5 Dekabr 2021 14:41
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda 1974-cü il təvəllüdlü Mərdan qardaşı arvadı Səbinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Mərdan Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində yerləşən “Qalaçanın arxası” adlanan əkin sahəsində qardaşının arvadı Səbinə ilə onun pay torpağında mal-qara otarmasına görə mübahisə edib.

Bu zaman Mərdan Səbinəni qamçı ilə döyib, ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Mərdanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mərdan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Qaradağ kəndinin ərazisində yerləşən “Qalaçanın arxası” adlanan yerdə onların 0,7 hektar əkin sahəsi var: “Həmin ərazidə özümün də kartof sahəm var. Kartof sahəsində işləyərkən Səbinə heyvanlarımın onların əkin sahəsinə girdiyini bildirdi, məni söydü. Mən də əsəbləşdim, Səbinəni əlimdəki qamçı ilə vurdum. Törətdiyim əməldən peşmanam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinənin sözlərinə görə, ərinin Gədəöbəy rayonu, Qaradağ kəndində 0,7 hektar əkin sahəsi var: “Həmin sahəni bir neçə il Mərdan əkib-beçərib. Lakin 2020-ci ildə özümüz həmin sahəni əkmişik. 2020-ci ilin sentyabr ayında səhəyə gələndə orada mal-qara olduğunu gördüm. Mal-qaranı Mərdana bizim sahəyə buraxmamasını bildirdim”.

Daha sonra zərərçəkmiş ifadəsində hadisə günü baş verən olaydan danışıb: “Sentyabrın 23-də eşitdim ki, Mərdan özünə məxsus heyvanları yenə də bizim sahədə otarır. Ora gələrək Mərdana iradımı bildirdim, heyvanları sahədən çıxardım. Bu zaman Mərdan məni arxadan əvvəlcə qamçı ilə, daha sonra bir neçə dəfə qamçının ağacı ilə kürəyimdən vurdu. Bununla əlaqədar polisə şikayət etdim”.

Zərərçəkmiş həmçinin ifadəsində deyib ki, təqsirləndirilən Mərdan ondan üzr istəyib, onlar barışıblar. Zərərçəkmiş təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini istəyib.

Bu cinayət işinə Gədəbəy rayon Məhkəməsində baxılıb.

Hakim zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını nəzərə alıb.

Bu səbəbdən Mərdanın barəsində olan cinayət təqibinə xitam verilib.


Müəllif: Hacı Zeynalov