II. Dünya müharibəsinin gedişatında və sonrasında meydana çıxan əsir və qaçqınlar məsələsi mühacirətdə fəaliyyət göstərən qrupların müxtəlif cəmiyyətlər qurmasını şərtləndirmişdi. Bu illərdə azərbaycanlı əsirlərə dəstək olmaq, onları düşərgələrdən xilas etmək üçün Məhəmmədəmin Rəsulzadə, Cahangir bəy Kazımbəyli, Abbas bəy Atamalıbəyov, Əbdürrəhman Fətəlibəyli, Məhəmməd Kəngərli, Həsən Kərbəla və digər şəxslər önəmli işlər görüblər. Bu məqsədlə 1947-ci ildə Qərbi Almaniyanın Neu Ulm şəhərində Azərbaycan Milli Emiqrasyon Komitəsi qurulub. Qaynaqlarda təşkilatın ilk sədrləri olaraq Əliəsgər Əsgərzadə və əsl ad-soyadı Həsən Kərbəla olan Dr. Oroysun olduğu yazılıb. Bu cəmiyyətin 1960-cı illərin ortalarına qədər fəaliyyət göstərməsi haqqında dövrün mətbuatında məlumatlar vardır. Bu mövzu haqqında daha öncə yazdığımız bir məqalədə təşkilatın keçirdiyi tədbirlər haqqında geniş məlumat vermişdik. Bu məqalədə isə cəmiyyətə aid Türkiyə arxivindəki bir sənəddən və təşkilatın çap etdiyi bülleten haqqında məlumat verəcəyik.
Sadıx Məhəmməd müəmması
Qərbi Almaniyadakı Azərbaycan Emiqrasiya Komitəsinin rəhbəri Ələsgər Əsgərzadə Türkiyənin Frankfurt şəhərindəki Baş konsulluğuna göndərdiyi məktubda Sadıx Məhəmməd adındakı bir mühacirin fəaliyyəti haqqında mənfi fikirlər ifadə edib. Məktubun mətni bu şəkildədir:
“Neu Ulm şəhərində yaşayan Azərbaycan türkləri aşağıdakı məlumatı zat-alinizə bildirmək üçün məni vəkil təyin etmişlər.
Aramızda Sadıx Məhəmməd adında biri yaşamaqdadır. Bu şəxs 22 avqust 1950-ci ildə Almaniyadan Türkiyəyə getmiş və orada türk təbəəliyinə qəbul edildikdən və İstanbulda iki il çalışdıqdan sonra 22 avqust 1952-ci ildə Almaniyaya qayıtmışdır. Bu şəxs Ermənistanda doğulmuşdur, haqsız olaraq özünün azərbaycanlı olduğunu söyləməkdədir. Sadıx Almaniyaya qayıtdıqdan bəri rus və digər xarici mühacirlər arasında, ümumiyyətlə, türklüyün və xüsusən, Türkiyənin əleyhində daimi təbliğat aparmaqda və cürbəcür iftiralar və yalanlarla Türkiyənin etibarını sarsıtmaqda və rusların türklərdən min kərə yaxşı və üstün olduqlarını iddia etməkdədir. Bu şəxsin hərəkətləri və türklük əleyhindəki iftiraları buradakı Azərbaycan mühacirətini fövqəladə mütəəssir etməkdədir və bunun qarşısının alınmasını Türkiyə Baş konsulluğundan rica etmək üçün Azərbaycan mühacirəti məni vəzifələndirmişdir.
Bu şəxs buraya gəldikdən sonra türk pasportunu gizlətmiş və bu surətlə alman rəsmi məqamlarını da aldadaraq mühacirlərə məxsus alman pasportunu da almışdır. Digər tərəfdən bu şəxs özü kimi bir-iki nəfəri də yanına alaraq uydurma bir komitə qurmuş və ruslarla əməkdaşlıq edərək baltalayıcı hərəkətlərinə davam etməkdədir. Bu arada bir də bir möhür hazırlatdıran bu şəxs haqsız olaraq 5 guşəli türk ulduzunu istifadə etməkdədir. (Bildiyiniz kimi milli Azərbaycan ulduzu 8 guşəlidir).
Neu Ulmdakı Azərbaycan icması bu şəxsin Türkiyəyə aparılaraq məhkəmə hüzuruna çıxarılmasını və Neu Ulmdakı Azərbaycan Milli Komitəsinə Sadıx haqqında nə kimi tədbirlər görülməsi gərəkdiyinin bildirilməsini hörmətlə rica edirik.
Neu Ulmda Sadıxın sağ qolu dərəcəsində olan bir də Çərkəz Həsənoğlu adında biri yaşamaqdadır. Bu da 1952-ci ildə Türkiyədən buraya gəlmişdir. İzmirdə bir türk qızı ilə evlənən Çərkəz İstanbulda işləmək bəhanəsi ilə yoldaşının üç bilərziyini alaraq satmış və bu pulla üç il əvvəl Almaniyaya gələrək Neu Ulma yerləşmişdir. Evli olduğu halda Çərkəz burada da rəsmən bir alman qızı ilə evlənmişdir. Çərkəz Həsənoğlunun yoldaşı Xeyriyyə xanım dəfələrlə bizə məktubla müraciət edərək ərinin İzmirə qayıtmasını təmin etməyimizi rica etmişdir. Xeyriyyə xanım bu xüsusda ayrıca Frankfurtdakı Türkiyə Baş konsulluğuna da müraciət etmişdir. Buna rəğmən Çərkəz Həsənoğlu indiyə qədər Türkiyəyə göndərilməmişdir. Çərkəz Həsənoğlu Neu Ulmda rusçu Sadıx Məhəmməd ilə birləşərək Türkiyə və türklər əleyhində cürbəcür iftiralar atmışdır. Çərkəz Həsənoğlu 1951-ci ildə türk təbəəliyinə qəbul edilmiş və buraya türk pasportu ilə gəlmişdir. Fəqət burada eynilə Sadıx kimi türk pasportu və şəxsiyyət vəsiqəsini gizlədərək və alman rəsmi məqamlarını aldadaraq mühacirlərə məxsus alman pasportu almışdır. Çərkəz Həsənoğlu burada yaşayan rus və digər qeyri-türk mühacirlərə “mən türk deyiləm, Türkiyədə ac qaldım, əsasən türklər küçələrdə ac və səfil dolaşır və ölürlər, ruslar türklərdən min qat daha yaxşıdırlar, buna görə də yoldaşımı orada buraxaraq buraya qaçdım, yoldaşım nə edirsə etsin, istərsə konsulxanaya və digər rəsmi türk məqamlarına yüzlərlə məktub yazsın, məni buradan kimsə bir yerə göndərə bilməz” və sairə kimi uydurma şeylər danışmaqda və bu surətlə bütün azəri icmasını mütəəssir etməkdədir. Buna görə də Neu Ulmdakı Azərbaycan Milli Komitəsi Baş konsulluğa müraciət etməyə qərar vermişdir. Biz Çərkəz Həsənoğlunun Türkiyəyə göndərilərək məhkəməyə verilməsini və türklük əleyhində etdiyi təbliğata görə cəzalandırılmasını və Çərkəz haqqında həyata keçiriləcək tədbirlər haqqında Azərbaycan Milli Komitəsinə rəsmən məlumat verilməsini rica və istirham edirik.
Dərin hörmətlə,
Azərbaycan Milli Komitəsinin sədri Ələsgər Əsgərzadə”.
Qeyd edək ki, komitə sədrinin Ermənistanda doğulan Məhəmməd Sadıxın azərbaycanlı olmadığını iddia etməsi dövrün yanlış təsəvvürlərindən və ya şəxsə qarşı olan münasibətdən qaynaqlanmaqdadır. Məsələn, mühacirətdə Boraltan faciəsi haqqında mətbuatda mübahisə edən mühacirlərdən biri Borçalıdan olan digər mühacirin azərbaycanlı olmadığını iddia etmişdi. Həmin şəxs də eyni şəkildə ona qarşılıq vermişdi.
Ələsgər Əsgərzadənin bu ərizəsini diqqətə alan Türkiyənin Frankfurt Baş konsulluğu 2 dekabr 1955-ci ildə Bonndakı səfirliyə “Türk vətəndaşlığına qəbul edilən mültəcilər” başlıqlı hesabat təqdim edib. Detallı şəkildə hazırlanan bu hesabatda II Dünya müharibəsindən sonra Avropada SSRİ vətəndaşı olmuş şəxslərin qurduqları cəmiyyətlərdən, bloklaşmalardan bəhs edilib, Türkiyə-Almaniya arasında gəlib-gedənlər arasında casusların ola biləcəyi bildirilib. Misal olaraq azərbaycanlı Əbdürrəhman Fətəlibəylinin sui-qəsd nəticəsində öldürülməsi göstərilib. Hesabatda səfirliyin siyahısında olan şəxslərin kimlikləri açıqlanıb. Azərbaycanlılar bu şəkildə təqdim edilib:
“Tofiq Rza – Rusiyaya qayıdıb.
Əmirxan Çelik
Gülmirzə Bağır
Qulam (soyadı məchuldur, Azadlıq radiosunun Azərbaycan şöbəsində çalışır, Amerikaya getmək istədiyi söylənilir)
Ənvər Xəzər
Rüstəm Anaplı
Əli Kösəzeynal
Sadıx Məhəmməd (Rus casusu olduğu iddia edilir)
Çərkəz Həsənoğlu (Türk vətəndaşı olduğu məlumumuzdur. Türkiyədə evlənib. Yoldaşını tərk edərək Almaniyaya gəlmişdir).
Əlvan Məhəmmədzadə (Həqiqi adının Həmid olduğu söylənilir)
Ələsgər Ələsgərzadə”.
Şübhəsiz ki, Azərbaycan İrtibat Heyətinin sədri Əbdürrəhman Fətəlibəylinin öz silahdaşı və soydaşı tərəfindən qətlə yetirilməsi rusların başqa şəxsləri də casusluq fəaliyyətinə cəlb edə biləcəyi ehtimalını yaradıb. Ona görə də Məhəmməd Sadıx və Çərkəz Həsənoğlu adlı iki azərbaycanlının da eyni şəkildə şəxsi mənfəətlər baxımından ruslarla əməkdaşlıq edə biləcəkləri mümkündür. Amma təbii ki, bu ehtimalları qüvvətləndirəcək başqa mənbələrə də ehtiyac vardır. Bu ittihamlar mühacirətdaxili qruplaşmalar nəticəsində də ortaya atılmış ola bilərdi.
Məhəmməd Sadıxov kimdir?
Mühacirətdə Sadıx Məhəmməd kimi təqdim edilən bu şəxsin arxivlərdə müsahibəsi olan Məhəmməd Sadıxov adlı biri ilə eyni adam olması mümkündür. Tiflisdə İrakli Yakobaşvilinin redaktorluğu ilə hazırlanan “Gürcüstan Demokratik Respublikasının tarixinə dair sənədlər toplusu (1918-1952)” adlı kitabda Məhəmməd Sadıxovdan alınan bir müsahibə mövcuddur.
Həmin müsahibədə M. Sadıxov özü haqqında maraqlı məlumatlar açıqlayıb: “1892-ci il yanvarın 15-də İrəvan şəhərində anadan olmuşam. Soyum xan nəslindəndir. 1899-cu ildən 1908-ci ilə qədər İrəvan şəhərində şəhər məktəbində təhsil almışam. 1908-ci ildən 1913-cü ilə qədər Tiflis şəhərində kadet korpusunda oxumuşam. 1913-cü ildən 1915-ci ilə qədər Tiflis şəhərində hərbi məktəbdə təhsil almışam. Məktəbi kornet rütbəsində bitirmişəm. Bundan sonra Avstriya cəbhəsindəki fəaliyyətdə olan 3-cü süvari korpusuna daxil olmuşam. 1914-cü ildən etibarən Rusiyada mövcud olan siyasi və iqtisadi vəziyyətlə çox maraqlanırdım və fəal iştirak edirdim. Fevral inqilabı haqqında Rumıniya cəbhəsində eşitdik. Mən və həmyerlilərim bu hadisəyə görə çox kədərləndik. Mən, dostlarım, tanışlarım Müvəqqəti Hökumətə çox düşmən münasibət bəsləyir, onları "İngilis oyuncağı", "Rusiyanın düşməni", "İngilis pulları ilə Rusiyada qanuni çarı devirənlər" adlandırırdıq”.
Dövrün hadisələrini (Kerenski hökuməti və s.) detallı izah edən, çar orduları generalı Kornilovun Petroqrada məşhur yürüşündə iştirak edən Sadıxov “Siz Oktyabr inqilabını harada və nə vaxt yaşadınız?” sualına belə cavab verib: “Oktyabr inqilabını Azərbaycanda eşitdik. Azərbaycana gələndə orada anarxiya hökm sürürdü. Mən Yelizavetpol'da idim, indiki adı Gəncədir. O zaman komandir Şirin bəy Kəsəmənli idi. Mən onun müavini idim...”
Müsahibəsində Bakının azad edilməsi hadisəsi ilə bağlı qarışıq məlumatlar verən Sadıxov 26 Bakı komissarının öldürülməsindən bəhs edib. O, Müsavat hökuməti haqqında sərt ifadələr işlədib, Qarxunlu Əşrəfin və Qoçu Nəcəfqulunun xalqı soyduğu haqqında iddialar səsləndirib. Həmçinin Baş nazir Nəsib bəy Yusifbəylinin də Qarxunlu Əşrəf tərəfindən öldürüldüyünü qeyd edib. Cümhuriyyət dövrü ilə bağlı açıqlamaları onu göstərir ki, M. Sadıxov bu dövrdə düşmən cəbhədə fəaliyyət göstərib.
M. Sadıxov müsahibəsində sonrakı hadisələrdən də bəhs etdikdən sonra 1941-ci ildən sonra Avropaya gəldiyini bildirib. Ehtimal ki, keçmiş hərbçi olduğu üçün II Dünya müharibəsinə göndərilən Sadıxov müharibədə əsir düşüb, daha sonra Almaniyada yaşayıb. Müsahibədəki fikirlərini nəzərə alsaq, Neu Ulmdakı Azərbaycan Milli Komitəsinin şikayət etdiyi Sadıx Məhəmmədlə Məhəmməd Sadıxov eyni adamdır.
Məlumat bülleteni
Ehtimal ki, Neu Ulm şəhərindəki Azərbaycan Milli Emiqrasiya Komitəsi daha sonra Federal Almaniyadakı Azərbaycan Mültəci Cəmiyyəti kimi adlandırılıb. Mərhum diplomat, tarixçi Ramiz Abutalıbovun AR Ədəbiyyat və İncəsənət Arxivindəki fondunda qorunan məlumat bülletenində bu şəkildə təqdim olunub. 1964-cü ilin noyabrında çıxan bülletenin ilk sayında Əbdürrəhman Fətəlibəylinin xatirəsi yad edilib, silahdaşı İsmayıl Əkbərin onun haqqında oxuduğu məruzənin mətni dərc olunub. Bülletendə Səməd Vurğun “Azərbaycan” şeirinin üç bəndi verilib, Fətəlibəylinin “Zülm və yaltaqlıq” ehramı adlı məqaləsi təqdim edilib. Eləcə də bülletendə Xəlil Rzanın “Ana dili”, Zeynəl Xəlilin “İstəmirəm”, Rəsul Rzanın “Damcılar”, Mirvarid Dilbazinin “Bakının bəzəyi” və digər şeirlər də dərc olunub. Jurnalın sonunda verilən xəbərdən bəlli olur ki, bülleten cəmiyyətin 4 oktyabr 1964-cü ildə keçirilmiş qurultayında seçilmiş yeni idarə heyətinin təşəbbüsü ilə çap olunub...
Beləliklə, II Dünya müharibəsindən sonra Qərbi Almaniyada fəaliyyət göstərmiş Azərbaycan Milli Komitəsinin fəaliyyəti tariximizin maraqlı məqamlarından biridir.