Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 ildə bir sıra mötəbər təşkilatlar tərəfindən münaqişə ilə bağlı bizim təklifi qəbul edilərək, önəmli qətnamələr qəbul edilib. Bu qətnamələrdə göstərilib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.
Bunu dövlət başçısı İlham Əliyev andiçmə mərasimində deyib.
Münaqişənin həlli ilə bağlı hüquqi bazanın mövcud olduğunu xatırladan dövlət başçısı qeyd edib ki, Azərbaycan son 15 ildə Ermənistanın işğalçı siyasətini ifşa edib, Azərbaycanın səyləri nəticəsində Ermənistan bır çox regional layihədən təcrid olunub: "BMT Təhlükəsizlik Şurasının qətnamələri bu münaqişənin həlli üçün əsas hüquqi bazadır və biz haqlı olduğumuzu dünyaya bir daha sübut edə bilmişik. Erməni lobbi təşkilatları Azərbaycana qarşı kampaniyalar aparsa da, bu, beynəlxalq qərarlara təsir edə bilmədi. Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma Dağlıq Qarabağı heç kim tanımır və tanımayacaq. Orda keçirilən referendumu qonşu ölkələr və beynəlxalq təşkilatlar pislədi. Biz dünya birliyinə onu da çatdırırıq ki, nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır. Bunu təsdiqləyən sübutlar var. Biz bir neçə deportasiyaya məruz qalmışıq və bunu dünyaya çatdırmalıyıq.
Hazırda apardığımız siyasəti davam etdirəcəyik və istəyimizə nail olacaq. Bu münaqişə yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan vermərik ki, ikinci qondarma erməni dövləti yaradılsın. Münaqişənin həlli ilə bağlı bizim prinsipal mövqeyimiz Azərbaycan xalqı tərəfindən də dəstəklənir. Gələcək illərdə gücümüz daha da artacaq".
İlham Əliyev qeyd edib ki, bir çox halda beynəlxalq hüquq normaları işləmir, kim güclüdürsə, o haqlı olur: "Bunu yaxşı bilirik. Artıq güc amili önəm qazanıb. Bu reallıqdır və biz reallıqla hesablaşmalıyıq. Bu, bir daha göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir".
İlham Əliyev bildirib ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır: "Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir".
Prezident bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi xalq tərəfindən dəstəklənir: "Biz bu siyasətdən dönməyəcəyik, bundan sonrakı illərdə də işğalçını bütün işlərdən, regional işlərdən təcrid edəcəyik, onları ifşa edəcəyik. Gələcək illərdə isə bizim gücümüz daha da artacaq. Çünki bu gün reallaşan böyük təşəbbüslər, layihələr bizim gücümüzü daha da artıracaqdır.
Eyni zamanda, biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq".