26 Yanvar 2023 18:38
2 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Zülfiyyə Qurbanova “Əqrəb mövsümü” serialındakı rolu barədə olan tənqidlərə cavab verib.

Teleqraf.com-un xəbərinə görə, aktrisa bu barədə sosial şəbəkədə yazıb:

“Sonuncu oynadığım rol haqqında bir feminist xanım fikir bildirmişdi...Onun düzgün olmayan analizi haqqında olan fikrimi özünə də yaza bilərdim. Amma ona yox, burda yazmağı gərək bildim.

Sizin mənim roluma yanaşmanız və analiziniz başdan-sona səhvdir. Sizin təbirinizcə desək, seks işçisi adlandırdığınız qadınla ərinə (və ya keçmiş ərinə) xəyanət edən qadın arasında heç bir fərq yoxdur. Düşünürsünüz ki, eyni məzhəbə xidmət edirlər. Hətta fikir bildirirsiniz ki, belə rol oynadığım üçün məni belə səpkili rola çağırırlar. Bu səpkili deyəndə nəyi nəzərdə tutursunuz? Onda siz mənim düşmən tərəfindən zorlanan qadın roluma da baxsanız eyni səpkili rol deyəcəksiniz? Zorlanıb və əri onu zorlanmış halda qəbul edir deyə..."

Aktrisa qeyd edib ki, ən böyük tənqidçisi özüdür: "Mən bir peşəkar olaraq hansı rolu, hansı filmi, hansı serialı qəbul edib-etməyəcəyim barədə icazəni nə sizdən, nə də bir başqasından alan xarakterik xüsusiyyətə malik biri deyiləm. Əmin olun, mən yaradıcılığımı və özümü hər kəsin məni düşündüyündən artıq düşünüb, analiz edib, tənqid edib, sevib, irəlilədirəm.

Hər bir rolun həyat hekayəsi, xarakterik xüsusiyyəti, rolun özülünü qoyacaq, işini dolduracaq lazimi şeyləri olur.

Mən qəlibə salınmış, sadəcə adı dəyişdirilərək eyni xarakterik xüsusiyyəti daşıyan, eyni həyat tərzi yaşayan rolları oynamış olsaydım özümə aktrisa kimi heç bir əziyyət verməzdim. Adı dəyişdirilmiş bir-birinin təkrarı olan standart rollar oynayardım. Mən jestimi, gözümün içindəki ifadəni belə rollarda təkrar etmirəm”.


Müəllif: Nərmin