Rejissor Elçin Musaoğlunun "Məryəm" filminin Daşkənd Beynəlxalq Film Festivalında premyerası gerçəkləşib.
Teleqraf.com xəbər verir ki, premyerada filmin yaradıcı heyətindən Elçin Musaoğlu, operator Orxan Abbasov, aktyor Ayşad Məmmədov təmsil edib.
Festivaldan fotoları Orxan Abbasov sosial şəbəkədə paylaşıb.
"Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Məryəm" tammetrajlı bədii filmində Məryəm obrazını Təhminə Rafaella, onun atasını isə Ayşad Məmmədov canlandırır. Filmdə eyni zamanda Ərtoğrul Kamal, Zaur Şəfiyev, Qəmər Məmmədova, Nürəddin Mehdixanlı oynayır.
Filmin prodüseri Fariz Əhmədov, təsvir üzrə rejissoru (operator) Orxan Abbasov, rəssamı isə Zaur Abdullayevdir.
Qeyd edək ki, ekran əsərinin süjet xətti Məryəm adlı qızın uzun illər sonra atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub. Atasını ucqar bölgədə yerləşən psixiatrik xəstəxanada tapan Məryəm yeni reallıqla üz-üzə qalır ki, bu zaman da ortaya "nə etməli?" sualı çıxır. Filmdəki hadisələr Məryəmin xəstəxananın baş həkimi ilə yaşadığı konfliktlər və qarşısına çıxan çətinliklər ətrafında cərəyan etməyə başlayır.