinə qəbul üçün müraciət edib. Napolidə gəmiyə mindirilib Sovet İttifaqına göndərilib. Lakin məmləkətə dönməsi ilə Sovet İttifaqının gizli təşkilatı MVD-nin əlinə düşüb. Qaçmaq demək, ölüm deməkdi. Əsarəti qəbulla ölüm arasında heç bir fərq yoxdu. Şimal qütbü sahillərindəki məcburi əmək düşərgələrində 25 ilə məhkum ediləcəkdi.
Lakin qurtuluş qapısı tamamilə qapanmış deyildi. İsmayılov Qərbə dönə bilər və keçmiş dostları arasında casusluq edə bilərdi. Əgər bu işi bacararsa, anasını görməyə icazə veriləcəkdi.
İsmayılov MVD-nin təklifini qəbul etməkdən başqa çarə tapmadı.
(Davamı var)