Bakının Nizami rayonunda 1993-cü il təvəllüdlü Pərviz şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qeyri-rəsmi ər-arvad münasibətində olduğu Kəmaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 22-də baş verib.
Pərviz qeyri-rəsmi ər-arvad münasibətində olduğu Kəmalənin ondan ayrılmasını bahanə edərək, küçədə insanların gur olduğu yerdə onu təhqir edib.
Pərviz yumruqla bir neçə dəfə Kəmalənin bədəninin müxtəlif nahiyələrinə vurub.
İstintaq orqanı tərəfindən Pərvizin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Kəmalə ilə təxminən 7 ay müddətində sevgili münasibətində olublar: “Fevralın 19-da telefonda mübahisəmiz oldu. Buna görə Kəmalə məndən ayrıldı. Fevralın 22-də, saat 18 radələrində onunla telefon əlaqəsi saxladım, görüşərək söhbət etmək istədiyimi bildirdim. Kəmalə də söhbət üçün görüş təklifimi qəbul etdi”.
Təqsirləndirilən şəxs bildirib ki, həmin gün saat 20 radələrində təyin etdikləri ünvanda Kəmalə ilə görüşüblər: “Ona barışmaq istədiyimi bildirdim. Lakin o, həyatında başqa şəxsin olduğunu bildirdi. Buna görə Kəmaləni söyüb təhqir etdim. Aramızda mübahisə baş verdi. Mübahisə təxminən 2-3 dəqiqə davam etdi. Yumruqla üç dəfə Kəmalənin sağ və sol qolundan, sağ süd vəzisindən vurdum. Hadisənin şahidi küçədən keçən tanımadığım şəxslər oldu. Həmin şəxslər bizə tamaşa edirdilər, müdaxilə etmədilər”.
Nizami rayon Məhkəməsinin hökmü ilə Pərviz 1000 manat miqdarında cərimə olunub.