15 Dekabr 2017 09:40
15 922
12 Punto 14 Punto 16 Punto 18 Punto

…təsadüfi deyil ki, bu gün Ermənistanda Makedoniyalı İsgəndərin, Spartakın, Leonardo da Vinçinin, Ömər Xəyyamın, rus çarları Vladimir Monomaxın, Yuri Dolqorukinin, Aleksandr Suvorovun, Mişel Leqrannın, Andre Aqqasinin, şahmatçı Harri Kasparovun, ezoterik Georqi Gürciyevin, şahzadə Diananın, Stiv Cobsun, Bulat Okudcavanın, Sergey Dovlatovun, Eva Rivasın, Fransis Veberin, Tereza ananın, türkiyəli Cem Qaracanın (atası Azərbaycan türkü olsa da) və yüzlərlə başqalarının “erməniliyi” məhz analarının erməni olması ilə izah edilir. Lakin əgər bu prinsip yuxarıda göstərildiyi kimi, yəhudi xalqının üzləşdiyi faciələr və məhrumiyyətlərlə bağlı olmuşdursa, ermənilər bu taleyi yaşamamışlar. Sadəcə olaraq, xristianlıqdan öncə yəhudi-hay əlaqələri nəticəsində mənimsənilən həmin prinsip hazırda erməni etnik kimliyinin, etnogenezinin müəyyən qaranlıq məqamlarını gizlətmək üçün istifadə edilməkdədir. Yeri gəlmişkən, qondarma “Dağlıq Qarabağ Respublikası” rejiminin təsis etdiyi “Anaların minnətdarlığı” medalı ilə əslində ataları digər xalqların nümayəndələri, anaları isə etnik erməni olanlar təltif edilir. Bu mükafatı alanlar arasında Ermənistanın sabiq müdafiə naziri, anası erməni olan Seyran Ohanyan da var…

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

«Aqos» qəzetinin materiallarında, Türkiyədə və Ermənistanda kriptoermənilərə dair keçirilmiş tədbirlərdə, bir qayda olaraq, erməni kimliyi əsas etibarilə aşağıdakı tezis üzrə müəyyən edilir: «Mən erməniyəm, çünki ana nənəm (nənəmin anası) erməni idi». Ermənistan mütəxəssisləri Türkiyədə, Suriyada, İraqda, İordaniyada və s. yaşayan və «islamlaşdırılmış ermənilər» kimi təqdim edilən çoxsaylı qrupların etnik identikliyində də erməni qızlarının «islamlaşdırılıb türklərə və kürdlərə zorla ərə verilməsi» mifini əsas götürür və onların etnik mənsubiyyətini ana xətti ilə müəyyənləşdirirlər. Beləliklə, onlar erməni xalqının damarlarında regionda yaşayan bütün xalqların qan payı olduğunu bildirir və bunu erməni qadınının tarixi missiyası – «tarix boyu millətin mövcudluğunu qoruyan erməni analarının» misilsiz xidmətləri kimi təqdim edirlər. Qondarma «Qərbi Ermənistan hökuməti»nin Şərqi Anadoluda apardığı qeyri-rəsmi (gizli) rəy sorğusu nəticəsində özünü «erməni» kimi identifikasiya edənlərin və xristian-erməni kimliyinə qayıtmaq istəyənlərin böyük hissəsinin əsas bəhanəsi də ata və babalarının deyil, məhz ana nənələrinin etnik erməni olmasıdır. Yeri gəlmişkən, erməni genetikləri məhz erməni analarının sayəsində bir çox millətlərin genlərində erməni materialı oluğunu iddia edirlər. Məsələn, ləzgilərdə – 13,8%, gürcülərdə – 12,4%; toskaniyalılarda (İtaliya) – 10,7%; türklərdə – 9,9%; iranlılarda (etnik tərkib göstərilmir) – 7,5%; kiprlilərdə (Yunan Kipri) – 7,3%; druzlarda – 6,6%; adıqlarda – 5,9%; suriyalılarda – 4,5%; iordaniyalılarda – 4,2%; siciliyalılarda – 4,2%; Səudiyyə Ərəbistanı əhalisində – 4,0%; xan xalqında (Şimali Çin) – 3,9%; özbəklərdə – 3,4%; Misir ərəblərində – 3,4%; makrani xalqında (Pakistan) – 2,9%; Tunis ərəblərində – 2,6%; fələstinlilərdə – 1,7%; uyğurlarda – 0,9%; ispanlarda – 0,8%; Papua Yeni Qvineya əhalisində – 0,6%; kambocalılarda – 0,5% və s.

Onu da bildirirlər ki, guya Türkiyə əhalisinin genetik tərkibinin 10%-i əsasən yunanların, ermənilərin və iranlıların genetik materiallarından ibarətdir. Onların genlərində monqolların payı cəmi 3,7%-ə çatır. Bu isə onu göstərir ki, «Qərbi Ermənistanda ermənilərin genetik kökləri daha qədimdir və türklər assimilyasiya edilmiş ermənilərdir». Həmin iddiaya əsasən, erməni geninin tarixi vətəni Türkiyə, Azərbaycan, Gürcüstanın cənub hissəsi və İranın şimal-qərb əraziləridir. Bundan başqa, «İranın şimal-qərb hissəsinin, Azərbaycan Respublikası sakinlərinin genetik materialı fars və türklədən fərqlidir. Onlar da islamlaşdırılmış və türkləşmiş ermənilərdir».

Növbəti orijinal «kəşfin» müəllifi isə Ermənistan genetiki Piter Xriştakyan olmuşdur. 2009-cu ildə onun rəhbərliyi altında həyata keçirilmiş «Erməni DNT-si» layihəsi əslində etnik natamamlıq kompleksinin təzahüründən, maniakal «seçilmiş xalq» iddiası təlqin edilmiş bədbəxt xalqın «Biz kimin törəməsiyik?» əbədi sualına cavab axtarışlarından başqa bir şey deyildi. Elmdən uzaq olan, sırf siyasi-ideoloji xarakter daşıyan həmin «tədqiqatlar» zamanı dörd il ərzində Ermənistanın müxtəlif guşələrində təqribən 800 etnik erməninin qan, ağız suyu nümunələri götürülmüş və P.Xriştakyanın «icad etdiyi» yeni «identifikasiya metodu» vasitəsilə cəmi iki dəqiqə ərzində (!) onların «həqiqi əcdadlarının kimliyi», nəhayət ki, müəyyən edilmişdir. P.Xriştakyanın gəldiyi qənaətə görə, ermənilər Şərqi Anadolunun, Qara dəniz bölgəsinin, Cənubi Qafqazın və İranın «yeganə ən qədim sakinləridir» və digər xalqlar sonralar bu ərazilərə köçmüşlər. Genetikin «tarixi Ermənistan torpaqları» adlandırdığı həmin ərazilərdə ermənilər ən azı 5 min il bundan əvvəl də yaşamışlar. Təbii ki, P.Xriştakyan bu sübutlarla kifayətlənməmiş, tədqiqatlarını dayandırmamış və nəticədə, bunları da etiraf etməli olmuşdur: «Ermənilər heç də əvvəllər iddia edildiyi kimi, bir əcdadın – qəhrəman Haykın törəmələri deyillər. Bu fikirlərin genetika elminə görə heç bir əsası yoxdur. Çünki ermənilər tarix boyu başqa xalqların təcavüzünə məruz qalmışlar. Lakin buna baxmayaraq, onların genində bu regionda yaşamış cəmi 13 tayfanın gen elementləri aşkar edilmişdir. Qəribədir ki, ermənilərin genində ərəb, fars və türk izləri müəyyən olunmamışdır». P.Xriştakyan eyni zamanda «Azərbaycan türklərinin də qədim erməni genetik kodunun daşıyıcıları» olması qənaətinə gəlmiş, «azərbaycanlıların və ermənilərin genetik imzalarının oxşarlığını» bəyan etmişdir.

Katalikos II Qareginin, arixiyepiskop Aram Ateşyanın çıxış və moizələrində, qondarma «Qərbi Ermənistan Respublikası»nın qərarlarında, Fethiye Çetin, Hrant Dink, Yervant Baret Manok, Taner Akçam, Qayane Çobanyan, Ali Korkmaz, Tamara Vartanyan, Karine Qriqoryan, Karen Xanlaryan, Anjela Teryan, Tessa Hofman, Lüsine Saakyan, Haykazun Alvrtsyan, Ruben Melkonyan, Saida Ohanyan kimi tarixçi, yazıçı və etnoqrafların məqalə və kitablarında da «erməni qadını» motivi əsas süjet xətti kimi götürülmüşdür: 1915-ci ildə on minlərlə yetim erməni uşağını türklər və kürdlər öz ailələrinə qəbul etmiş və müsəlmanlaşdırmış, minlərlə, (bəzən 300 mindən çox) erməni qız və gəlini türk və kürdlərə ərə verilmişdi». Hətta türkoloq Ruben Melkonyan daha dərinə gedərək guya «on minlərlə erməni qızının oğurlanıb türklərin qul bazarlarında satışa çıxarıldığını» da iddia etmişdir.

Ömrünün sonlarında İrəvan Dövlət Universitetinin nəzdindəki Ermənişünaslıq İnstitutunun «genosidşünaslıq» (?) şöbəsinə rəhbərlik etmiş akademik Qraçik Simonyan 1915-ci ildən sonra erməni qızlarının türklərə və kürdlərə ərə getməsini normal hadisə deyil, «erməni soyqırımının məntiqi davamı» (!) adlandırmışdır. O, «Ermənilərin Kilikiyada kütləvi qırğını» adlı kitabında izdivac və dindəyişməyə dair yeni və dramatik epizodlar uyduraraq, onları belə ümumiləşdirmişdir: «Erməni qırğınından sonra türklərin növbəti məqsədi erməni qadın və qızlarını islamlaşdırmaq olmuşdu. Bu siyasət erməni soyqırımından sonra da davam etmişdi. Hətta qırğından sonra dövlət məmurlarının erməni qızlarını, gəlinlərini, dul qadınları oğurlaması, onlarla ailə qurmaları və yaxud yaxın qohumlarına ərə vermələri barədə çoxsaylı hadisələr qeydə alınmışdır».

Sərsəm iddiaları ilə onlardan geri qalmayan digər tarixçi – Anjela Teryan isə təkcə Türkiyədə deyil, Azərbaycan ərazisində də «zor gücünə müsəlman olmuş» erməni qadınlarının çəkdikləri «seksual iztirabların» buradakı türklərin, hətta Dağıstan xalqlarının xarici görkəminə təsir etməsini dramatik çalarlarla təsvir edərkən tarixi hadisələri saxtalaşdırmaqdan çəkinmir: «1639-cu ildə Osmanlı dövləti və İran (Səfəvi xanədanı) arasında bağlanmış müqavilənin şərtlərinə görə, tarixi Ermənistan torpaqları (?) olan Sünik, Arsak, Girdman, Paytaxtaran… tamamilə İranın nəzarəti altına keçmişdir. Bu zaman Qafqazın dağ xalqları, xüsusilə ləzgilər bu ərazilərə fasiləsiz basqınlar etmiş, minlərlə ermənini, xüsusilə qadın və uşaqları əsir götürmüşdülər. Məhz bu səbəbdən bu gün Şimali Qafqaz xalqları, xüsusilə ləzgilər və avarlar arasında erməni simalı insanlara – armenoidlərə rast gəlmək olur». Əlbəttə, yuxarıda göstərilən sitatlardan sonra erməni tarixçilərinə cavabı bəri başdan məlum olan bir sual ünvanlamaq istərdik: Tutaq ki, bütün dedikləriniz həqiqətdir. Elə isə türklərin, kürdlərin, ərəblərin, avarların, ləzgilərin və başqalarının işi-gücü basqın edib minlərlə və yaxud yüzminlərlə erməni qız və gəlinini əsir götürüb «islamlaşdırmaq» və sonra onlarla ailə qurmaq idisə, görəsən, o zaman «qəhrəman Haykın bığıburma və qeyrətli varisləri» – erməni kişiləri harada gizlənmişdilər? Ermənistan tarixçilərinin materiallarında bu barədə məlumat yoxdur…

Dünyanın demək olar ki, bütün xalqlarında hətta qarışıq ailələrdə doğulan övladın etnik mənsubiyyəti, bir qayda olaraq, atanın xətti ilə müəyyən edilir. Genetiklər bunu dominant «Y» xromosomlarının uşağa atadan keçməsi, tarixçi və sosioloqlar isə patriarxat cəmiyyətdə kişinin ailədə üstün rolu ilə izah edirlər. Müasir dövrdə xalqların və mədəniyyətlərin inteqrasiyası, miqrasiya prosesləri nəticəsində dünyanın bir çox regionunda etnik əlamətlər ya silinmiş, ya da şərti olaraq qalmışdır. Bütövlükdə etnik kimliyin müəyyən edilməsinin aşağıdakı qaydaları vardır:

• atanın etnik mənsubiyyətinə görə;

• ananın etnik kimliyi əsasında (yəhudilərdə);

• fərdin içərisində yaşadığı xalqın etnik identikliyi əsasında;

• antropometrik göstəricilər üzrə (psixologiya, dil, din, tarix, mədəniyyət və s.);

• fərd hədd-buluğa çatdıqdan sonra özünün seçimi ilə.

Yəhudi xalqında obyektiv səbəblər üzündən etnik kimlik prinsipi tamamilə fərqlidir. Həzrət Musanın (Moşe) Sina (Sinay) dağındakı son moizəsindən sonra yəhudilərin etnik və dini identikliyi (yehudim və yehudit) arasında sərhəd götürülmüşdür: Belə ki, əgər iudaistsənsə, deməli, yəhudisən! Məhz bu səbəbdən başqa dini qəbul etmiş yəhudi təkcə dini kimlikdən deyil, etnik mənsubiyyətdən də çıxarılır. İudaizmin təməl qanunlarına əsasən, yəhudi kişi qeyri-yəhudi (həm dini, həm də etnik mənsubiyyətinə görə) qadınlarla evlənməməlidir. Yenə də həmin qanunlar yəhudi qadınına çoxmərhələli giyur (yəhudi olma) ayinini keçməyən və bu barədə müvafiq sənəd almayan qeyri-yəhudilərlə ailə qurmağı yasaq edir. Bununla belə, iudaizm doqmaları bu izdivacı «qanuni nikah» hesab etməsə də, məhz ana xəttinə görə dünyaya gələn uşaqlar həm etnik, həm də dini baxımdan «yəhudi» hesab olunurlar.

İudaizmin mühafizəkar cərəyanının nümayəndəsi ravvin Nahum Braverman yəhudiliyin qorunmasını təkcə etnik problem kimi dəyərləndirmir, eyni zamanda onun güclü mənəvi tərəflərini belə izah edir: «Biz Rəbb və İbrahim arasında bağlanan, Tövratın Sina dağında göndərilməsi ilə son möhürü vurulan müqavilə (brit) ilə təsdiqlənmiş unikal vicdan və mənəviyyat konsepsiyasının davamçılarıyıq». Çox maraqlıdır ki, «İsa Məsihin ilk ardıcılları olan» erməni-qriqorian məzhəbində də bu prinsip müşahidə edilməkdədir.

Tövrata görə, ilkin dövrlərdə qədim yəhudilərdə də etnik mənsubiyyət digər xalqlarda olduğu kimi ata xətti ilə müəyyən edilirdi. Məsələn, «İbrahimdən İshaq doğuldu, İshaqdan Yəqub doğuldu, Yəqubdan Yəhuda və onun qardaşları doğuldu…» və s. Sonralar bu prinsip İncildə öz əksini tapsa da, xristianlığın bəzi doqmaları ilə uyğunsuzluqlar yaratmışdı: Əgər İncilə əsasən, İsa Məsih həqiqətən də «Allahın oğludursa», həvari müjdələrində onun şəcərəsinin gah «rəsmi atası» olan Yusif, gah da ana xətti, yəni Hz. Məryəm vasitəsilə İbrahim və Davud peyğəmbərlərə bağlanması hansı məntiqə sığır?

Yəhudi ilahiyyatçıları və alimləri tam səmimiyyətlə etiraf edirlər ki, hərbi təcavüzlərdən doğan obyektiv səbəblər üzündən sonralar qədim qaydalar – ata xəttinin dominantlığı tədricən dəyişdirilmiş, övladın etnik mənsubiyyətinin təyin olunmasında ananın etnik mənsubiyyəti əsas götürülmüşdür. Bu prinsip isə qarışıq ailələrdə indi də müəyyən çətinliklər yaratmaqdadır. Məsələn, atası Azərbaycan türkü, anası isə yəhudi olan övlad ümumişlək ənənələrə əsasən, Azərbaycanda «Azərbaycan türkü», iudaizmin normalarına görə isə «yəhudi» sayılmaqdadır.

Ravvin Aşer Kuşner yəhudi xalqının etnik-dini identikliyinin ana xətti ilə götürülməsinin səbəblərindən birini uşağın dünyaya gəlməsində və təlim-tərbiyəsində qadının müstəsna rolu ilə izah edir: «Məhz buna görə biz istəsək də, istəməsək də, yalnız yəhudi qadınından doğulan uşaq «yəhudi» sayılır. Əgər bu qanun olmasaydı və min illər boyu qorunmasaydı, yəhudi xalqı bu günə gəlib çıxmazdı». Professor Mixael Korinaldi və onun kimi düşünənlər isə bu ənənənin yaranmasını qədim dövrün hərbi-siyasi prosesləri, Roma imperiyasının işğalçılıq yürüşləri ilə əlaqələndirirlər. Onların fikrincə, Yəhuda torpaqları (İudeya) Roma imperiyasının əsarətində olanda xalq kölə vəziyyətinə salınmış, azğın Roma əsgərləri isə yəhudi qadınlarına qarşı zorakılıq tətbiq etmişlər. Nəticədə, yəhudi qadınları Roma legionerlərindən dünyaya gətirdikləri körpələrə özlərinin, ailələrinin etnik kimliklərini verməli olmuşlar. Bu prinsip sonralar Tövrat qaydalarına da daxil edilmişdi. Belə ki, «Dvarim» kitabında əməlisaleh yəhudilərə belə tövsiyə olunur: «Onlarla (başqa dindən olanlarla) ailə qurma. Qızını onların oğluna vermə. Onlardan oğlun üçün qız alma» (7:3,4). Talmutun «Kiduşin» şərhlərində isə ana xəttinin müəyyənedici roluna dair açıq şəkildə bildirilir: «İsrail qadınından olan oğlun «sənin oğlun» adlanır. Bütpərəst qadının dünyaya gətirdiyi uşaq isə sənin oğlun deyil, bu, onun oğludur» (Hz. İbrahimin Həcərdən olan oğlu İsmayıla münasibət bu prinsipə əsaslanır).

Təhlillərə görə, ermənilərdə etnik kimliyin ana xətti ilə müəyyən edilməsinin səbəbləri xristianlıqla deyil, iudaizm ənənələrinin təsiri, hay xalqının etnogenezi və etnik mədəniyyətindəki yəhudi elementi ilə bağlıdır. Maraqlıdır ki, Movses Xorenatsinin salnaməsindən etibarən, erməni etnik tarixşünaslığının yəhudi tarixi və dini rəvayətləri üzərində qurulması, sami xalqlarına məxsus elementlərin erməni etnomədəniyyətinə daxil edilməsi ilə yanaşı «ana xətti» prinsipi də mənimsənilmişdir. Lakin Movses Xorenatsidən fərqli olaraq, onun müasir varisləri bu təsiri gizlətməyə və onu qondarma «erməni soyqırımı»nın nəticələri ilə əlaqələndirməyə çalışmaqdadırlar. Əlbəttə, həmin məsələ yəhudi kontekstindən çıxarılsa da, «təcavüzə məruz qalmış anaların öz etnik kimliklərini nikahdankənar doğulmuş övladlara aşılaması» formulu məhz «siyasi məqsədəuyğunluğuna» görə saxlanılmışdır. Qeyd edək ki, son illərdə Ermənistanda ksenofobiya təzahürlərinin xroniki xarakter alması, qarışıq ailələrin sayının çoxalması etnik kimlikdə ananın rolu məsələsinə də siyasi don geyindirmişdir. Bütövlükdə, erməni mənbələrinə görə, bu xalqda övladın etnik mənşəyinin müəyyənləşdirilməsində ana xəttinin əsas olaraq götürülməsini aşağıdakı səbəblər əsasında ümumiləşdirmək olar:

• tarixi-dini səbəb – qədim erməni tarixçiləri, o cümlədən Movses Xorenatsinin «Tarix» kitabına əsasən, erməni dövlətçiliyinin, etnik mədəniyyətinin, etnopsixologiyasının formalaşmasında yəhudilərin və iudaizm dini ehkamlarının güclü təsiri. Erməni xalqının keçmişinə dair salnamələrin əsas hissəsinin yəhudi tarixinin təqlidi olması. Bu əlaqələr sayəsində yəhudilərə xas olan ana xətti prinsipinin mənimsənilməsi;

• hərbi-siyasi bəhanə – əsrlər boyu ermənilərin başqa xalqların basqısı altında olması. Erməni qadınlarının yadellilər tərəfindən cinsi təcavüzə məruz qalması.

• etnoetik səbəb – «Övladın atasının kimliyi və etnik mənsubiyyətini anadan yaxşı bilən yoxdur»;

• sosioloji səbəb – övladın tərbiyəsi, ona etnik və dini kimliyin aşılanması ilə ananın daha çox məşğul olması;

• ənənəvi demoqrafik bəhanə – müharibələr və «erməni soyqırımı» nəticəsində minlərlə (müəllifin fantaziyasından asılı olaraq, on minlərlə və ya yüz minlərlə) erməni kişisinin öldürülməsi və əlil qalması. Erməni qadınlarının digər xalqlara aid kişilərlə könüllü əlaqələrindən doğulan uşaqların «erməni» kimi böyüdülməsi;

• müasir demoqrafik səbəb – erməni xalqının genofondunun və demoqrafik artımının acınacaqlı vəziyyəti. Etnos nümayəndələrinin sayı sürətlə azaldığı üçün erməni qadınlarının başqa xalqların kişi nümayəndələrinə ərə getməsinin təqdir olunması, bu nikahlardan doğulanların cəmiyyətdə «etnik erməni» kimi qəbul edilməsi.

Təsadüfi deyildir ki, bu gün Ermənistanda Makedoniyalı İsgəndərin, Spartakın, Leonardo da Vinçinin, Ömər Xəyyamın, rus çarları Vladimir Monomaxın, Yuri Dolqorukinin, Aleksandr Suvorovun, Mişel Leqrannın, Andre Aqqasinin, şahmatçı Harri Kasparovun, ezoterik Georqi Gürciyevin, şahzadə Diananın, Stiv Cobsun, Bulat Okudcavanın, Sergey Dovlatovun, Eva Rivasın, Fransis Veberin, Tereza ananın, türkiyəli Cem Qaracanın (atası Azərbaycan türkü olsa da) və yüzlərlə başqalarının «erməniliyi» məhz analarının erməni olması ilə izah edilir. Lakin əgər bu prinsip yuxarıda göstərildiyi kimi, yəhudi xalqının üzləşdiyi faciələr və məhrumiyyətlərlə bağlı olmuşdursa, ermənilər bu taleyi yaşamamışlar. Sadəcə olaraq, xristianlıqdan öncə yəhudi-hay əlaqələri nəticəsində mənimsənilən həmin prinsip hazırda erməni etnik kimliyinin, etnogenezinin müəyyən qaranlıq məqamlarını gizlətmək üçün istifadə edilməkdədir. Yeri gəlmişkən, qondarma «Dağlıq Qarabağ Respublikası» rejiminin təsis etdiyi «Anaların minnətdarlığı» medalı ilə əslində ataları digər xalqların nümayəndələri, anaları isə etnik erməni olanlar təltif edilir. Bu mükafatı alanlar arasında Ermənistanın sabiq müdafiə naziri, anası erməni olan Seyran Ohanyan da var…

(Ardı var)


Müəllif: Səxavət Həmid