25 Yanvar 21:24
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi Azərbaycan və Gürcüstanın xarici ticarət dövriyyələrində yaranan fərqlərə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, Komitənin yaydığı məlumatda deyilir:

Sosial şəbəkələr üzərindən Azərbaycan və Gürcüstanın xarici ticarət dövriyyələrində yaranan fərqlərlə bağlı söylənilən mülahizələrdə Dövlət Gömrük Komitəsi aşağıdakı məlumatların nəzərə alınmasını ümumi mənzərənin daha düzgün təfsir olunmasına faydalı olacağını bildirir.

Azərbaycan Respublikasında xarici ticarətinin gömrük statistikası BMT-nin Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun olaraq aparılır.

Sözügedən metodologiyaya uyğun olaraq idxal olunan malların həcminin coğrafi bölgüsü - malın mənşə ölkəsi üzrə, ixrac olunan malların coğrafi bölgüsü - malın təyinat ölkəsi üzrə aparılır.

Başqa sözlə, Azərbaycanın Gürcüstandan idxal göstəriciləri həmin ölkə və digər ölkələrdən idxal olunmuş Gürcüstan mənşəli mallar əsasında, ixrac göstəriciləri isə Azərbaycandan yerli və digər ölkə mənşəli malların Gürcüstana ixracı əsasında formalaşır.

2023-cü il ərzində Dövlət Gömrük Komitəsinin məlumat bazasında Azərbaycana idxal olunmuş Gürcüstan mənşəli malların dəyəri 126 mln. ABŞ dolları təşkil etsə də, Gürcüstan Respublikasının www.geostat.ge veb-səhifəsində yayınladığı ilkin xarakterli məlumatlarda (preliminary data) Azərbaycana ixrac olunmuş malların dəyəri 862 mln. ABŞ dolları göstərilib.

Lakin mənşə ölkəsini nəzərə almadan ötən il ərzində Gürcüstandan idxal olunan (göndərən ölkə Gürcüstan) malların dəyəri 1 088 mln. ABŞ dolları təşkil edib, bu idxalın 962 mln. ABŞ dolları dəyərində olan malların mənşə ölkəsi Almaniya, Yaponiya, Türkiyə, ABŞ və digər ölkələr olduğuna görə rəsmi statistikada həmin ölkələrdən Azərbaycana idxal olunmuş malların dəyərinə əlavə edilib.

Eyni zamanda, ixrac və idxal qiymətləri arasında yaranan qiymət fərqləri (məsələn, nəqliyyat, sığorta və s.), ixrac və idxal üzrə hesabat ilinin fərqli olması (məsələn, bir ölkədən dekabr ayının sonlarına təsadüf edən ixracın növbəti ilin əvvəlində digər ölkədə idxal olunaraq qeydiyyata alınması) və bu kimi digər amillər də xarici ticarət dövriyyələri arasında fərqin yaranmasına səbəb olur.

Təcrübədə güzgülü statistikanın aparılması üçün (statistik məlumatların tutuşdurulması məqsədilə) qarşılıqlı razılaşma əsasında ölkələrin gömrük xidmətləri arasında işçi görüşlər keçirilir.

Azərbaycanın gömrük xidməti də öz növbəsində bu növ təcrübədən istifadə edir.

2023-cü il üzrə Azərbaycan Respublikası və Gürcüstan Respublikası arasında idxal-ixrac əməliyyatları haqqında məlumat


Müəllif: Teleqraf.com