Sosial şəbəkələrdə ardıcıl təhdidlərlə üzləşən istənilən dövlət önləyici qanunlar qəbul etməlidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, sosial şəbəkələr bəzi hallarda terrora, milli ədavətə imkan yaradır, fundamental dəyərləri təhlükə altına atır: “Əksər dünya ölkələri sosial şəbəkələrdə edilən çağırışlardan əziyyət çəkir. Bunun qarşısını almaq üçün ardıcıl edilən çağırışlar bir nəticə vermədi. Çünki sosial şəbəkələrdə mövcud olan meyarlar istənilən zərərli informasiyanın bir anda yayılmasına yol açır. İnsanlar sosail şəbəkələrdəki informasiyaların asılılığına düşüblər. Bəzən heç bir mənbəyi olmayan informasiya az qala böyük fəsadlara yol açır.
Bu baxımdan, ABŞ prezidenti məlum sərəncamı verməklə prosesin nə dərəcədə ciddi hal aldığını göstərmiş oldu. İnternet məlumatları ilə bəzən bir ölkədə çaxnaşma, qarşıdurma, milli ayrı-seçkilik kimi ciddi fəsadlar yaratmaq mümkündür.
Fikrimcə, cəmiyyətləri sosail şəbəkələrin yanlış məlumatlarından qorunmağının zamanı çatıb. Artıq Avropanın aparıcı dövlətləri sosial şəbəkələrin ziyanlı xəbərlərindən qorunmaq üçün qabaqlayıcı tədbirlər görməyə başlayıb”.
Millət vəkilinin fikrincə, ABŞ və Almaniya kimi dövlətlər sosial şəbəkələrin onların milli maraqlarına mənfi təsirini minumuma endirmək üçün qanun qəbul ediblər:
“Sosial şəbəkələr tək dövlətləri, cəmiyyətləri təhlükə altında qoymur. Burada yayılan feyk məlumatlar mənəvi-əxlaqi dəyərlərə ziyan vurur, digər tərəfdən burada qeyri-qanuni ticarətin əhatəsi genişlənir. Bununla bəzi insanlar yalan informasiyalarla yüklənir, bəziləri isə maddi zərərlə də üzləşirlər”.