1 Mart 2023 17:23
1 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gündən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında cərrahın əməliyyatda xəstənin qarnında bintin unudulması barədə xəbərlər yayılır.

Şəhər prokurorluğuna həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulması barədə müraciət olunub.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkimi, mama-ginekoloqu Leyla Cəfərova Teleqraf.com-a barəsində yayılan xəbərlərə aydınlıq gətirib.

O, 2012-ci ildən adıçəkilən xəstəxananın doğum şöbəsində həkim işlədiyini bildirib: “Aysel Qurbanova 2021-ci ilin sentyabr ayında təkrar doğuş məqsədilə mənə müraciət etmişdi. Bu, pasiyentin ikinci qeysəriyyə əməliyyatı idi. Sentyabr ayında əməliyyatı icra etdim. Özünün və dünyaya gətirdiyi uşağın sağlamlığında hər hansı problem olmadı. Üç günün sonunda tətbiq etdiyimiz USM və ultrasəs rentgen müayinələrinin müsbət yönlü cavablardan sonra Aysel xanımı övladı ilə bərabər evə buraxdıq.

Sonrakı həftələr və aylar ərzində xanımın problemlə üzləşdiyi barədə şöbəmizə və ünvanımıza hər hansı müraciət daxil olmadı.

Hər şey doğuşdan 8 ay sonra, yəni 2022-ci ilin aprel ayında Aysel Qurbanovanın sol yumurtalıq nahiyəsindəki kistanın cərrahi əməliyyatına qərar verdikdən sonra başlayıb. Aysel Qurbanova “Xəzər” Klinikasında Rauf doktor tərəfindən sol yumurtalığın kistası diaqnozu ilə əməliyyat olunub. Bu əməliyyatın səhəri günü o, qarın boşluğunun drenajı ilə evə buraxılıb. Qayınanasının mənə dediyinə görə, bir-iki gün sonra drenajdan nəcis suyu axmağa başlayıb. Qaynana təkrar əməliyyatı icra edən Rauf doktora müraciət edib.

Rauf doktor da bildirir ki, bunun səbəbi kista yox, qeysəriyyə əməliyyatında qarın boşluğunda unudulan tənzifdir. Halbuki əməliyyatın səhəri günü “hər şey yaxşıdır” deyib, xəstəni evə buraxıb”.

Leyla Cəfərova nə üçün xəstənin doğmaları tərəfindən ona müraciət olunmasından da danışıb: “Uğursuz əməliyyatın icraçısı Rauf doktor Aysel Qurbanovanın doğmalarını inandırıb ki, guya qeysəriyyə zamanı onun bətnində tənzif qalıb. Halbuki Rauf həkim barəmdə əsassız fikirlər formalaşdırıb.

Əvvəla deyim ki, əməliyyat öncəsi və sonrası tənziflərin hesabı aparılır və bu səbəbdən onun yaddan çıxması qeyri-mümkündür. Digər tərəfdən, doğum sonrası rentgen müayinələri də ananın bədənində hər hansı yad cisim aşkar etməyib. Üstəlik, mütəxəssislər yaxşı bilir ki, belə olsaydı qeysəriyyə əməliyyatından bir neçə gün sonra xəstədə ağırlaşmalar müşahidə olunardı, hətta müdaxilə olunmazsa, ölüm də qeydə alına bilərdi. Amma bunların heç biri baş verməyib.

Sadəcə Rauf həkimin uğursuz cərrahi əməliyyatı qadının bağırsaqlarını dəlik-dəlik edib. Hələ bu azmış kimi, cərrah günahını ört-basdır etmək üçün olmayan tənzif faktını dilə gətirib, guya xəstənin bətnində kista deyil, hansısa müayinə olunmamış, ekspertiza təsdiqini tapmayan tənzif aşkar olunub.

Tutaq ki, hər şey Rauf həkim iddia edən kimi olub. O zaman əməliyyat öncəsi və sonrası şübhələrini, müşahidələrini xəstənin qohumlarının diqqətinə niyə çatdırmayıb, yalnız uğursuz əməliyyatdan sonra deyir?

Deyək ki, lap əməliyyat etdin, bağırsaqda ciddi cırılmalar və fəsadlar sezdin. O zaman həkim cərrah kimi, həm də əməliyyat zamanı o bağırsaqların yaralı hissələrini kəsmək, calamaq, yəni həmin nahiyəyə çevik tibbi müdaxilə etməli idin. Bunu etmək əvəzinə, xəstəni qarnına bərkidilmiş drenajla əməliyyatın ertəsi evə buraxır. Bunun bir izahı varmı?”

Leyla Cəfərova deyir ki, səbəbsiz yerə günahlandırılmasına rəğmən, ailənin maddi imkansızlığını, çarəsizliyini nəzərə alaraq, uğursuz əməliyyatı icra edən Rauf həkimlə dərhal əlaqə saxlayıb:

“Həkimə xəstəni təcili qospitalizasiya etməsini, əks halda pasiyentin ev şəraitində üç gün içində ölə biləcəyini dedim. Bildirdi ki, çalışdığı klinikanın elə imkanları yoxdur. Dedim, yoxdursa, nə üçün gənc xanımı əməliyyat edib sağalmamış evə buraxırdınız? Nəhayət, o mənə inandı və professor tanışı ilə məsləhətləşdikdən sonra Aysel Qurbanovanı paytaxtdakı Mərkəzi Klinikaya yerləşdirdi.

Təbii ki, öncədən də söz verdiyim kimi, klinikada olmasa da, zəruri hesab edilən dərman preparatları da daxil digər xərcləri üzərimə götürdüm. 8-11 gün sonra Aysel Qurbanova bərpa olundu. Hətta o, öncədən cərrahı tərəfindən öyrədilməyinə rəğmən, mənə yazılı şəkildə razılığını ifadə etdi və hüquq-mühafizə orqanlarına şikayət etməyəcəyini vədini verdi. Təqsirsiz olduğum o gün də, bu gün də aşkardır. Sadəcə səbəbsiz yerə adımın hallanaraq peşəkar mövqeyimin zədələnəcəyindən ehtiyat edirəm”.

Leyla Cəfərovanın məlumatına görə, bu hadisə sonuncu olmayıb: “Bir müddət sonra gəlinin qaynanası yenidən halının pisləşməsi səbəbindən məni yığaraq kömək istədi. Bu dəfə də fəal köməklik edib xəstəni Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusuna çatdırdıq. Orada təcrübəli professor Ayseli əməliyyat edərək bağırsaqlarının bir hissəsini müvəqqəti olaraq daxili bədən divarlarına calayıb. Yaraları tam sağaldıqdan sonra isə hər bir orqanın əvvəlki rejimə bərpa olunacağı vəd olunub. Bir sözlə, son 3 ildə günahsız olduğum halda keçmiş pasiyentimi himayə etdim”.

Leyla Cəfərovanın dediyinə görə, Ayselin həyat yoldaşı həbsxanadan çıxana qədər münasibətlərdə hər şey normal olub: “Elə ki, Ayselin həyat yoldaşı cəzaçəkmə müəssisəsindən çıxdı, səbəbsiz yerə məni hədələməyə başladı. Bir dəfə o digər qohumları ilə gəlib xanımının durumunun ağırlaşdığını dedi. Gətirin cərrahiyyə şöbəmizə yerləşdirək deyəndə, o, razı olmadı və Bakıdakı sonuncu tibb mərkəzini israr etdi, üstəlik, xərclərini qarşılamağımı tələb etdi. Əks halda hüquq-mühafizə orqanlarına barəmdə şikayətlər göndərəcəyini dedi və etdi də.

Yaxşı ki, xanımın əri həbsxanadan çıxar-çıxmaz məsələni gündəmə çıxarıb şikayət etdi. Əks halda az qala 3 ildir ki, qarşılarında günahkar kimi davranır və 2021-ci ildən bəri hər şeyə dözüb, ar edib həmkarımdan şikayət etmək istəmirdim. İstəmirdim deyəm ki, ay millət, bu xəstənin bağırsaqlarını mən yox, uğurlu qeysəriyyə doğuşumuzdan 8 ay sonra paytaxtda başqa səbəbdən əməliyyat edən cərrah deşik-deşik edib. Mən olmasam Ayselin qohum-əqrəbası onu sağ görə bilməyəcəkdi, indiyədək o çoxdan ölmüşdü”.

Qeyd edək ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə Aysel Qurbanovanın ailəsinin müraciəti əsasında şəhər prokurorluğuna araşdırma aparılıb.

Araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilmiş cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.


Müəllif: Yeganə Oqtayqızı, Ehtiram Muradov