2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olan Samir Kaçayev qəhrəmanlığı ilə xalqımızın yaddaşına həkk olunmaqla yanaşı, həm də özündən sonra bir irs qoydu. O, gənc heykəltəraş kimi müdriklərin düşüncəsində, eyni zamanda heykəltəraşlıq sənətində bir iz saldı. İnsanın iç dünyası ilə ətraf aləm arasında bir sinxronluq axtaran Samir qranitin, mərmərin, tüncün dili ilə danışmağa, düşüncələrini nəql etməyə çalışırdı. Qəhrəmanımız təkcə özünün döyüş yolu ilə seçilmədi, həm də sənəti, sənətkarlığı ilə diqqətə çıxdı.
Teleqraf.com-un əməkdaşı 2016-ci il aprel döyüşləri zamanı böyük qəhrəmanlıq və sücaət göstərərək şəhid zirvəsinə yüksəlmiş Samir Kaçayevin Şamaxının Çuxuryurd kəndindəki ailəsində olub.
Şamaxının mərkəzində bizi şəhidimizin “Küləklə sovrulmuşlar” əsəri qarşılayır. Az sonra Çuxuryurddayıq, Samirin dərsə getdiyi, hər tinində xatirəsi olan küçə boyu üzüyuxarı qalxırıq. Samirgilin evi küçənin ən hündür nöqtəsindədir. Bəlkə bu coğrafi yerləşmədə də bir mistika var. Bizi şəhidin atası Ziyatin dayı qarşılayır. Sadə bir ləzgi ailəsi bu evdə bir qəhrəman böyüdüb.
Samirin otağına daxil oluruq.
Divarda qızılı fonda bir insanın dəryadan balıq tutan təsviri diqqətimizi çəkir. Atası Samirin ilk əl işi olduğunu deyir. Onu da deyək ki, Samirin əl işlərinin əks olunduğu bir kitab çap edilib. Kitabı vərəqlədikcə fəlsəfi yanaşma ilə mistik dünyanın, insan düşüncələri ilə arzularının toqquşub çulğaşadığı bir aləmin ağuşuna düşürsən. Samir öz yaşından çox böyükmüş...
Aprel şəhidimizin atası Ziyatin Kaçayev Samirin uşaqlığından, dəcəlliyindən, istəklərindən, onunla dost kimi davranışlarından, verdiyi məsləhətlərə necə əməl etməsindən söz açır: “Bir gün plastilindən bir fiqur düzəltmişdi. Gətirdi, mənə göstərdi, inanmadım o düzəldib. Fiquru alıb əzdim və dedim ki, get, yenidən düzəlt gətir. Təzədən həmin heyvan fiqurunu düzəldib gəldi. O vaxt bildim ki, Samirdə böyük istedad var".
Atası deyir ki, Samir təbiəti çox sevirmiş. Təbiətə xüsusi bağlılığı varmış: "Onu ancaq gül-çiçək arasında axtarıb tapırdıq. Çox tərbiyəli, qanacaqlı, hər kəsin yerini bilən oğlan idi. Məqamı gələndə sərt mövqedə dayanmağı da bacarırdı. Oğlum olduğuna görə demirəm, Samir aristokrat insan idi. Lazım olduğu zaman sözünü deyə bilirdi. Döyüşdə də o heç vaxt yoldaşlarından geri qalmırmış. Döyüş yoldaşlarını düşmənə qarşı vuruşmağa ruhlandırarmış".
Şəhidin anası Əminə Kaçayeva deyir ki, Allah onun oğluna insana məxsus heç bir gözəl şeyi əsirgəməmişdi. Samirdən danışmaq ana üçün nə qədər çətin olsa da, o, özünü toparlayıb şəhid oğlu haqqında keçmiş zamanda danışmağın ağrılarını hiss etdirməməyə çalışır:
"Allah Samirə qısa ömür yazdı. Yəqin ki, qismət belə gətirdi. Gənc, amma çox müdrik idi. Gözəl idi, yaraşıqlı idi, mehriban idi... Atasından çox mənə bağlı olduğundan ona deyə bilmədiklərini mənə söyləyirdi. Planlarından çox da danışan adam deyildi. Qapalı idi. Öz üzərində hələ çox işləyəciyini düşünürdü. Mənə demişdi ki, magistraturadan sonra 10 il mənə evlilikllə bağlı bir söz deməyin. Çünki planlarım, işlərim var".
Anası Samir axırıncı kursda oxuyanda gördüyü qorxunc yuxusundan da danışdı: "Yuxumda gördüm Samir ucsuz-bucaqsız bir səhrada kimlərsə tərəfindən vurulur. Səhərisi günü yuxumu bacısına danışdım. Dedi, ay ana, Samir sağ-salamat Bakıdadır, sənə nə olub? Samirin şəhid xəbəri gələndə yadıma o yuxu düşdü. Yuxuda mən elə bunu görmüşdüm. Sonra Samirin əsərlərindən ibarət sərgi keçiriləcəkdi. Getmək fikrim yox idi ki, orada dayanmaq mənim üçün çətin olacaq. Yuxuda Samir mənə dedi ki, ana, sən o sərgiyə niyə getmirsən ki?.. Səhər yoldaşıma dedim, sərgiyə mən də gedəcəm, Samir belə istəyir...”
Samirin bir istedad sahibi kimi hadisələrə baxışı fərqliymiş. Təbiətə, hər bir canlıya mərhəmətlə yanaşırmış... Arzularındakı gələcək yarımçıq qaldı. Amma qısa bir ömürdə böyük bir örnək olmağı bacardı. Kiçik bir ömürdə öz dəsti-xəttini yaratmaq hər kəsə nəsib olmur. Əslində əsərlərinə nəzər saldıqda müəllifin kimliyi bilinir... Özün olmadığın yerdə izinin axtarılması, dəsti-xəttinin görünməsi müstəsna keyfiyyətdir.
Samir heykəltəraş kimi düşüncələrindəki insan obrazlarının sənətə adaptasiya etməyi bacarırdı. Bu baxımdan onun yaratdığı bütün işlər ciddi incəsənət nümunəsi hesab edilir. Təsadüfi deyil ki, Samir şəhid olduqdan sonra onun əsərləri bir neçə dəfə ən mötəbər sərgilərdə nümayiş etdirilib. Əsərlərindən ibarət sərgilər, kompozisiyalar təşkil olunub.
Əsərlərində daha çox insanın daxili dünyasını nümayiş etdirən Samir ilk və son əsərini qadına həsr edib...
6 mart 1994-cü ildə Şamaxının Çuxuryurd kəndində anadan olan Samir Kaçayev 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakultəsinə qəbul olub.
Özünün bacarığı, intizamı ilə Akademiyada hamının sevimlisinə çevrilib. İxtisasına olan dərin sevgisi nəticəsində Samir Kaçayev artıq II kursdan Akademiyanın emalatxanasında gərgin praktiki işə başlayıb. Cəmi iki ilə 30-dan artıq kompozisiya hazırlayıb.
Şəhidimiz ilk qazancına çox sevdiyi velosiped alıb. 2015-ci ildə Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakultəsini bitirib, magistraturaya qəbul olub. Amma magistr təhsilindən öncə hərbi xidmətini başa vurmağa qərara alıb. Hərbi xidmətini Tərtərdə yerləşən N saylı hərbi hissədə çəkməyə başlayıb.
2016-ci ilin Aprel döyüşləri başlamamışdan öncə, yəni 2016-cı il martın 6-da məzuniyyətə gələn Samir Kaçayev öncə Şamaxıda, Çuxuryurdda ata-anasını ziyarət edir. Daha sonra sevimli işinin yanına, Rəssamlıq Akademiyasındakı yarımçıq işlərini tamamlamağa gedir. Amma qısa məzuniyyət dövründə işlərini tamamlaya bilmir. Akademiyada tələbə yoldaşlarına yarımçıq işlərini qorumağı tapşırır. Xidmətini başa vurduqdan sonra gəlib bu işləri tamamlayacağını deyir.
Çox təəssüf ki, bu, Samirə qismət deyilmiş. 2016-cı ilin aprel ayında 4 günlük müharibədə Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. 2016-cı il aprelin 3-də şəhidimiz doğulduğu Şamaxı rayonu Çuxuryurd kəndində minlərlə insanın iştirakı ilə torpağa tapşırılır.
Samir Kaçayev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.
Prezident İlham Əliyev Şamaxıya səfəri zamanı Samirin rayon mərkəzində ucaldılmış “Küləklə Sovrulmuşlar” əsəri önündə şəhidimizin validenyləri ilə görüşdə onun və minlərlə şəhidimizin 44 günlük Vətən Müharibəsində qisasının alındığını bildirib. Dövlət başçısı qeyd edib ki, artıq torpaqlarımız geri qaytarıldı, Aprel döyüşlərinin bu zəfərdə öz rolu və payı var.
Onu da xatırladaq ki, 2017-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Vaqif Əsədovun rejissorluğu ilə Samir Kaçayevin xatirəsinə həsr edilmiş "Yarımçıq qalmış…" tamaşası səhnəyə qoyulub.
Şübhəsiz ki, şəhid ömrü bütövdü... Çünki onlar vətənin bütövlüyü uğrunda canlarını fəda ediblər!