28 Aprel 2023 13:05
1 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda 1990-cı il təvəllüdlü Adəm həyat yoldaşı Günaya xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 3-də Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində baş verib.

Adəmlə Günayın arasında ailə-məişət zəminində mübahisə yaranıb. Mübahisə zamanı o, Günayın üz və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Adəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adəm bildirib ki, 2019-cu ildə Günayla ailə qurub və bu nikahdan iki azyaşlı övladları var: “Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlar müxtəlif səbəblərdən mütəmadi mübahisələr edirik. Fevralın 3-də təxminən saat 17 radələrində evə gəldim. Kreditlə götürdüyüm kombinin pulunu ödəmək üçün Günaydan evdə olan puldan 100 manat istədim. Günay etiraz elədi, pul vermədi. Aramızda mübahisə yarandı. Günayın baş və bədəninin müxtəlif nahiyələrinə əlimlə zərbələr vurduqdan sonra evdən getdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan Günayın hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verdiyini öyrənib. Qeyd edib ki, hazırda zərərçəkmiş şəxslə barışıq əldə edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Günayın sözlərinə görə, bu yaxınlarda yeni övladları dünyaya gəlib: “Buna görə də dövlət tərəfindən mənə 300 manat pul ödəndi. Həmin pulun 100 manatını uşağın ehtiyacları üçün xərcləsəm də, 200 manatı qaldı. Fevralın 3-də təxminən saat 17 radələrində Adəm evə gələrək borcu olduğunu dedi, həmin pulu məndən istədi. Ona pul vermədim. Aramızda mübahisə yarandı. Adəm bədənimin müxtəlif nahiyələrindən yumruq və təpiklə zərbələr vurdu. Nalayiq ifadələr işlədərək evdən getdi”.

Bu cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Adəm 1000 manat miqdarında cərimə edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər