23 Noyabr 2021 19:56
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, II Qarabağ müharibəsindən sonra Azərbaycanın xarici siyasətində, diplomatik fəaliyyət istiqamətində hədəfləri nədən ibarətdir?

- Azərbaycanın xarici siyasətinin ən mühüm istiqamətlərindən biri diplomatik cəbhədir. Dövlətimiz döyüş meydanında öz qalibiyyətimizi bütün dünyaya sübut etdi. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət bu gün öz təsdiqini tapıb. Azərbaycan nümayəndə heyəti olaraq təzəcə ABŞ-dan qayıtmışıq. Orada çox mühüm görüşlər keçirildi. Eyni zamanda bu gün onlayn formatda Azərbaycan-İspaniya beynəlxalq komitələrinin birgə iclası olacaq. Bundan başqa sabah Azərbaycan nümayəndə heyəti olaraq İtaliyada mühüm görüşlər keçirəcəyik. Orada da mühüm görüşlərimiz baş tutucaq. Bütün bunlar Azərbaycanın fəal diplomatik hədəflərinin bir hissəsidir.

- Sizcə, bunu aktiv hücum diplomatiyası hesab etmək olarmı?

- Sözsüz ki, Azərbaycanın aktiv hücum diplomatiyası öz bəhrəsini verir. Azərbaycan tərəfi olaraq heç bir danışıqdan, əlaqələrdən çəkinmirik. Bunu sübut edən başlıca amillərdən biri də dekabrda Azərbaycan Prezidentinin Brüsseldə Ermənistan baş naziri ilə görüşə razılıq verməsidir. Çünki Azərbaycanın kimdənsə, nəsə gizlətməyinə ehtiyacı və nə də belə bir əsas var. Amma bunun əksinə Ermənistanın bir çox problemləri mövcuddur.

- Azərbaycanın sülh çağırışlarına beynəlxalq birliyin yanaşmaları nə dərəcədə inandırıcıdır?

- Azərbaycan II Qarabağ müharibəsində beynəlxalq müstəvidə tanınan ərazi bütövlüyünü təmin edib. Bundan sonra ölkəmizin sülhlə bağlı mövqeyi ortadadır. Azərbaycan bütün dünyaya nümayiş etdirir ki, o, sülhə hazırdır. Bu gün bütün dünya sülhdən danışır, çağırış edirsə, Azərbaycanın da təşəbbüsünə dəstək olmalıdır.

- Azərbaycan-Ermənistan arasında sülh üçün ilk şərt kimi qəbul edilən addımlar hansılardır?

- Ən başlıcası Azərbaycan tərəfinin, bütün dünyanın da tələb etdiyi delimitasiya və demarkasiyadır. Bundan sonra isə mümkün kommunikasiya xətlərinin açılması təmin edilməlidir. Amma yenə də görünən odur ki, Ermənistan bu vacib şərtləri qəbul etmək niyyətində deyil. Qarşı tərəf sülhdən danışaraq sülh müqaviləsi imzalamaq istəmir, delimitasiya və demarkasiyadan boyun qaçırır. Kommunikasiyaların açılmasını vacib olduğunu bəyan edən Ermənistan bu məsələdə də tərəddüdlər edir. Bunun da çox sadə bir cavabı var. Çünki Ermənistan Azərbaycanın yaratdığı reallıqları qəbul etmir. Amma bu ölkə yeni situasiya ilə barışmalı və öz gələcəyini buna uyğunlaşdırmalıdır. Onların bundan başqa seçimləri yoxdur. Əks variantları sözsüz hərbi təxribatlardır ki, bunun da cavabı onlar üçün sarsıdıcı oldu.

- Beynəlxalq birliyin erməni tərəfinin revanşizm duyğularına münasibəti necədir?

- Ermənilər bundan sonra hansısa revanşist hisslərdən bəhs etsə, beynəlxalq birlik bunu qəbul etməyəcək. Ona görə də, erməni tərəfinin bununla bağlı tutacağı mövqe onların öz gələcəyi naminə vacib şərt kimi qəbul olunmalıdır.

- Brüssel görüşündən gözləntilər nədən ibarətdir?

- Brüssel görüşü barədə praktik diplomatlar nəticənin nə olacağını daha yaxşı bilirlər. Amma bu görüşün məhz Brüsseldə açıq şəkildə keçirilməsi ona dələlət edir ki, Azərbaycanın xarici siyasəti dünyada qəbul olunmuş norma və prinsiplərə uyğundur. Məhz bu prinsiplərə riayət etmək üçün Ermənistan da masaya əyləşməlidir. Belə görüşlərin Brüsseldə, Moskvada, Vaşinqtonda, İstanbulda olması Azərbaycan üçün yaxşı variantdır. Burada başlıca amil qarşı tərəfin mütləq ki, masada müzakirələrə hazır olmasıdır. Çünki bunun alternativi yoxdur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər