15 İyul 2022 09:05
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xan Xəzinəsi”ndəyik. Deyəsən, Bakıdakı sonuncu qonağıyıq. Çünki bu kitab evi paytaxtdakı oxucuları ilə vidalaşmaq məcburiyyətindədir. Həm 10 ilə yaxındır fəaliyyət göstərən bu kitabxanın bağlanma səbəblərini örənmək, həm də “kitab adam”la söhbətləşmək üçün buraya üz tutduq.

Teleqraf.com-un “Kitabxana” rubrikasında həmsöhbətimiz tanınmış kitabçı Xan Rəsuloğludur.

- Xan müəllim, Bakıda kitabxananızın bağlanacağı xəbərinə reaksiyalar necə oldu? Ümumiyyətlə, bu zərurət nədən qaynaqlandı?

- İnformasiya texnologiyalarından istifadə edirik, sosial şəbəkələrdə aktivəm. Mağazanın bağlanma xəbəri kitabsevərlər tərəfindən çox qınanıldı. Hətta millət vəkili Etibar Əliyev də paylaşım edərək, təəssüfünü bildirdi. Özü dəfələrlə dükanımızda olub, çoxlu kitablar alıb. Bizə dəstək olmaqla yanaşı, qiymətdə fərqi də görüb. Sözsüz ki, hazırda kitaba olan münasibət hökumət, dövlət tərəfindən yox, bütün sturukturların birlikdə işləməsindən ayrı bir şey deyil. Kasıb və varlı təbəqə varsa, bu, kitaba da təsir edir. Azərbaycan biznesində ən çatışmayan cəhət orta təbəqədir. Aşağı təbəqədə kimsə bir balaca yer tutur, məşğul olur. Amma bizdə orta təbəqə yox səviyyəsindədir. Sanki aşağı təbəqə ilə yuxarı təbəqə də orta təbəqənin düşməni imiş kimi davranır. Belə olmaz. Təsəvvür edin, kitab ticarəti ilə məşğul olmaq istəyirəm, 47 kvadrat metr sahəsi olan obyektdir. Mən buranın ilk kirayəsini qazanc hesabına ödəyə bilmirdim. Sumqayıtda başqa kitab mağazam var, qiyməti ucuzdur deyə müştərisi çoxdur. Oranın hesabına buranı saxlayırdım. 9 il ərzində bu kitab mağazamdan xeyir götürdüyümü deyə bilmərəm. Üst-üstə hesablasaq, 10 000 manatdan çox ziyanım olub. Amma özümə bəraət qazandırırdım ki, buranı ofis, anbar kimi işlədirəm, dostlar qazanıram. Hətta vətənə xidmət edirəm fikrini ortaya qoymuşdum - bu, mənim kitabçılara, kitab axtaranlara xidmətimdir.

Özümü öz gözümdə ucaldırdım ki, yaxşı işlər görürəm. Bu şərtlərə görə itkilərə dözürdüm. Amma hər şeyin bir həddi var və o həddən sonra görürsən ki, gücün çatmır. Bununla belə, özüm kimi kitabdan başı çıxan başqa bir qardaşımızla əl-ələ verdik. Təsəvvür edin, son 2 ayda gəlirimiz də olmağa başlamışdı. Kitabçılıq çox incə sənətdir. Birdən-birə bu obyektin üçüncü sahibi ortaya çıxdı və bizim buranı tərk etməyimizi tələb etdi. Bura onundur, özü bilər. Mən demaqoqluq edə bilmərəm ki, baxın, kitaba münasibət belədir. Yüzün yüz dərdi var, milyonun milyon. Obyekt sahibi də buranı alıb ki, iş görsün, xeyriyyəçilik məqsədi ilə almayıb ki... Ədalət Mahmudov adında bir nəfər mənə yazdı ki, Suraxanıda 2 otaqlı evim var, sizə verə bilərəm. Mən Suraxanıda heç olmamışam, hər gün Sumqayıtdan gəlib-getmək də çətin olacaqdı. Ona görə təşəkkür etməklə kifayətlənə bildim. Yəqin ki, uzun müddət fəaliyyətimizi görüb...

Mən kitab biznesimi xeyriyyəçilik əsasında qurmuşam. İmkan daxilində maksimum ucuza kitablar təşkil edirəm.

Buranın sahibi yenə zəng etdi ki, 7 iyul köçəcəkdiniz, nə oldu? Bir az inciklik də bildirdi, mən isə bir az da möhlət istədim. Çünki 9 ilə buranı ərsəyə gətirmişik, 50 mindən çox kitab var. Bunların 5 minə yaxınını küçədə daşın üzərinə qoydum. Əgər onları tullamaq fikrim olsaydı, 5 metr irəlidə zibil yeşiklərinə atardım.

- Küçədəki kitablara reaksiya necə oldu?

- Qısa müddət ərzində tükəndi. Ola bilər ki, mən buradan çıxdıqdan sonra da 5-6 min kitab qalacaq. Bir neçə nəşriyyat, dostlarımla danışmışam, filan gün gəlin. Desəm ki, kitab aparın, maraqsız olar. Dedim hərəyə 5-10 kitab aparın, onda maraqlı olar. Seçin, özünüzə lazım olanları götürün.

- Xan Rəsuloğlunun kitabxanasını digərlərindən fərqləndirən nədir?

- Hər bir fərdin özünün psixologiyasına uyğun biznesi olur. Azərbaycanda kitab baxımından məndən çox qazanan bəlkə, 2-3 kitabçı var. Amma fərqimiz ondadır ki, mən kitabları bilirəm. Çünki hələ kitabdan danışmıram, ən azı 50-60 min qəzet oxumuşam. Bunu da iti üsulla oxumuşam, hərənin öz metodikası var. Mən abzasa baxıb fikir oxumuram. Orada sözləri görmürdüm, abzasa baxan kimi cümləni oxuyurdum. Məsələn, "Azərbaycan" sözüdürsə, deməli, orada z hərfi var. Bir az geniş aurada götürəndə hərfləri görmürsən, birbaşa sözü oxuyursan. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti - baxan kimi bilirsən orada nə var. Fotoqrafik yaddaş da var. Mənim şagirdim var, fotoqrafik yaddaş üzrə akademiklərimizə dərs deyib. Bu üsulla oxumağı 1984-cü ildə Moskvada kursa gedərək öyrənmişdim. Etiraf edim ki, 5 ay davam etdirdim, sonuna çatdırmadım. Gördüm ki, mən bu üsulu bir az da təkmilləşdirə bilərəm və etdim də. Xatırlayıram, bir dəfə bir ay yarım ərzində ancaq qəzet oxudum.

Azərbaycan kitabxanalarını dağıdırdılar, qalaq-qalaq qəzet və jurnalları atırdılar, onları toplayıb, oxuyurdum. İki "Volqa" maşınını doldurub, onları gətirmişdim.

Yataq otağımda kitablar güzgünün qabağını da ötüb. Bu, bir fanat ömrüdür. Kitabları da balam kimi sevirəm.

- Hazırda hansı kitabı oxuyursunuz?

- Əlimdə saysız kitab var. Bəlkə 30 kitabı birdən oxuyuram. Məsələn, təzəlikcə dostumuz Ayaz Arabaçının təzə bir kitabı çıxdı, "Başqa planetdən gələn adam" adlanır. 3 şeir ondan, 3 şeir Kəmaləddin Qədim, 3 şeir Ramiz Qusarçaylıdan oxuyuram.

Kitab oxumaq üsulum fərqlidir, hansısa kitabdan yemək kimi dadıram, bir abzasını informativ baxımdan yox, estetik baxımdan dadıram. Baxım ki, cümlələrin quruluşu ürəyimcədir, ya yox. Çox qəribədir ki, cümlələrin quruluşunda poetiklik, ədəbilik olmayan kitabları oxuya bilmirəm. Elə kitab var ki, bir gecəyə öz üsulumda 30-40-nı oxuyuram. Elə kitab da var ki, 120 səhifəlikdir, 40 ildir oxumaqdan doymuram. Elə xalq yazıçısı var ki, öz "Getdi" şeirimi onun bütün yaradıcılığına dəyişmərəm. Amma elə kitablarım da var ki, o kitabın 3 vərəqini öz yaradıcılığımdan artıq sayıram. Kəşflər də adi düsturdur, təbiətin sirrinin açarıdır.

Öz aforizmimdən deyim:

"Dərd eləmə, dərs elə".

Bir hərf dəyişməklə insana ömürlük nikbinlik verir. Bunu dərk edəndən sonra insan heç vaxt ruhdan düşməz. Bir dostuma şikayət etdim ki, problemlər çoxdur. Dedi ki, sevin, problemsiz düşmənin olsun. Dedim o nə deməkdir? Deyir ki, problemi olmayan ölmüş adamdır. Problemin varsa, sən həyatdasan.

Pandemiya dövründə dostlarımdan biri zəng etdi ki, Xan, bu gündən sonra necə yaşayacağıq? Dedim, bu günə qədər yaşayırdın ki?

Bu, elə-belə deyil. Sanki, bir faciə olmalıdır ki, başa düşəsən yaşayırsan. Bu yaşamaqdan maksimum istifadə etmirsən. Gecə-gündüz yatmaq, kimə gəldi söz atmaq yaşamaq deyil.

- Bəs, yaşamaq nədir?

- Övliyaların birindən soruşurlar ki, siz nurlanmış adamsınız, nurlanmış adam necə olur? Deyir, yuxum gələndə yatıram, qarnım acanda yeyirəm, musiqi gələndə mən də oynamaq istəyirəm.

Yəni təbiətimiz yalan danışmır, tərbiyəmiz yalan deyil. Təbiətimiz özü hiss edir ki, nə gözəldir, nə həssasdır. Amma bizə təlqin olunan düşüncələr, ideologiyalar var. İslam mükəmməl bir dindir, amma müsəlmanlar hamısı mükəmməl deyil. Ona görə də, müsəlmanlara baxıb, İslamı dəyərləndirməyin. Biri deyir ki, mən bütün dinləri puç və əfsanə hesab edirəm. Dinləri etmə də... Din adamı kimi danışmıram, amma bütün gözəlliklərin simvolu Allah deyilmi? Deist kimi deyirəm, bütün gözəlliklərin simvolu Allah, bütün çirkinliklərin simvolu şeytandır. Allahın 99 adı altında gözəllikləri var. Deyir,

Var olub varlanmadıq, varlanıb var olmadıq.

Neçə il can bəslədik, bədəndə var olmadıq.

İnsan öz həyatından şedevr yaratmadısa, öz həyatından xəritə qurub üzərində dövr etmədisə, deməli, günah özündədir. 100 il yaşamaq yox, gözəl yaşamaq lazımdır.

- Şəxsi kitabxananızı necə yaratmısınız?

- Babam mənə 20 qəpik verərdi ki, dondurma alım, mən o pulu yığıb, üzərini düzəldib kitab alırdım. Yadıma gəlir, 4-cü sinifdə oxuyanda ilk kitabımı aldım. 3 otaqlı evdə 7 uşaq idik. Mənə mane olmurdular, 4 kitabxananın üzvü idim. 8-ci sinifdə artıq Sumqayıt kitabxanalarında kitab qalmamışdı, məcbur idim təkrar-təkrar oxuyum. Balaca kitabların bir gecəyə 30-40-nı oxuyurdum. Burada müəllimlərin də rolu var. İncəsənət İnstitutunun Quba filialında dərs deyirdim, orada bir tələbə yaxınlaşıb dedi ki, "Xan müəllim, can qoyub universitetə daxil olduq, müəllimlərimiz qanadlarımızı qırdılar ki, özün üçün oxuyursan, mənim üçün oxumursan ki. Amma sizi görəndən, sevgi dolu baxışlarınızı görəndən sonra elmə bir az da vurulduq. Gördük ki, başqası bizə təsir etməməlidir".

İnsan nədən yapışırsa, onun mükəmməli olmalıdır. Sənətimizi də sevgilimiz kimi seçməliyik. Həyat yoldaşı və "sevgili"ni seçmək insanın ən böyük xoşbəxtliyidir. İşin o dərəcədə sənə zövq verməlidir ki, yatmamışdan əvvəl kitablara əl edərək, "Dostlar, sabah görüşənədək" deməlisən. Kitablar mənim sevgilim, yaxın dostlarımdır.

- Kitabxananızda ikinci əl kitabların satışı üstünlük təşkil edir. Maraqlıdır, əlinizə keçən ən qədim kitabın neçə yaşı olar?

- 1600-1700-cü illərə aid kitablar da olub. Onlar deyəsən Alman kilsəsinin kitabları idi. Hətta Quran, ərəb əlifbası ilə yazılan kitablarım olub.

Mən antik kitablarla maraqlanmıram, maraqlananlara ötürürəm.

- Burada başınıza gələn, ən çox yadınızda qalan hansı əhvalat olub?

- Bir kitab gətirmişdilər, çox gözəl idi. "Su təsərrüfatı işçisinin illüstrasiyalı ensiklopediyası", tərtibatı çox gözəl, rusca kitab idi. Kitabı əzizləyib yuxarı qoyurdum, 4-5 il qaldı, heç kim almadı. Gecə kitaba baxıb dedim, "sən ki belə gözəlsən, səni alan olmayacaq, elə, qız qarıyacaqsan". Səhər işə gəldim, bahalı maşından bir xanım endi. Kitabxananı, məni soruşdu. Özümü təqdim etdim. Kitabın adını çəkib dedi, mənə deyiblər ki, bu kitabı tapsa, tapsa Xan müəllim tapar. Dedim, xanım, o kitab 5 ildir sizin yolunuzu gözləyir, niyə gəlmirsiniz?! Təəccüblə baxdı. Elə bildi zarafat edirəm. Kitabı göstərdim, elə heyrətə gəldi ki… Dedi ola bilməz, şəhər, ölkə qalmayıb ki, sifariş verim, sizdə necə ola bilər? Dedim kitabın fatihəsini dünən vermişdim, zənnlə baxdım, bəxti açıldı.

O kitabı da ona pulsuz verdim.

- Ən bahalı satdığınız kitabın qiyməti nə qədər olub?

- 140 manata 7 cildlik Azərbaycan ensiklopediyası vermişəm. 300-500 manat arası kitab alanlarım olub. Restoran dekorasiyası üçün də kitab istədilər, satılmayan kitabları 20 qəpikdən vermişəm.

Bir dəfə Rusiyadan sifariş verdilər ki, Məhəmməd Səid Ordubadinin "Qılınc və qələm" əsərinin rus dilində verdiyası lazımdır. Ruslar bizə deyirlər ki, sizin tarixi romanlarınız yoxdur. Dostum zəng etdi ki, neçəyə verirsən? Dedim sənin üçün 1 manata. Dedi gətir, 5 manat verəcəm, dedim vaxtım yoxdur. Dedi, gətir 10 manat verəcəm, dedim vaxtım yoxdur. Yanındakı biznesmen dedi 20 manat verəcəm, 1 manata satdığım kitabı 20 manata verdim. Çünki dükanı bağladım gəldim. Bu, təmiz gəlirdir. Gülə-gülə kitabımı verdim, dedi sən 50 manat da, 100 manat da desəydin, verəcəkdim.

- Oxucu sizdən kitab tövsiyəsi istəyəndə hansı kitabları təqdim edirsiniz?

- Mən burada təkcə kitabçı, iş adamı deyiləm, burada öz ziyalı missiyamı yerinə yetirirəm düşüncəsindəyəm, çünki müəlliməm. Orta məktəbdə 7-8 il, ali məktəbdə də 2 ilə yaxın dərs demişəm. Üstəlik, həyatım müəllim kimi keçib. Ona görə psixoloji yanaşma da var. Hər oxucuya eyni kitabı tövsiyə edə bilməzsən. Soruşanda nə oxuyum, deyirəm nə üçün oxumalısan? Oxumağın sənə faydası olacaq? İlk olaraq bunları qərarlaşdırmalıyıq.

Bir də təlqinim güclü olmasın deyə 5-6 kitabı birdən verib, mövzuları deyirəm. Adam var ki, Markes ona xoş gəlməz, "Patriarxın payızı"nı oxumaq elə bil ki, ədəbiyyatın ali cəbridir. Abdulla Şaiq oxuyan, birdən birə Corc Oruellin "1984"nü, Ellias Kanettinin "Korlaşma"sını oxuya bilməz. Ədəbiyyatın da çətinləşmə səviyyəsi, riyaziyyatı, ali cəbri var.

- Qeyd etdiniz ki, həm də müəllim kimi fəaliyyət göstərmisiniz…

- Mən heç vaxt özümlə darıxmıram. Bu, xoşbəxtliyin bir nömrəli şərtlərindəndir. Bizim dövrümüzdə belə informasiya texnologiyaların imkanları yox idi. İndi bilmirsən darıxmaq nədir. Kompüter qarşısında olanda informasiya qalaktikasının önündə lal, kar, kor kimi bilmirsən nə söz axtarasan. Xəyal et, həyatından şedevr yarat, Tolstoyun, Dostoyevskinin əsiri olma. Sənin oxuduğun kitabların mində biri onlarda olmayıb, sən niyə onlardan zəifsən? Burada bir az da müəllimlər günahkardır. Müəllim ilhamverici qüvvə olmalıdır. Əgər uşaqlar dərsimdə xoşbəxt olmağı bacarmırlarsa, deməli, mən pis müəlliməm. Sumqayıtda 28 nömrəli məktəbdə ən zəif oxuyanları yığıb, 5J sinfi düzəldib, məni sinif rəhbəri təyin etdilər. 2 ay sonra ata-ana gəlmişdi ki, Xan müəllim kimdir? 4 il döyə-döyə oxutdurduğumuz uşaqlar indi yatmır ki, sabah Xan müəllimə dərs danışacağam. Əgər mən uşağın beynini oyada bilmirəmsə, müəllim deyiləm.

Mənim dərsimdə uşaqlar tənəffüsə də çıxmırdılar. Düşünürdüm ki, onların taleyinə cavabdehəm. Cəmiyyətin xoşbəxt gələcəyi məktəbdən başlayır. Valideyn dövlətə arxayındır ki, uşaqlar gələcəyini məktəbdə təmin edəcək. Gələcəyimiz təhsildən asılıdır, müəllimlərimizin müqəddəsliyi özlərinə qaytarılmalıdır. Bu da müəllimlərin çörək dərdi çəkməmələrindən başlamalıdır. Atatürk də deyirdi, millət vəkillərinin maaşı müəllimlərin maaşından yuxarı ola bilməz. Bu təfəkkür milli məclisdə qanun təsdiqləyən millət vəkillərində olmalıdır. Böyük simpatiyam var, amma əgər bu gün Sabir Rüstəmxanlı millət vəkillərinin maaşının artmasına səs veribsə, mən bunu ayıb bilirəm. Ya necə ola bilər mən 5 min manat maaş alım, müəllim daha az?! İlham Əliyev də deyir ki, mən xalqın xidmətçisiyəm, hamımız xalqın xidmətində durmalıyıq. "İctimai xadim" "xidmət" sözündən yaranıb".

- Sizcə, kitablara senzura qoyulmalıdır?

- Senzura qoyulsa, pis olmaz. Sadəcə olaraq, senzura yox, cəsarət olmalıdır ki, insanları cırlaşdıran, irqi ayrıseçkilik, qarşıdurma yaradan söhbətləri olmasın. Müəyyən qayda-qanunlara nəzarət olunmalıdır. Klassikləri oxuyuruq, Nizami Gəncəvi bilmirdi ki, nə yazmaq olar nə yazmaq olmaz? Puşkinin gözəl bir sözü var: "Hər şey haqqında danışmaq olar, amma hər cür danışmaq olmaz".

- Kitabxananızdan kənarlaşdırdığınız kitab olub?

- Kitabı ideallaşdırmalı deyilik. Kitablar da insan kimidir, yaxşısı da, əxlaqsızı da, qudurğanı da olur. Hitlerin "Mein Kampf" kitabından xoşum gəlmir. Rusca oxumuşam, nifrət yaradan kitabı sevmirəm. Kimsə sevə, əlində bayraq edə bilər. Ən böyük, ən təhlükəli yalan həqiqətlə qarışdırılmış yalandır. Bunu dinlərə də aid etmək olar. Əgər islam ən mükəmməl dindirsə, sən bu dinin daşıyıcısısansa, mənim üçün örnək ol. Mən sənə baxım, utanım. Deyim ki, bu əxlaq, bu mənəviyyat nə qədər mükəmməldir. Amma çoxları bunu göstərə bilmir və ən gözəl ideyalar da alçaq bir adamın fikrindən ikrah doğrurur.

- Özünüz hansı yazarları oxuyursunuz?

- Məndə Xorxe Luis Borxesin 4 cildlik əsəri var. Qeydlərimlə oxumuşam. Çox istərdim ki, zamanım olsun, qeydlərimdən ibarət "Borxeslə gecə söhbətləri" adlı kitabım çap olunsun. Təxminən 500 səhifəlik kitab alına bilər. Amma özümün yazdıqlarım çoxdur. Onları kitab halında çap etsəm, 10 000 səhifəlik kitab alınar. Özüm Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm, 12 kitabım çıxıb, tərcümələrim var. Amma insan təkmilləşdikcə, özünə tənqidi yanaşır. 1978-ci ildən bu günə qədər oxuduğum bütün kitabları konspektləşdirirəm. Texnologiya imkan verdi ki, konspekt etməyə vaxtım getməsin, indi nüsxəsini çıxarıram, yaxud qəzetdən kəsirəm. Bəlkə də bir ya iki çamadan yazılar var ki, onları kitab halında çap etsəm, Azərbaycana böyük xidmət etmiş olaram. İndi də yazıram. Hansısa nəşriyyat müqavilə bağlasa, ortaya gözəl iş qoymaq olar. Ondan maddi qazanc da güdmürəm. Sadəcə, zəhmət haqqı kimi nəsə ola bilər.

- Sizdən kitab oğurlayıblar?

- O qədər... Üstəlik, kitabdan başı çıxmayan adamlar yox, kitabı sevib oğruyanlar daha çox xətrimə dəyir. Kitaba əşya kimi yanaşmaq lazım deyil. Əgər oxumaq istəyirsənsə, mən evimdən ən nadir kitabımı gətirim, oxu. Ya kitab oğrusu, ya cibgir, ya da çörək oğrusu - mənim üçün eyni şeylərdir.

- Onda özünüz kitab oğurlamamısınız...

- Heç vaxt. Xatırlayıram, 6-cı sinifdə oxuyanda kənd yerində məni şirnikləndirdilər, bir bağdan alma dərdik. Dedim olmaz, başqasının malıdır. Dedilər əşşi, gəlmirlər, şəhərdə yaşayırlar, almalar yerə düşüb, xarab olur. Bu yalanla başımı aldatdılar, mən də köynəyimin içi qədər alma yığıb evə gəldim. Babam mənə itin sözünü dedi ki, adam kişi olar, haram yeməz. Dedi apar, hasardan o tərəfə tök, yoxsa, mənim nəvəm deyilsən, haram yemisən.

- Kimin kitabxanası ilə yaxından tanış olmaq istəyərdiniz?

- Sözsüz ki, zövqü zövqümcə olan insanların kitabxanası ilə tanış olardım. Məni Xorxe Luis Borxes düşündürür, amma ispanca bilmirəm.

- Nəşriyyat evlərinin hazırkı vəziyyətindən razısınız?

- Son illərdə "Qanun", "Hədəf", "Qədim qala" nəşriyyat evlərinə diqqət etmişəm, "cırmaq-cırmaq" yaşayırlar. Qiyməti qaldırmağa məcburdular ki, vergini, kommunalı ödəyə bilsinlər. Dövlət tərəfindən başa düşülmür ki, bu, daş karxanası deyil. Kitab alınmır. Məsələn, "Qanun nəşriyyatı"nın dövriyyəsi milyonlarla olmalıdır, şikayət edir ki, bankdan böyük faizlə 100 000 kredit götürüb. Azərbaycanın bu qədər tanınmış nəşriyyatı belə olmamalıdır. Nəşriyyatlar arasında rəqabət bir-birini əzməklə olmamlıdır, kitab bazarını tənzimləmək lazımdır.

- Oxucuların kitablara tələbatı hansı istiqamətdədir?

- Sovet dövründə kütləvi savadlandırma prosesi gedirdi, hamı ən azı 8 illik təhsil almalı idi. Bizi ideoloji baxımdan idarə edirdilər. İndi isə oxuyanların sayı 100 dəfə azalıbsa, arada fərq var. Yeddinci sinif şagirdi məndən elə kitab istəyir, içimdə qürur baş qaldırır ki, şükür Allaha. Başa düşürsən ki, indiki uşaqlara dəyəri olmayan kitabı oxutdura bilməzsən. O vaxt öldürən insanlar var ha, onlar düşünməmək üçün oxuyurlar. Düşünmək üçün oxuyanların sayının artması məni sevindirir.


Müəllif: Aysel Azad